Qanadlar

A- A A+

Yaxin vaxtlarda işlədiyim bir uşaq romanında uşaqların öz qaraçuxalarıyla birgə doğulduğu deyilir...  Formadan formaya düşən,  bir canlıdan digər canlıya çevrilən qaraçuxalar. Onlar gah zərif kəpənək olurlar, gah vəhşi pişik, gah qağayı kimi dənizin üstündə qanadlanır, gah sincab kimi ağacda daldalanırlar...

Bəs uşaqlar?

Uşaqlar sadəcə böyüyürlər. Qaraçuxalar isə...  Qaraçuxalar isə onların arzuları,düşdükləri vəziyyətə - sevinc, kədər, küskünlük, fərəhə uyğun olaraq  gözlərinin qarşısında gah canlanır, gah qısılıb bir küncə çəkilib qaş-qabağını tökür...

Qaraçuxaları ancaq başqa qaraçuxalar görürlər. Bir də uşaqlar özləri... Böyüklər uşaqların qaraçuxalarını görmürlər...

Böyüklərin qaraçuxaları artıq dəyişmir. Bir yerdə, bir anda, bir məqamda, bəlkə də sirri tapılmayan doğuş sancısı kimi bir hiss qaraçuxanı əbədi halına salır... və...  o, əksər hallarda artıq uça bilmir...

Düşünməyə dəyər, elə deyilmi?..

***

...Bir dəfə avtobusda anasının qucağında gedən dörd - beş yaşlı bir qız uşağı balaca gəlinciyini oynada-oynada “Ağıllı kuklam”mahnısını oxumağa başladı. Sakitliyin içində qızın səsi qanad kimi havanı yarıb bir dalğa yaratdı. Gülümsədim, əvvəl qızcığazın gözlərinin içinə, sonra adamlara baxdım... Kimsə o səsə boylandı, kimsə halını dəyişmədi, bir kişi qaş-qabağını töküb üzünü yana çevirdi...

Anası ovcu ilə qızcığazın ağzını qapadı:

-Eyibdir...

Başımı yellədim, arxadan əlimi uzadıb ehtiyatla gənc ananın çiyninə toxundurdum, qanrılıb baxdı:

-Xahiş edirəm, mane olmayın...

***

Qoy onlar, bizim qanadlarımız sağ qalsınlar...

Əsas da bizlərin – doxsanıncı illərin uşaqlarının... Tez böyüyən, tez yaşlanan, bir çox oyunlarını,  bir çox arzularını, bir çox fürsətlərini o illərin qarmaqarışıqlığı içində, çörək növbələrində, işıqsızlıqda, cəbhə xəbərlərinin qorxusunda, səksəkəsində itirməyə məcbur olan  bizlərin o illərdə qoyub gəldiyimiz qanadlarımız...

Biz bəlkə də hələ də o qanadları axtarırıq. Bəlkə ömrümüz boyunca da axtaracağıq... Amma, biz həm də  onları indinin uşaqlarında görmək istəyirik...

Bizə elə gəlir, arxamızca gələn uşaqlıq, yeniyetməlik, gənclik bizim çətinliklərin dolanbaclarında düşüb qalan qanadları orda qoymayacaqlar, onları yerdən götürəcəklər, onları sağaldacaqlar, dirildəcəklər...

Bəlkə gətirib bizə çatdırmağa vaxt çatmayacaq – olsun...

Bəlkə biz çoxumuz artıq o qanadları görmək iqtidarında deyilik, bəlkə bizim qaraçuxalarımız çoxdan bir az yaşlanmış, özümüzdən böyük bir qocaya çevrilib...

Amma uşaqların qanadları sağdır...

Arzular qurur,  oyun oynayırlar...  Onların bizi fikirləşməyə vaxtları yoxdur, onlar daha ciddi işlə – Kəşf etməklə, daşları yerinə oturtmaqla, dünyanı yerbəyer etməklə  məşğuldurlar...

O qanadların sahibləri nəğmə oxumaq istəyirlər...

Biz isə, bəlkə də susacağımız yerdə əlimizi qaldırıb o nəğməni susdurmaq istəyirik...

***

Uşaqlar bizdən güclüdürlər. Öz arzuları ilə, öz düşüncələri ilə, öz inamları,öz təmizlikləri ilə... Uşaqların kiçicik ürəklərində hələ nə nifrət var, nə qəzəb. Uşaqlar ölüm arzulamağa qadir deyil, uşaqlar heç ölümün nə olduğunu da bilmirlər... Uşaqlar... hələ heç dünyanın elə deyil, belə olduğunu anlamağa ehtiyac da hiss etmirlər. Hər bir körpə qəlb öz havasında,  öz ruhunda,  tər-təmiz baxışlarında bir dünya gətirib doğularkən. Onu güzgü kimi uzun illər yaşanacaq həyatla üz-üzə qoyub...

Uşaqlar dünyayla üz-üzə dayanıblar... Əllərini dostcasına, qardaşcasına gələcəyə uzadıblar.

O əllərə toxunan əllər, o əllərdən tutan əllər, o əlləri qoruyan əllər, o əllərə qıyan əllər...  bizim – Dünyamızın gələcəyini  yazırlar...

***

Uşaqların ürəyinin içindəki dünyada hamıya, bütün gözəl şeylərə yer var...  Onların ürəyi münbit qara torpaqlar kimidir – çiçək toxumu düşsə bitirəcək, ağac qələmi sancılsa  göyərdəcək, suyunun qarşısını kəsməsək   yaşıllaşacaq, günəşinin qarşısını kəsməsək...  orda cənnət yaranacaq...

Uşaqlarımızın gözlərində gətirdikləri  ənginlikdə heç kimin qanadları heç kimin qanadlarına toxunmur... Uşaqların gözlərində gətirdikləri dünyada heç kim heç kimin nəğməsini susdurmur...

Onların yolunu bağlamasaq ayaqları yerdən üzüləcək...

Biz qanadları başa düşməliyik...

Xahiş edirəm, qanadları qoruyun...

Hədiyyə Şəfaqət

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: