Gənclərin Naxçıvandan Konyaya uzanan körpüsü - FOTOLAR

Təəssüratlar, düşüncələr, duyğular

A- A A+

II yazı

İqdıra doğru irəlilədikcə Naxçıvan şəhərindən uzaq və nəhəng görüntüsünə alışdığımız Ağrı dağı lap yaxınımızdaymış kimi bizimlə birlikdə irəliləyir. Bu yolu ilk dəfə gedən heyət üzvlərinin maşının pəncərəsindən heyrətlə Ağrı dağını seyr etməsi, telefonunun yaddaşına köçürməsi də ayrı bir mənzərə idi. Artıq bizi Sivas ellərinə qədər 12-13 saatlıq bir yol gözləyirdi. Əvvəlcədən planlaşdırıldığı kimi gecəni Sivasda bir oteldə keçirəcək, səhər tezdən Konyaya doğru yenidən yola çıxacaqdıq.

Yol uzun, hər kəsin üzündə həyəcan... Nərgiz xanım səssizliyi pozur. Layihəyə rəhbərlik etməyin ağır məsuliyyətini bir daha xatırlatmaq ehtiyacı hiss edərək sözə başlayır:

- Bir çoxumuz xaricdə, eləcə də Türkiyədə olmuşuq. Hətta dəfələrlə beynəlxalq konfranslara qatılıb məruzələrlə çıxış etmişik. Amma bu səfərimiz onların hamısından fərqlənir. Belə ki, ilk dəfə idi gənclərdən ibarət heyət olaraq Azərbaycandan kənarda, başqa bir ölkədə təşkilatçı kimi beynəlxalq tədbir keçirməyə gedirik. Bu, Naxçıvan elmi-mədəni mühitində bu sahədə baş verən ilk hadisədir. Gənclər olaraq təcrübəsiz ola biləcəyimizi düşünənlər də ola bilər. Lakin hər birimiz bu səfər üçün xüsusilə seçilmiş yaradıcı insanlarıq. Bu baxımdan əlimizi birlikdə daşın altına qoymalıyıq. Görəcəyimiz işin uğurla tamamlanmasında gücümüzü birləşdirməli, bütün bacarığımızı səfərbər etməliyik.

Memarlardan Şəfəq xanım da Nərgiz İsmayılovanın fikirlərini təsdiq edir:

- Memarlar olaraq mən və Ziya müəllim Nemətullah Naxçıvaninin məzarının bütün ölçülərini götürmək üçün ilk gündən işə başlamalıyıq. Məzarın harada, hansı vəziyyətdə, hansı həndəsi quruluşda olduğunu bilmirik. Ona görə də ilk gündən işimizin üstünə düşməliyik ki, Konyada olduğumuz 2-3 gün ərzində görəcəyimiz işi qüsursuz şəkildə yekunlaşdıra bilək. Eskizlərin, ölçülərin götürülməsi vaxtımızı alsa da səhərdən axşama kimi də olsa bu işi layiqincə yerinə yetirməyə çalışacağıq.

Araya sakitlik çökür. Görünür ki, hər kəs öz məsuliyyətinin ağırlığı barədə düşüncələrə dalıb. Mən isə üzlərini görə bildiyim yol yoldaşlarımın baxışlarını müşahidə etməyə çalışıram. İnam, əminlik, uğura köklənmiş inadkar güc sezilir gözlərdən. Bir çoxumuza tanış məntəqələr geridə qalır: Tuzluca, Kağızman, Karakurt, Horasan, Pasinler, Ərzurum. Kiminsə səsi eşidilir:

Ərzurumun gədiyinə varanda

Onda gördüm buram-buram qar gəlir.

Lələm dedi, gəl qayıdaq bu yerdən,

Dedim: Lələ, qeyrətimə ar gəlir.

Hamı bir-birinə baxır. Şeiri kim idi söyləyən? Əslində heç kim. Hamının əzbər bildiyi məşhur misralar yaddaşın alt qatından süzülüb gəlmişdi. Dadaşlar diyarında yol kənarında bir istirahət məkanında 15 dəqiqəlik fasilə veririk. Məkanın adı belə bizim üçün doğma səslənir: Koroğlu. Yolun qarışısında böyük bir qayalıqlar var. Yerli sakinlərdən soruşuram, Koroğlu qayasıdır, - deyirlər. “Koroğlu” dastanı xəyalımı çəkib aparır. Koroğlunun Ərzurum səfəri, Koroğlunun Ərzincan səfəri. Koroğlunun Sivas səfəri. Yola düşürük. Dastan havasındayıq. Folklorumuzun söz abidəsini bizlər məkan-məkan fəth edirik.

Arxa sırada əyləşən heyətimizin ən gənc üzvü, bu il universiteti bitirəcək Hüseyn İmanov fəal gənc olduğunu burda da nümayiş etdirir. Təklif edir ki, uzun yolu qısaltmaq üçün bir oyun oynayaq. Maşının içində qızğın müzakirə başlayır. Ərzincanı necə keçib getdiyimizi heç bilmirik. İki-üç oyun oynadıqdan sonra şoferlər Sivasa 1 saatlıq yolumuz qaldığını bildirir. Oyunu isə hər dəfəsində ilk tərk edən mən oluram. Hamı gülüşür. Hər dəfə oyundan kənar qalmağımdan istifadə edib qələm-kağız götürüb içimdə qaynayan sözləri şeirə çevirirəm. Nemətullah Naxçıvaniyə həsr olunmuş şeir ortaya çıxır. Ruhiyyə xanımın dəfələrlə, “Şair, səfərimiz haqqında bir şeir yaz, Nemətullah Naxçıvaniyə şeir həsr elə”, - deməyinə sükutla cavab verirəm. Şeirimi konfransdakı çıxşımın sonunda səsləndirəcəyimə özlüyümdə qərar vermişəm artıq. Cavab vermədiyimi görən yol yoldaşlarım zarafatla söz atırlar: Şairin ilhamı küsüb.

...Sivasa çatanda artıq hava qaralmışdı. Otelə yerləşirik. Yarım saatlıq fasilədən sonra otelin foyesində görüşüb axşam yeməyinə çıxmaq barədə qərarlaşırıq. Axşam yeməyi zamanı maraqlı bir məqam ortaya çıxır. Rəna xanım vegeteriandır. Türkiyə mətbəxində isə ətli yeməklər adı ilə də, dadı ilə də  dünyada məşhurdur. Yavaş-yavaş bir-birimizin xüsusi keyfiyyətləri ortaya çıxır. Türkiyədə mətbəx sektorundakı xidmət bu problemi aradan qaldırır. Yeməkdən sonra təklif edirəm ki, orta məktəbdə ədəbiyyat dərsində bizə tədris olunana şair-hökmdar Qazi Bürhanəddinin Sivas şəhərindəki məzarını ziyarət edək. Hamılıqla bu təklif bəyənilir və google-map köməyimizə çatır. Qaldığmız otellə 2-3 kilometrlik məsafədədir. Telefonların naviqasiyasının ardınca gedirik. Yaşayış binalarının arasında, yamyaşıl bir parkın ortasında göy günbəzli ətrafı açıq bir məzar görəndə düzü təəccüblənirik. Uşaqların oyun oynadığı ərazidə, bir məktəbin, bir neçə yaşayış binasının həyətində tək məzar. Bu əslində türk xarakterinin öz tarixləşmiş hökmdarına və məşhur şairinə ehtiramın nümunəsi kimi bizi də qürurlandırır. Əlimizi açıb şairin ruhuna fatihə oxuyuruq, xatirə şəkilləri çəkdiririk. Özümü saxlaya bilməyib Qazi Bürhanəddindən bir beyti ucadan söyləyirəm:

Gəl, gəl, görəlim, gəl, görəlim, gül görəlim biz,

Bir nəğmə gətir ortaya bülbül görəlim biz.

Heyətimizin jurnalist nümayəndəsi Ruhiyyə Rəsulova təklif edir ki, bu anları telefonun yaddaşına video olaraq köçürək. Ruhiyyə xanım ənənəvi xəbər süjetlərində olduğu kimi giriş verib “kameranı” mənə tərəf istiqamətləndirir. Əvvəlcə şair haqqında qısa məlumat verirəm: Qazi Bürhanəddin 1344-cü ildə Qeysəriyyədə anadan olub, Oğuzların Salur boyundan çıxmış şairin yazdığı “Divan”ı dilimizdə yazılmış və bizə gəlib çatan ilk şeir divanıdır. O, Azərbaycan divan ədəbiyyatınını əsasını qoyub və klassik poeziyanın ilkin gözəl nümunələrini yaradıb. 1381-ci öz adı ilə adlanan dövlətin əsasını qoyan Qazi Bürhanəddin 1398-ci ildə Ağqoyunlu bəylərindən Qara Yoluq Osman bəy ilə müharibədə öldürülüb. Bu məlumatlardan sonra şairin bir qəzəlini də ucadan səsləndirirəm:

Can oynamağ imiş yenə həm canı bu dərdün,

Dərd isdəmək imiş yenə dərmanı bu dərdün.

İqrar edərüz sidq ilə islam arasında,

Ki, eşq ilə ixlas imiş imanı bu dərdün.

Gər dür dökilür isə dilümdən nə əcəbdür,

Çün tolu cəvahir ola ümmanı bu dərdün.

Sən sanma ki, dərdüm odı tək hasil edəsin

Yaxanı bu dərdün qanı yaxanı bu dərdün.

Dərya ola bir qətrə bu eşqin ayağında

Qanda dükənür çün ol ola kanı bu dərdün.

Şeiri bitirməyimlə Türkiyə telekanallarının efirlərindən bildiyimiz Ramazan davulcularının davul səsinə diksinirik. Artıq sahur zamanıdır. Biz isə şairin ziyarətindən ayrılıb otelə yollanırıq. Bir neçə saat gözümüzün acısını alıb çıxdığımız səfərdə gedəcəyimiz son ünvana – Konyaya yollanacağıq. Mövlanasıyla məşhur olsa da bizim üçün Nemətullah Naxçıvani ilə doğmalaşmış, müqəddəsləşmiş məmləkətə...

                                      (ardı var)

 

Elxan Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: