NUHÇIXAN xəbər verir ki, Babək rayon Güznüt kəndində ictimaiyyət nümayəndələrinin, sahə inspektorlarının və ictimai şura üzvlərinin iştirakı ilə iclas keçirilib.
Tədbirdə Babək Rayon Polis Şöbəsi İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tağı Kazımov bildirib ki, rayon Polis Şöbəsinin əməkdaşları İctimai Şura üzləri ilə birlikdə vətəndaşlara ot-taxıl yığımı və biçim dövrü ərzində taxıl zəmilərinin biçindən sonra yandırılmasının qarşısının alınması məqsədilə maarifləndirici söhbətlər aparırlar.
Sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Ələşrəf İbrahimov qeyd edib ki, biçin dövründə istifadə olunan texnikaların üzərində ilkin yanğınsöndürmə vasitələrinin və yaşıl süpürgələrin olduğunu yoxlamaq, yol kənarlarına, elektrik naqillərinin altına, yaşayış evlərinin zirzəmilərinə yığılan ot-samanının daha təhlükəsiz yerlərdə saxlanılması, biçindən sonra ot-saman tayalarının sahələrdən yığılması məqsədilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə davamlı reydlər təşkil olunur.
İctimai Şura üzvləri Vahid Həsənov və Hüseyn Hüseynov da mövzu ətrafında çıxış ediblər.
Sonda Babək Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Teymur Quliyev rayonda aparılan abadlıq və yenidən qurma işlərindən, yaşıllıqların artırılması ilə əlaqədar görülən tədbirlərdən danışıb.
Nurlan Sadiqov