Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim briqadası Ordubad şəhərindəki Məhəmməd Füzuli adına internat tam orta məktəbdə şagirdləri kompleks tibbi müayinədən keçirib. Müayinələr zamanı xəstəlikləri aşkar olunanlara müalicə və eynəklər yazılıb, həkim məsləhəti verilib. Əlavə tibbi müayinələrə ehtiyac olan on iki uşaq müalicə məqsədi ilə Diaqnostika-Müalicə Mərkəzinə dəvət ediliblər.
Humanitar aksiya çərçivəsində məktəbin bufetinə şirniyyat məhsulları, tibb məntəqəsinə isə ilkin tibbi yardım üçün ləvazimat, dərman və sarğı materialları verilib. Valideynlərindən birini və ya hər ikisini itirmiş şagirdlərə idman geyim dəstləri və gündəlik istehlak məhsulları təqdim olunub. Həkim, müəllim və şagirdlər üçün çay süfrəsi açılıb.
Hüseyn Əsgərov