Kiçik dünya, böyük xəyallar - FOTOLAR
-Bənövşə,
-Bəndə düşə.
-Bizdən sizə kim düşə?
-Adı gözəl, özü gözəl...
Uşaqlığımın ən sevimli oyunundan bir parça idi bu dialoq. Yalnız mənimmi? Zənnimcə yox. Hələ bir də qarşı tərəfin "bizdən sizə kim düşə?" sualına cavab olaraq öz adımızı eşitdirdiksə, bax, onun da fərqli bir sevinci, həyəcanı olurdu.
Yaşıdlarımızla, dostlarımızla bəzən əl-ələ, bəzən də qarşı-qarşıya dayandıq. Bəzən oyuncağını aldıq, bəzən də öz oyuncağımızı paylaşdıq. Bəzən top arxasınca qaçacağıq deyə yıxılmağına məhəl qoymadıq, bəzən də əlindən tutub qaldırdıq. Bəzən çox danışmağımızla, yersiz suallarımızla cəzalandırdıq, bəzən də küsərək arxamızı dönüb getməklə. Uşaqlıq eqosuna yenilib oyundan uzaqlaşdırdıqlarımıza yenidən bir yerdə oynamaq üçün yalvardığımız hallar da az olmayıb. O illərlə bağlı "Bəzən"lərlə başlayan bu qəbildən o qədər cümlələr qurmaq olar ki...
Bir də "uşaq olasan" deyimi vardı. Bizi həmişə suyun üzünə çıxaran deyim. Etdiyimiz hər nə olursa olsun bu cümlə bizim artıq cəzalandırılmayacağımızın qarantisi idi.
Bax belə keçdi bizim uşaqlıq. Bütün bunlara başımız qarışarkən əvəzlədi günlər bir-birini. Zaman öz işini gördü, təqvim dəyişdi. Oyun oynamaq üçün fürsət tapıb qaçdığımız məktəb stadionunundan, məhəllələrimizdən əvvəlcə onun dörd bir tərəfinə yayılan qəhqəhələrimiz kəsildi, sonrasında isə ya sinif otağına qapanıb qaldıq, ya da küçə qapısından o tərəfə addımımızı atmaz olduq. Artıq dizlərimizdə də yara izləri yox idi. Qısaca, biz böyüdük.
Artıq nə etdiyimiz hər yanlışda "uşaqdı" deyilib cəzasız bağışlandıq, nə də özümüz uşaqlıqda olduğu kimi tez bağışladıq.
... İllər əvvəl Elza İbrahimova “Qurban verərdim” mahnısını bəstələdi. Akif İslamzadə o ecazkar səsiylə notbanot yaddaşımıza toxudu həmin mahnını. "Keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim",- dedik əksəriyyətimiz. Deməyə davam da edirik. Həyatda təcrübələr verdiyimiz yanlış qərarlardan sonra qazanılır. Kimisi yanlışa yol vermədən təcrübəyə sahib olmaq üçün arzuladı keçən günlərini qaytarmağı. Kimisi gənclik təravətini yenidən qazanmaq, kimisi isə həmin günlərə xas xüsusi anları təkrar yaşamaq üçün dilə gətirdi bunu. Bəzilərinin isə istəyi bir az fərqliydi: sadəcə o qayğısız illərə səyahət...
Kiçik şeylərdə xoşbəxtliyi tapmaq, bir təbəssümə tutunub ayağa qalxmaqdır uşaqlıq. Dizlərindəki yaralari bircə-bircə saymaqdır. Olan hər şeyi ağ kağıza yazırmış kimi yaddaşına toxumaq, bəzən də unutqanlıqdır uşaqlıq. Heç düşünmədən böyüməyə tələsmək, hiss ediləni rahatlıqla dilə tökə bilməkdir. Yalansızdır uşaqlar. Dürüstlükdür uşaqlıq. "Uşaqdan al xəbəri" deyimini hər zaman təsdiqləyəndir onlar.
"Uşaqlar olmasaydı insanlığı bu qədər sevə bilməzdik",- deyib Fyodor Dostoyevski. Gününüz mübarək. Yalnız bu gün- təqvimin sizə aid günü deyil, hər zaman sevilirsiniz.
Bu dünya sizindir. Bugünün sabahı olan sizlərin!
Fatma Babayeva