Taktiki-xüsusi təlim keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Naxçıvan Tibb Kolleci, Mülki Müdafiə Alayı və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb olunmaqla “Təbii fəlakət rayonlarında, radioaktiv, kimyəvi və bioloji zədələnmə ocaqlarında xilasedicilərin və sanitar heyətlərin birgə fəaliyyətinin təşkili” mövzusunda taktiki xüsusi təlim keçirib.
İki mərhələdə baş tutan təlimin birinci mərhələsində fövqəladə halların müxtəlif şəraitlərində Tibb Kollecinin idarəetmə orqanlarının və mülki müdafiə qüvvələrinin fəaliyyətə hazırlığı və intellektual səviyyəsi yoxlanılıb. “Radiasiya təhlükəsi” siqnalı üzrə Kollecin tələbələrinin gözlənilən fəaliyyəti məşq etdirilib.
İkinci mərhələdə isə sanitar heyətlərin və hərbi feldşer komandasının əməli vərdişlərinin möhkəmləndirilməsi və digər tapşırıqlar Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının təlim mərkəzində davam etdirilib.
Təlimin keçirilmə planına uyğun olaraq təxliyə komandaları arasında yarış təşkil edilərək tüstülü zonadan zərərçəkmişlərin xərək vasitəsilə təxliyə olunması da təmin edilib.
Qeyd edək ki, təlimə ümumilikdə 255 nəfər şəxsi heyət, 2 xilasedici it, 2 ədəd avtobus, 3 ədəd təcili tibbi yardım avtomobili, 1 ədəd yanğınsöndürmə, 1 ədəd qəza-xilasetmə avtomobili və 1 ədəd motosiklet cəlb olunub, digər lazımi avadanlıq və cihazlarla təmin edilib.