Təhlükəsizlik kəmərinin bağlanması insanın öz həyatını düşünməsi deməkdir. Yəni bu onun özünə faydalıdır. Belə ki, kəmər düzgün bağlanılarsa, bu həm qanunvericiliyin tələblərinə riayət edilməsi, həm yol mədəniyyətinin formalaşması, həm də baş verə biləcək qəza zamanı sürücü və sərnişinin həyatının qorunması deməkdir. Avtomobildə təhlükəsizlik kəməri kəskin dayanma zamanı və ya avtomobil zərbə alarkən insanın yerində qalmasını təmin edir. Təhlükəsizlik kəməri insanı eləcə də avtomobil salonunun hissələrinin zərbəsindən qoruyur və yaxud maşından çölə doğru atılmasının qarşısını alır. Bu kəmərin köməyi avtomobil aşağı və ya orta sürətlə hərəkət etdikdə, yaxud da toqquşma zamanı təhlükəsizlik yastıqları işləmədikdə daha çox olur. Qəza zamanı avtomobil çevrilərkən isə bu kəmərlər insanın vəziyyətini elə saxlayır ki, o avtomobilin daxili hissələrinin zərbələrindən qoruna bilir. Hətta arxa oturacaqda oturan və təhlükəsizlik kəmərindən istifadə etməyən sərnişinlər üçün də hər hansı bir zərbə təhlükəli xarakter daşıyır. Ortada oturan sərnişin isə zərbə nəticəsində hətta maşının qabaq şüşəsindən bayıra doğru da atıla bilər. Avtomobildə yarı uzanıq vəziyyətdə oturan insanlar isə daha böyük risk təhlükəsiylə üz- üzə qalır. Toqquşma zamanı onlar salonun döşəməsinə yıxılır, onurğa və başdan zərbələr alırlar. Hətta bu zaman kəmər boğaza keçə və insanı boğa bilər. Avtomobildə uşaqlara daha çox diqqət yetirmək lazımdır. Belə ki, xüsusi təhlükəli travmaları uşaq oturacağında oturmayan və kəmərlə bağlanmayan uşaqlar alır.
Bir sıra hallar var ki, orada təhlükəsizlik kəmərlərindən istifadə etmək məsləhət bilinmir. Xüsusən də buzlu keçidlərdə, eyni zamanda etibar etmədiyiniz ponton körpülərdən keçərkən də təhlükəsizlik kəmərlərindən istifadə etmək məsləhət görülmür. Bunun səbəbi ondadır ki, hər iki halda avtomobil suya aşdığı zaman kəmərlə bağlanan sərnişinə eşiyə çıxmaq çox çətin olur. Həmçinin sürücü avtomobili təhlükəsizlik kəməri taxılı vəziyyətdə geriyə verirsə, bu, həmin şəxsə çətinlik yaratdığından, ona kəmər bağlamamağa icazə verilir.
Sədi Əliyev
Ordubad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Qrupunun baş dövlət avtomobil müfəttişi,
polis polkovnik-leytenantı
“El həyatı” qəzeti