Naxçıvanda keçirilən taktiki xüsusi təlimdə qarşıya qoyulan bütün vəzifələr uğurla yerinə yetirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan Tibb Kollecinin, Mülki Müdafiə Alayı və Xüsusi Riskli Xilasetmə Xidmətinin heyətləri cəlb olunmaqla, “Təbii fəlakət rayonlarında, radioaktiv, kimyəvi və bioloji zədələnmə ocaqlarında xilasedicilərin və sanitar heyətlərin birgə fəaliyyətinin təşkili” mövzusunda taktiki xüsusi təlimdə qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, təlimə, ümumilikdə, 255 nəfər şəxsi heyət, 2 xilasedici it, 2 avtobus, 3 təcili tibbi yardım avtomobili, 1 yanğınsöndürmə, 1 qəza-xilasetmə avtomobili, 1 motosiklet cəlb olunub.
Xilasetmə işlərinin aparılması və ilk tibbi yardımın göstərilməsi üçün 4 çadır qurulub, tibbi yardım çantalarından, pirotexnika, xilasetmə və alpinist avadanlıqları və cihazlarından, həmçinin Dekon duş kabinası, fərdi mühafizə vasitələri, radiasiya və kimya kəşfiyyat cihazlarından istifadə edilib.
Təlimdə əsas məqsəd fövqəladə halların müxtəlif şəraitlərində Tibb Kollecinin idarəetmə orqanlarının və mülki müdafiə qüvvələrinin fəaliyyət səviyyəsini yoxlamaq, kollecin komandaları arasında fövqəladə hallara hazırlıqla bağlı intellektual bilik yarışı keçirmək, kimyəvi zəhərlənmə ocağından xəsarət alanların təxliyə edilməsi üzrə sanitar heyətlərin təxliyə komandaları arasında yarış təşkil etməkdir. Bundan başqa, sanitar heyətlərin və hərbi feldşer komandasının əməli vərdişlərini möhkəmləndirmək, radioaktiv, kimyəvi və bioloji zədələnmə ocaqlarında, döyüş bölgəsində və təbii fəlakət rayonlarında xəsarət alanlara ilk tibbi yardımın göstərilməsi bacarığını təkmilləşdirmək də qarşıya qoyulan əsas məqsədlərdəndir.