Su hövzələrində balıq yetişdirmək əlverişlidir

A- A A+

Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının həyata keçirilməsində ən böyük ehtiyat mənbələrindən biri də balıqçılıqdır. Muxtar respublikada su ehtiyatları balıqçılığın hərtərəfli inkişafı və qiymətli balıq növlərinin yetişdirilməsi üçün əlverişli şərait yaradır. Bu sahəni inkişaf etdirməklə qısa müddətdə balıq əti kimi qiymətli yeyinti məhsullarının miqdarını sürətlə artırmaq və əhalinin həmin məhsullara olan tələbatını ödəmək olar. Odur ki, balıqçılıqla məşğul olan sahibkarlar balıq əti istehsalının artırılması ilə yanaşı, balıqçılıq təsərrüfalarının genişləndirilməsi və yeni balıq növlərinin yetişdirilməsi üzrə də işlər aparırlar.

Muxtar respublikada göl balıqçılığında ən çox ağ amur və qalın alın növləri yetişdirilir. Onların olduqca faydalı xüsusiyyətləri ondan ibarətdir ki, bu balıqlar yalnız bitkilərlə qidalanır və çox sürətlə böyüyürlər. Odur ki, bitki örtüyünün zəngin olduğu su hövzələrinə belə balıqların buraxılması bir tərəfdən hövzəni bitki örtüyündən təmizləməyə, digər tərəfdən isə yüksək  məhsulu götürməyə imkan verir.

Balıqları bioloji xüsusiyyətlərinə görə iki qrupa bölürlər. Birincisi isti sevən balıqlardır. Buraya çəki, ağ amur, qalın alın, lil balığı və s. aiddir. Bu balıqlar suda istilik 18-25 dərəcə olduqda özlərini yaxşı hiss edirlər, yaxşı qidalanır, böyüyür, çoxalır, kürülərini yaz-yay aylarında tökürlər. Payız-qış aylarında suyun istiliyi azaldıqca bu balıqların da həyat fəaliyyəti zəifləyir, onlar gölün dibinə enir və çox zaman orada hərəkətsiz qalırlar. İsti sevən balıqlar dərinliyi ən çoxu 1,5-2 metr, durğun suyu və zəif axarı olan, günəşin təsirindən yaxşı isinən, dibində lilin qalınlığı 15-20 santimetrdən çox olmayan, bitki örtüyü zəif inkişaf etmiş su hövzələrini sevirlər.

İkincisi soyuq su sevən balıqlardır. Buraya forel və qızıl balıq daxildir. Onlar suyun temperaturu 12-15 dərəcədən aşağı olduqda özlərini yaxşı hiss edirlər. Bu balıqlar payız və qış aylarında suyun istiliyi az olduqda çoxalırlar. Onların artırıldığı göllərin dibi bərk daşlı, qumlu, suyu təmiz və daim axarlı olmalıdır. Odur ki, bu təsərrüfatlar dağ çaylarının üzərində yaradılıb.

Balıq əti dadlı və şirəli olmaqla bərabər, insan orqanizmi tərəfindən tez həzm olunur. Balıq və balıq məhsulları digər heyvan mənşəli zülal məhsullara nisbətən iqtisadi cəhətdən çox sərfəlidir. 1 qram treska zülalı eyni miqdarda toyuq zülalından 6 dəfə, inək və qoyun zülalından 3 dəfə ucuzdur.

Balığın “zəka qidası” adlandırılmasının elmi əsası var. Çünki beyindəki yağın əsas tərkibi özündə omeqa-3 yağ turşularını ehtiva edən maddədir. Balıq yağının tərkibində olan omeqa-3 yağ turşusu qandakı xolesterolu, triqliseridi və qan təzyiqini aşağı salır.

 “El həyatı” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: