Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə “1iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Mədəniyyət nazirlikləri və Komitənin təşkilatçılığı ilə Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil naziri Rəhman Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Səhiyyə Nazirinin müavini Samrat Gəncəyeva uşaqları bayram münasibətilə təbrik edib, onlara can sağlığı, firavan həyat və uğurlar arzulayıblar. Qeyd olunub ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsilinin, reabilitasiyasının səmərəli təşkili diqqət mərkəzində saxlanılır.
Mərkəzin baş həkimi Rəsmiyyə Xasıyeva göstərilən qayğıya görə dövlətimizə öz minnətdarlığını bildirib. Sonra 18 nəfər sağlamlıq imkanları məhdud uşağa bayram münasibətilə hədiyyələr verilib. Tədbirin bədii hissəsində Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında bir-birindən maraqlı səhnəciklər nümayiş olunub.