Günnüt zəfərindən 1 il ötür

A- A A+

Təxminən, bir il bundan öncə, bu günlərdə Milli Ordumuzun daha bir zəfər sədası bütün ölkəni öz ağuşuna aldı. 30 ilə yaxın bir müddətdə erməni işğalı altında qalan Şərur rayonunun Günnüt kəndi və yaxınlıqdakı çox mühüm strateji əhəmiyyətli yüksəkliklər – Qızılqaya və Qaraqaya ordumuz tərəfindən həyata keçirilən çox peşəkar əməliyyat nəticəsində düşmən işğalından azad olundu, üçrəngli bayrağımız bu qədim ata-baba yurdunda dalğalandı.

2018-ci il may ayında baş tutan bu zəfər tariximizə “Günnüt zəfəri”adı ilə həkk olundu. Milli ordumuz tərəfindən əldə edilmiş bu böyük uğur təkcə 11 min hektar ərazinin düşmən işğalından azad edilməsi kimi qiymətləndirilmir, həm də ordumuzun böyük üstünlüklər əldə etməsi ilə nəticələndi. Günnüt zəfəri ilə ordumuzun əldə etdiyi strateji yüksəkliklər çox mühüm əhəmiyyət daşıyır. Əlahiddə Ümumqoşun Ordunun həyata keçirdiyi bu əməliyyat nəticəsində əldə edilən həmin yüksəkliklər, hərbi mütəxəssislərə görə, gələcəkdə nəinki Naxçıvan istiqamətində, hətta Qarabağın işğaldan azad edilməsi istiqamətində də mümkün genişmiqyaslı hərbi əməliyyatların gedişatını təyin edə bilər. Belə ki, hazırda işğaldan azad edilən ərazilərlə birlikdə ordumuz düşmənin çoxsaylı obyektlərinə nəzarət edə bilir, ən önəmlisi isə Qızılqaya yüksəkliyinin ələ keçirilməsi ilə İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yolu tam nəzarət altına alınıb. Bəli, bu düşməni ən çox narahat edən və işğalçını təşvişə salan məqamların başında gəlir. Çünki düşmən yaxşı anlayır ki, gələcəkdə baş tuta biləcək qarşıdurma zamanı bu istiqamətdən gələ biləcək bütün canlı qüvvə, hərbi texnika və silah-sursatlar Azərbaycan ordusunun gücü ilə qarşı-qarşıya qalacaq. Bu isə düşmənin mümkün məğlubiyyətini daha da sürətləndirən amillərin başında gəlir.

Günnüt zəfərinin həm də psixoloji tərəfləri var. Müharibə şəraitində qələbəyə aparan ən başlıca amillərdən biri olan psixoloji üstünlük, ruh yüksəkliyi tamamilə ordumuz tərəfinə keçib. Yəni düşmən həmçinin psixoloji tərəfdən də böyük məğlubiyyətə uğradılıb. Psixoloji məğlubiyyət isə orduda ruh düşkünlüyünün əsas səbəbidir.

Bəli, Günnüt zəfəri düşmən üzərində qazanılmış çox strateji və olduqca mühüm qələbə kimi tariximizə yazıldı. Bu zəfər həm də bir daha onu göstərdi ki, ölkəmizdə, xüsusilə də muxtar respublikada milli ordu quruculuğu çox yüksək səviyyədə həyata keçirilir. İstər ən müasir hərbi texnika sarıdan, istərsə də şəxsi heyətin döyüş hazırlığı baxımından ordumuzun düşmən ordusundan çox-çox irəlidə olduğu bir daha əyani şəkildə öz təsdiqini tapdı. Bütün bunlar isə ordumuza imkan verir ki, düşmənə qarşı bütün ön xətti tam nəzarət altında saxlasın, eyni zamanda cəbhə xəttində bütün gedişata nəzarət etsin.

Günnüt zəfəri ilə ordumuz, bu Vətənin qəhrəman və igid oğulları düşməni vəlvələyə saldı. Düşmən işğal etdiyi ata-baba torpaqlarımızda müvəqqəti yaşadığını, tezliklə bu yurd yerlərini əsl sahiblərinə qaytarmalı olacağını bir daha əyani şəkildə gördü. İndi isə bizə digər işğal altındakı torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasını gözləmək düşür. Bu gün isə uzaqda deyil, əksinə çox yaxındır, zəfər addımlarının səsini duymaq mümkündür. Aprel döyüşlərindəki qələbə, Günnütdə düşmən ordusunun darmadağın edilməsi, zəfər addımlarının ilk sədalarıdır.

Yaşasın Azərbaycan Ordusu!

Anar Qasımov

“Yeni həyat” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: