Qızılgülün ləçəyi, ətri və mürəbbəsi

A- A A+

Gülçiçəklilər fəsiləsinə daxil olan qızılgül təbiətin ən gözəl güllərindən biridir, onun indiyədək 400-ə qədər yabanı növü məlumdur. Qızılgül kolunda 800-1000-ə qədər çiçək, hər çiçəkdə 80-ə yaxın ləçək olur. Hər çiçəyin çəkisi təqribən 3-4 qrama çatır. Ondan alınan yağ ən bahalı ətirlərə əlavə edilir.

Sədərək rayonunun park və xiyabanlarında, eləcə də əhalinin həyətyanı sahələrində qızılgüllərə tez-tez rast gəlirik. Artıq onların çiçəkaçma dövrüdür. Qızılgül kolunun yanından keçdikdə çiçəklərin gözəl ətri insana xoş təsir bağışlayır.

Xoş ətirli olması ilə yanaşı qızılgül ləçəklərindən mürəbbə də bişirildiyini bilirik. Qızılgül  ləçəklərindən hazırlanan mürəbbə orqanizm üçün çox faydalıdır. Əvvəlcə onun ləçəkləri yığılıb yuyulur. Ləçəklərin dib tərəfindəki ağ hissəsi kəsilib atılır. Sonra 1 kiloqram qızılgül ləçəyini 10 kiloqram şəkər tozunun, 4 litr su ilə qaynadıldığı şirəyə tökülür. 15 dəqiqə qaynatdıqdan sonra odun üzərindən götürülüb yun şala bükülür və bir gün saxlanılır. Sonra bankalara doldurulur. Onu da qeyd edək ki, gülü çox qaynatmaq olmaz. Az qaynadılanda onun ətri də özü ilə birlikdə qalır. Həm də mürəbbə quru olmur.

Bundan əlavə qızılgül ləçəkləri qurudularaq şüşə qabda saxlanılır və onu iyləmək xoş əhval yaradır. Qızılgül ləçəklərinin üzərinə su əlavə edərək ağarana qədər gözləyir, sonra süzürlər. Alınan gül suyundan gündə 4-5 dəfə və hər dəfə yarım stəkan içmək əhvali-ruhiyyəni yaxşılaşdırır. Kiçik şüşə qabın içərisinə gülün ləçəkləri qoyulur, üzəri duzlanaraq qapağı bağlanır, onun ətrini duymaq üçün qapağı açaraq şüşəni yüngülcə tərpətmək kifayətdir.

Qızılgül ləçəyindən hazırlanan gülqənd də çox məşhurdur. Bunun üçün  qızılgül ləçəyini yığıb şəkər tozu ilə qarışdırırlar. O vaxta qədər ki, onlar bir-birinə tam qarışardı. Sonra onları bankalara yığardı. Hazırlanan məhsulu 7 il saxlayandan sonra istifadə edirlər.

Vəfa Hümbətova

“Oğuz yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: