Naxçıvan qadınları istər sahibkarlıq, istərsə də digər sahələrdə fəaldırlar. Mən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığımı bildirirəm ki, muxtar respublikada qadınların fəaliyyəti üçün hərtərəfli şərait yaradıb və onlar bu şəraitdən istifadə edərək uğurlar qazanırlar.
NUHÇIXAN xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Qədim Naxçıvan torpağına gəlməkdən və burada “Naxçıvan qadınlarının sahibkarlıq fəaliyyəti: əzmkarlıqdan nailiyyətə” mövzusunda keçirilən mühüm bir tədbirdə iştirak etməkdən məmnun olduğunu bildirən Hicran Hüseynova qeyd edib ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda cəmi bir faiz qadın sahibkar var idisə, bu gün respublika üzrə sahibkarlıqda təmsil olunan qadınlar artıq 35 faiz təşkil edir. Onların 25 faizi isə məhz Naxçıvanın payına düşür. Bu fakt da naxçıvanlı qadınların sahibkarlığın inkişafında mühüm rol oynadığını bir daha göstərir.
“Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə sahibkarlıq prioritet istiqamətlərdən biri kimi inkişaf etdirilir. Dövlətimizin başçısı dəfələrlə sahibkarlığın hərtərəfli şəkildə dəstəklənməli olduğunu vurğulayıb. Bunun üçün hər cür şərait var. Biz istədik ki, əhalinin yarısını təşkil edən qadınlarımız da sahibkarlıqla məşğul olsunlar və bu, artıq reallaşıb”, - deyən Hicran Hüseynova qeyd edib ki, hər yeni müəssisə, təsərrüfat sahəsi yeni iş yeri deməkdir. Hər bir qadın sahibkar da çalışır ki, yaratdığı müəssisədə bir neçə nəfəri işə cəlb etməklə öz təsərrüfatını inkişaf etdirsin. Bununla bir tərəfdən qadın iqtisadi cəhətdən müstəqil olur, digər tərəfdən ailələrin maddi təminatı yaxşılaşır, məişət problemləri, zorakılıq halları azalır, digər tərəfdən yeni iş yerləri yaranır. Biz bu inkişafı artıq görürük. Bu mənada, 2019-cu ilin Naxçıvan Muxtar Respublikasında “Ailə təsərrüfatları ili” elan olunması yalnız ailələr üçün deyil, həm də qadınlar üçün yeni imkanlar açıb. Stimullaşdırıcı rol oynayan “Naxçıvan qadınlarının sahibkarlıq fəaliyyəti: əzmkarlıqdan nailiyyətə” tədbirinin keçirilməsi də bu baxımdan çox vacibdir.