Qədim diyarımızın müstəqillikdən əvvəlki simasını göz önünə gətirəndə qısa müddət ərzində belə böyük dəyişikliklərin baş verməsinə təəccüblənməyə bilmirsən. Heç kimə sirr deyil ki, bu gün muxtar respublikamızda hansı ünvana üz tuturuqsa, mütləq bir yeniliyin şahidi olur və qürur hissi keçiririk ki, qədim Naxçıvan gözəlliyə qovuşur, günü-gündən cavanlaşır.
Hazırda Xələc kəndində də yeni binalar tikilir. Kənddəki tam orta məktəb üçün üçmərtəbəli yeni təhsil ocağı inşa edilir. Binada təhsilin müasir tələblərə uyğun təşkili üçün hər cür şərait yaradılır.
Bir qədər aralıda, əvvəlki kənd məktəbinin yerində isə ikimərtəbəli kənd mərkəzi və həkim ambulatoriyası tikilir. Kənd mərkəzində fəaliyyət göstərəcək qurumların normal işləməsi üçün hərtərəfli şərait yaradılacaqdır. Tikintilərdə çalışan işçi qüvvəsinin bir hissəsini kənd camaatı təşkil edir, kənardan gələn fəhlələr üçün isə nəqliyyat vasitəsi ayrılıb.
Kəndimizdəki digər bir quruculuq ünvanı isə ticarət mərkəzi üçün inşa olunan binadır. Bu binada bir neçə mağaza, məişət xidməti sexləri yerləşəcək.
Kənddə eyni vaxtda 4 quruculuq ünvanının yaradılması, yolların əsaslı təmiri, digər kommunikasiyaların dəyişdirilməsi bu yaşayış məntəqəsinin sakinlərini ürəkdən sevindirir.
Siyafər Şabanov,
Xələc kənd sakini,
təqaüdçü müəllim
“Şərurun səsi” qəzeti