NUHÇIXAN xəbər verir ki, Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vanlalvavna Bavintlunq Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Səfər çərçivəsində qonaq həmçinin “Naxçıvan” Universiteti ilə də tanış olub. Universitetin rektoru, professor İsmayıl Əliyev qonağa universitetin yaranması, fəaliyyəti, mütəxəssis hazırlığı üçün yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, “Naxçıvan” Universiteti 1999-cu ildən ali təhsil müəssisəsi kimi fəaliyyətə başlayıb. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır. Universitetdə 4 fakültə, 10 kafedra, 6 şöbə fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində 7 binadan və yardımçı qurğulardan ibarət müasir universitet şəhərciyi salınıb. Təhsil ocağı dünyanın 50-dən artıq universiteti ilə əməkdaşlıq edir.
Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vanlalvavna Bavintlunq Hindistan universitetləri ilə “Naxçıvan” Universiteti arasında təhsil sahəsindəki əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayıb.
Qonaqlar universitet şəhərciyi ilə də tanış olublar.
Seyfur Hacımuradov