Düşmənə gözdağı olan doğma yurdumuz cənnətə dönüb - FOTOLAR
Dünən yolumu Heydərabad qəsəbəsidəki Heydər Parkından saldım. Bura indi Heydərabad qəsəbəsində ailə üzvləri ilə gəzib təmiz hava almaq istəyənlərin ən sevimli ünvanlarındandır. Hava yaxşı olduğuna görə bir-iki saat gül-çiçəyin arasında gəzişdim. Hər gün qayğı göstərilən çiçəklərin qoxusu ətrafa yayılmışdı. Təbiət insana çox şey öyrədir, xüsusən torpaq, bar-bəhər müdriklik mənbəyidir. Sədərək, doğrudan da, ilin bütün fəsillərində gözəldir. Son illər burada yeni binalar tikilib, yaşıllıq zolaqları salınıb, Sədərək daha da dəyişib, gözəlləşib, abad yurda çevrilib. İnsan əli təbiətə sığal çəkib, onu daha da gözəlləşdirib.
Ancaq gözəlləşən, zənginləşən təkcə təbiət deyil. Son illər sərhəd bölgəsi Sədərəkdə həyatın bütün sahələrində əsaslı inkişaf və irəliləyiş əldə edilib, genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılıb, iqtisadi, sosial və mədəni sahədə dinamik inkişaf təmin edilib.
Güllələr atılan yerdə
indi güllər bitir
Sədərəyin indiki büsatını görəndə yaxın keçmişdə bu yerlərin müharibənin törətdiyi gözdağlayan, ürəkgöynədən xarabalıqlardan ibarət olduğuna inanmırsan. İllər sübut etdi ki, ulu öndər Heydər Əliyevin yolu ən doğru yoldur. Bu yolun yenilməz sədaqətlə davam etdirilməsi bu gün muxtar respublikamızı hərtərəfli inkişaf yoluna çıxardı. Rayonların, ucqar dağ və sərhəd kəndlərinin siması tamamilə dəyişdi. Bu sırada Sədərəyin yeri tamam başqadır.
Düşmənlə üz-üzə dayanan Sədərək bənzərsiz yaraşığı, xoş növrağı ilə, sözün gerçək mənasında, düşmənlərimiz üçün gözdağına çevrilib. Əlbəttə, görəni heyran edən bu ürəkaçan mənzərə sehrli bir çubuğun köməyi ilə ərsəyə gəlməyib. Bu, Vətənini, xalqını sonsuz məhəbbətlə sevən, muxtar respublikanın hər qarışını gülüstana döndərməyə çalışanların yenilməz iradəsinin, tükənməz qurub-yaratmaq əzminin məntiqi nəticəsidir. Bu bölgədə adama xoş gələn ən üstün cəhət isə odur ki, daş üstə qoyulan hər daş, ucalan hər bina, əkilən hər ağac, gül-çiçək Vətənə gerçək sevginin canlı təzahürüdür. Burada heç kim iş görmək xətrinə heç nə etmir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, görülən hər bir iş candan, könüldən görülür.
Sədərək rayonunun inkişafı həmişə dövlətin diqqət mərkəzində olub. Ötən illər ərzində Rayon Mərkəzi Xəstəxanası, Heydərabad qəsəbə, Sədərək kənd 1 və 2 nömrəli, Qaraağac kənd tam orta məktəbləri yenidən qurulan tam orta məktəblərinin yeni binaları qapılarını sədərəklilərin üzünə açıb. Üç mərtəbəli Mədəniyyət Sarayının istifadəyə verilməsi rayonun simasını əsaslı surətdə dəyişdirməklə yanaşı, mədəni həyatına da yeniliklər gətirib. Bunu müstəqillik illərinin böyük ərmağanı kimi dəyərləndirmək olar. Elə muxtariyyətimizin 95 illiyini qeyd etdiyimiz bu il də abadlıq, quruculuq işləri yüksək ahənglə davam etdirilir. Hazırda Heydərabad qəsəbəsində Su Monitorinq Laboratoriyası üçün bina tikilir. Binada son tamamlama işləri görülür. Laboratoriya iqtisadi, strateji əhəmiyyətə malik olmaqla suların yüksək keyfiyyətlə və dəqiqliklə öyrənilməsinə imkan verəcək.
Rayonumuzun mərkəzi Heydərabad qəsəbəsində inşaatı başa çatmaq üzrə olan hündürmərtəbəli yaşayış binasında inşaat işləri sona çatıb. Binanın ətrafında abadlıq, təmir işləri aparılır, səkilərə daş düzülür, yaşıllıq zolağı salınması üçün hazırlıq işləri görülür. Qəsəbədə yaradılanlar, insanların rifah halının yaxşılaşması üçün dövlətimizin insan amilinə hərtərəfli qayğısının bariz nümunəsidir.
Heydərabad qəsəbəsinin sakinləri, müxtəlif sahələrə göstərilən xidmətlərdən ağızdolusu danışırlar, yaşadıqları yurd yerində görülən işləri dəyərincə qiymətləndirirlər. Qəsəbədə əhalinin məşğulluğu, insanların sosial müdafiəsi, ahılların, məhdud fiziki imkanlıların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülüb. Sədərəkdə ən mühüm layihələrdən biri də içməli su və kanalizasiya sisteminin qurulmasıdır. Bu, rayon sakinlərinin çox böyük razılığı ilə qarşılanıb. Bir məsələni də qeyd edək ki, həyata vəsiqə alan bütün obyektlər müasir arxitektura üslubunda inşa edilib. Düşmənə gözdağı olan bu tikililəri sədərəklilər qoruyub saxlamağı, gələcək nəsillərə ərməğan etməyi özlərinin vətəndaşlıq borcu sayırlar.
Sədərəyin torpağı bərəkətli, insanları zəhmətkeşdir. Yerli əhali ta qədimdən heyvandarlıq və əkinçiliklə məşğuldur. Torpağa bağlılıq nəsildən nəslə ötürülərək bu gün də yaşadılır. Rayonda təcrübəli, necə deyərlər, “torpağın dilini bilən” insanlar çoxdur. Onlar torpağa müqəddəs varlıq kimi münasibət bəsləyirlər. Onu gücdən, taqətdən düşməyə qoymurlar. Torpaq da, öz növbəsində, onunla ülfət bağlayanlardan öz səxavətini əsirgəmir, sinəsində bol məhsul yetişdirir. Nəticə isə göz qabağındadır. Cari ilin məhsulu üçün rayonda 2472 hektar sahədə əkin aparılıb. Bölgədə daha çox inkişaf etdirilən əkinçilik sahələrindən biri də taxılçılıqdır. Ölkənin ərzaq təhlükəsizliyi proqramına sanballı töhfələr verməyə çalışan rayon taxılçıları bu il də sahələrdən bol “sarı kəhrəba” tədarük edəcəklər. Əldə olunan nəticə taxılçıları gələn təsərrüfat ilində daha yüksək məhsuldarlığa ruhlandırır. Torpaq mülkiyyətçiləri əldə etdikləri məhsulun bir hissəsi ehtiyac üçün ayırır, qalan hissəni isə satır, gəliri ilə təsərrüfatlarını genişləndirirlər.
Sərhəd bölgəsi daha xoş sabahlara doğru addımlayır
Sədərək inkişaf edir, abadlaşır. Rayonun sərhəd ərazidə yerləşməsi əhalini daha əzmli olmağa ruhlandırır. Gənclər rayonun ictimai-siyasi həyatında fəal mövqe tuturlar. Ümumi mülahizələrin hamısını bir cümlədə belə ifadə edə bilərik: Aparılan bütün tədbirlər rayonda iqtisadiyyatın daha da inkişaf etdirilməsinə, yeni iş yerlərinin yaradılmasına, insanların maddi rifah halının yaxşılaşdırılmasına xidmət edir. Sədərək öz qədim tarixinə daha bir uğurlu il əlavə etməyə hazırlaşır. 2019-cu il quruculuğun geniş miqyasda davam etdirilməsi, sosial-iqtisadi göstəricilərin yüksəlməsi ilə əlamətdardır. Həyata keçirilən əsaslı tədbirlər, nəzərdə tutulan yeni planlar, müəyyənləşdirilmiş vəzifələr isə rayonu yeni uğurlara doğru aparır. Sədərəkdə işlər bir an belə səngimir.
Qeyrət qalasının gecələri nur selinə qərq olur. Bir sözlə, qədim Sədərək gündən-günə, aydan-aya, ildən-ilə daha da gəncləşir. Hər doğan Günəş, hər açılan səhər bu yerin övladlarının könlünə gələcəyə inam hissi bəxş edir. Dövlətin qayğısından güc alan Sədərək camaatı fəal vətəndaş mövqeləri ilə Vətənə, xalqa, dövlətimizə sədaqətli olduqlarını sübut edirlər. Burada yaşayanların yeganə amalı düşmənə gözdağı olan doğma yurdu cənnətə döndərməkdir.
Sərxan İsmayılov
"Oğuz yurdu" qəzetinin redaktoru