Bəzən insanın ömrü yaşadığı illərlə deyil, arxasında qoyduğu izlərlə ölçülür. Elə şəxsiyyətlər var ki, onların düşüncələri və ideyaları yalnız yaşadıqları dövr üçün deyil, gələcək nəsillər üçün də öz aktuallığını qoruyur. Cəlil Məmmədquluzadə belə böyük şəxsiyyətlərdən biridir. O, Azərbaycan ədəbiyyatında yalnız yazıçı, dramaturq və publisist kimi deyil, cəmiyyətin ağrılarını dilə gətirən, xalqı düşünməyə və öz gerçəkliklərinə nəzər salmağa çağıran böyük ziyalı kimi tanınır.
Mirzə Cəlilin yaradıcılığına nəzər saldıqda aydın olur ki, onun qələminin əsas məqsədi sadəcə bədii əsərlər yaratmaq deyildi. O, yazını cəmiyyət qarşısında bir məsuliyyət hesab edirdi. Savadsızlıq, cəhalət, qadın hüquqsuzluğu, fanatizm və sosial ədalətsizlik kimi problemlər onun yaradıcılığının başlıca mövzularını təşkil edirdi. Bu baxımdan, “Cəlil Məmmədquluzadə – susan cəmiyyətin danışan qələmi” ifadəsi böyük sənətkarın yaradıcılıq yolunu və mənəvi mövqeyini dolğun şəkildə xarakterizə edir.
Cəlil Məmmədquluzadə 1869-cu ildə Naxçıvanda dünyaya göz açıb. Təhsil aldığı illərdən etibarən dünyagörüşünü formalaşdıran, sonralar müəllimlik fəaliyyəti ilə məşğul olan Mirzə Cəlil xalqın maariflənməsinin nə qədər vacib olduğunu yaxından görürdü. Zaman keçdikcə jurnalistika və ədəbiyyat onun həyatının əsas istiqamətlərinə çevrildi. Onun üçün ən mühüm məsələlərdən biri xalqın öz gerçəkliklərini dərk etməsi, cəmiyyətdəki problemləri görməsi və dəyişikliklərə can atması idi.
Mirzə Cəlilin jurnalistika fəaliyyətində mühüm mərhələlərdən biri 1904-cü ildə “Şərqi-rus” qəzetində çalışması oldu. Qəzetin redaktoru Məhəmmədağa Şahtaxtinskinin Peterburqa getməsindən sonra Cəlil Məmmədquluzadə 1904-cü ilin noyabrından 1905-ci ilin yanvarınadək nəşrin redaktorluğunu həyata keçirdi. Bu fəaliyyət onun peşəkar jurnalist və redaktor kimi formalaşmasında mühüm rol oynadı.
Lakin Mirzə Cəlilin qarşısında daha böyük bir yol açılırdı. Bu yol 1906-cı il aprelin 7-də “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması ilə yeni mərhələyə qədəm qoydu. Həmin gün Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə Tiflisdə jurnalın ilk nömrəsi işıq üzü gördü. “Molla Nəsrəddin” Azərbaycanın ilk illüstrasiyalı satirik jurnalı kimi mətbuat tariximizdə özünəməxsus yer tutdu.
“Molla Nəsrəddin” adi bir jurnal deyildi. O, dövrün ictimai problemlərini gündəmə gətirən, xalqı düşündürən və cəmiyyətdə baş verən proseslərə münasibət bildirən böyük bir tribunaya çevrilmişdi. Jurnalın səhifələrində savadsızlıq, fanatizm, qadın hüquqsuzluğu, sosial bərabərsizlik və digər nöqsanlar kəskin satira ilə tənqid olunurdu.
Mirzə Cəlil ciddi problemlərdən bəzən gülüş vasitəsilə danışırdı. Ancaq bu gülüşün məqsədi insanları əyləndirmək deyildi. Oxucu gülərkən, əslində, öz cəmiyyətinin mənzərəsi ilə qarşılaşır, düşünməyə və nəticə çıxarmağa məcbur olurdu. “Molla Nəsrəddin” satirasının gücü də məhz bundan qaynaqlanırdı. Mirzə Cəlil gülüşün arxasında dərin həqiqətləri gizlədərək insanları özünüdərkə çağırırdı.
Onun yaşadığı dövrdə cəmiyyətin bir sıra problemləri açıq şəkildə müzakirə olunmur, insanlar bəzən gördükləri haqsızlıqlar qarşısında susmağa üstünlük verirdilər. Savadsızlıq və gerilik isə çox vaxt adi həyatın bir hissəsi kimi qəbul edilirdi. Mirzə Cəlil bu susqunluğu pozdu. O, xalqın içindəki problemləri qələmə aldı, insanların görmək istəmədiyi həqiqətləri onların diqqətinə çatdırdı. Əsərlərində yaratdığı obrazlar vasitəsilə ayrı-ayrı insanların deyil, bütöv bir cəmiyyətin mənzərəsini canlandırdı.
“Poçt qutusu”, “Usta Zeynal”, “Qurbanəli bəy”, “Quzu”, “Danabaş kəndinin əhvalatları” kimi əsərləri yazıçının yaradıcılığında xüsusi yer tutur. Bu əsərlərdə müxtəlif insan xarakterləri, sosial münasibətlər və dövrün ictimai problemləri ustalıqla təsvir edilir. Mirzə Cəlilin qələmə aldığı hadisələr yalnız yaşadığı dövrün reallıqlarını əks etdirmir, həm də insan davranışlarını və cəmiyyətin düşüncə tərzini dərindən təhlil edir.
Məsələn, “Poçt qutusu” hekayəsində Novruzəli obrazı vasitəsilə savadsızlığın və məhdud dünyagörüşünün insan həyatında yaratdığı çətinliklər göstərilir. Yazıçı oxucuya sadəcə savadsızlığın zərərli olduğunu anlatmır, bu problemin insan taleyində doğurduğu nəticələri bədii şəkildə nümayiş etdirir.
Cəlil Məmmədquluzadənin yaradıcılığında qadın hüquqları və qadının cəmiyyətdəki mövqeyi də mühüm yer tutur. Yaşadığı dövrdə qadınların təhsil alması, hüquqlarının qorunması və ictimai həyatda iştirak etməsi ciddi problemlərdən biri idi. Mirzə Cəlil bu məsələlərə biganə qalmır, “Molla Nəsrəddin”in səhifələrində qadın hüquqsuzluğunu və cəmiyyətdə qadına münasibəti satira vasitəsilə tənqid edirdi. Onun bu mövqeyinin arxasında cəmiyyətin dəyişməsi, insanların daha savadlı və azad düşüncəli olması arzusu dayanırdı. O, insanları alçaltmaq üçün deyil, onları oyatmaq və düşündürmək üçün yazırdı.
Mirzə Cəlilin Azərbaycan ədəbiyyatı və mətbuatı qarşısındakı ən böyük xidmətlərindən biri də ətrafında güclü ədəbi-mətbu məktəb yaratması idi. “Molla Nəsrəddin” jurnalı bir çox istedadlı yazıçı, şair və publisisti öz ətrafında birləşdirdi. Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Əliqulu Qəmküsar, Əli Nəzmi və başqa sənətkarların yaradıcılığı bu məktəblə sıx bağlı idi.
Beləliklə, Cəlil Məmmədquluzadə yalnız özü danışan bir qələm olmadı, eyni zamanda başqa qələmlərin də cəmiyyətə səsini çatdırmasına şərait yaratdı. Onun yaratdığı məktəb satiranı, publisistikanı və ədəbiyyatı ictimai problemlərin müzakirə vasitəsinə çevirdi.
“Molla Nəsrəddin” jurnalının fəaliyyəti yalnız Tiflis şəhəri ilə məhdudlaşmadı. Jurnal Tiflisdə 370, Təbrizdə 8, Bakıda isə 398 nömrə ilə nəşr olundu. Birinci Dünya müharibəsinin yaratdığı mürəkkəb şərait səbəbindən 1914-cü ildə onun nəşri müvəqqəti dayandırılsa da, 1917-ci ildə yenidən bərpa edildi.
Cəlil Məmmədquluzadənin yaradıcılıq yolu heç də asan olmayıb. Onun qələmə aldığı fikirlər və satirik yazılar hər zaman birmənalı qarşılanmırdı. Çünki satira çox vaxt insanın ən həssas nöqtəsinə – öz nöqsanlarına toxunur. “Molla Nəsrəddin”in yazıları və karikaturaları cəmiyyətdə müxtəlif reaksiyalar doğururdu. Buna baxmayaraq, Mirzə Cəlil öz mövqeyindən geri çəkilmir, xalqın maariflənməsi və düşüncə səviyyəsinin yüksəlməsi uğrunda mübarizəsini davam etdirirdi.
1920-ci ildə Təbrizə köçən Cəlil Məmmədquluzadə burada da “Molla Nəsrəddin” jurnalının nəşrini davam etdirdi və 1921-ci ildə onun səkkiz nömrəsini çap etdirdi. Həmin ilin iyununda Bakıya qayıtdıqdan sonra jurnalın yenidən nəşri ilə bağlı məsələlər müzakirə olundu. Bu fakt bir daha göstərir ki, “Molla Nəsrəddin” Mirzə Cəlil üçün sadəcə bir nəşr deyil, onun düşüncələrinin, yaradıcılıq amalının və xalq qarşısındakı məsuliyyətinin ifadəsi idi.
Bu gün Cəlil Məmmədquluzadənin əsərlərini oxuyarkən onların yalnız tarixi əhəmiyyət daşımadığını görürük. Yazıçının qaldırdığı bir sıra məsələlər bu gün də düşündürücüdür. Savadsızlıq, cəmiyyətə laqeyd münasibət, ədalətsizlik və insanların bir-birinin fikrinə hörmətlə yanaşmaması kimi problemlər müxtəlif formalarda hər dövrdə özünü göstərə bilir. Məhz buna görə də Mirzə Cəlilin əsərləri yalnız keçmişdən bəhs etmir, həm də bu günümüzə ünvanlanan suallarla zəngindir.
Onun yaradıcılığını oxuyan insan yalnız keçmişin insanlarına gülmür, bəzən özünü də həmin güzgüdə görür. “Molla Nəsrəddin”in ən böyük gücü də bunda idi. Jurnal cəmiyyətə güzgü tutur, insanları öz davranışları və düşüncələri ilə üz-üzə qoyurdu.
Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının və milli mətbuatının ən görkəmli simalarından biridir. Yazıçı, dramaturq, jurnalist və publisist kimi çoxşaxəli fəaliyyətinin əsas qayəsini xalqın maariflənməsi, milli düşüncənin inkişafı və cəmiyyətin problemlərinin üzə çıxarılması təşkil edirdi. Onun qələmi bəzən güldürür, bəzən düşündürür, bəzən isə narahat edirdi. Ancaq heç vaxt laqeyd qoymurdu.
Böyük sənətkar 1932-ci il yanvarın 4-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub. Onun vəfatından uzun illər keçsə də, adı, yaradıcılığı və ideyaları Azərbaycan ədəbi və mədəni yaddaşında yaşayır.
Mirzə Cəlilin böyüklüyü ondadır ki, o, öz dövründə susanların yerinə danışmağı bacardı. Onun qələmi kağız üzərində yazılan sözlərdən daha böyük məna daşıyırdı. Bu qələm xalqın ağrılarını dilə gətirir, cəmiyyətin nöqsanlarını göstərir, insanları düşünməyə və dəyişməyə çağırırdı.
Bəzən bir insanın səsi öz ömründən daha uzun yaşayır. Cəlil Məmmədquluzadənin səsi də belə səslərdəndir. O, yalnız keçmişin böyük yazıçısı deyil, hər yeni nəslə düşünməyi, sorğulamağı və həqiqəti söyləməyi xatırladan ziyalıdır.
Cəlil Məmmədquluzadə – susan cəmiyyətin danışan qələmi.
Nəsrin Qurbanlı
Cəlil Məmmədquluzadənin Ev Muzeyinin kiçik elmi işçisi
