Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyət davam etdirilib.
Diaqnostika Müalicə Mərkəzində Almaniya istehsalı Siemens Artis Zee markalı yeni angioqrafiya aparatı quraşdırılıb. Ay ərzində 8 nəfərdə angioqrafiya müayinəsi, 4 nəfərdə stent inplantasiyası aparılıb.
Ali Məclis Sədrinin Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında 2019-cu il 16 may tarixli Sərəncamına uyğun olaraq Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyətə başlamasının 40 illik yubileyi keçirilib və bu münasibətlə
Ali Məclisin Sədri əməkdaşları mükafatlandırıb.
Ölkənin tanınmış səhiyyə müəssisələrindən muxtar respublikaya dərman preparatları gətirilib.
Naxçıvan Muxtar Respublikası təhsil müəssisələrində şagirdlərin kütləvi müayinəsi başa çatıb.
May ayı ərzində muxtar respublikanın səhiyyə sistemində kadrların bilik və bacarıqlarının artırılması vacib məsələ kimi diqqət mərkəzində saxlanılıb. Həkimlər və tibb işçiləri müxtəlif kurslara göndəriliblər.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının 28 nəfərdən ibarət professor həkim heyəti tərəfindən həyata keçirilən humanitar aksiyada Ordubad Rayon Mərkəzi Xəstəxanasında əhali müayinə edilib və cərrahi əməliyyat aparılıb.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim briqadası tərəfindən Naxçıvan Muxtar Respublika Xəstəxanasında 34 nəfərdə müayinə, 30 nəfərdə katarakta əməliyyatı icra olunub.
Naxçıvan Naxçıvan Muxtar Respublikası Xəstəxanasının həkim briqadası Culfa Rayon Mərkəzi Xəstəxanasında, Kəngərli rayonunun Qarabağlar kəndində və Ordubad şəhərindəki M. Füzuli adına tam orta internat məktəbdə müayinələr aparıblar.
Diaqnostika Müalicə Mərkəzinin həkim briqadası Babək rayon Mərkəzi Xəstəxanasında, Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası isə Şahbuz Rayon Mərkəzi Xəstəxanasında müxtəlif əməliyyatlar aparıblar.
Talassemiya günü ilə əlaqədar qanvermə aksiyası keçirilib. Naxçıvan Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 20 nəfər işçisindən 10 litr qan tədarük edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin və Tibb Kollecinin iştirakı ilə startap layihəsinin həyata keçirilməsi mövzusunda tədbir təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Xəstəxanasında İran İslam Respublikası Şərqi Azərbaycan vilayətinin Təbriz Tibb Elmləri Universiteti ilə birgə “Tibbdə yeniliklər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Naxçıvan Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən Naxçıvan şəhərinin təhsil müəssisəsi işçiləri olan qadınlarda süd vəzin profilaktik müayinəsi aparılıb.
Əlillərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi may ayı ərzində Muxtar Respublika üzrə 24 nəfəri Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 15 nəfəri müxtəlif xəstəxanalara müalicəyə göndərib.