Naxçıvan Muxtar Respublikası Ekologiya Tərbiyə Mərkəzi 5 İyun – Ümumdünya Ətraf Mühiti Mühafizə Günü münasibətilə Naxçıvan şəhər 17 nömrəli orta məktəbdə şagirdlərin iştirakı ilə tədbir keçirib.
NUHÇIXAN xəbər verir ki, mərkəzin dərnək rəhbəri Lətafət İsmayılova “Ətraf mühitin mühafizəsində məktəblilərin rolu” mövzusunda çıxış edərək, muxtar respublikada həyata keçirilən ekoloji tədbirlərdən danışıb. Qeyd edib ki, əgər 20 il bundan əvvəl muxtar respublika ərazisinin 0,6 faizi yaşıllıq idisə, indi bu rəqəm 20 faiz təşkil edir. Bu isə hər ilin yaz və payız fəsillərində Naxçıvanda keçirilən iməciliklər və ilboyu yaşıllıqlara qulluq göstərilməsi hesabına mümkün olub.
Vurğulanıb ki, muxtar respublika təbiətinin zənginliyi həm də burada nadir bitki və heyvan növlərinin mövcudluğu ilə ölçülür. Naxçıvan ərazisində xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, ekoloji maarifləndirmə tədbirlərinin intensiv hal alması fauna və flora müxtəlifliyinin qorunmasına və zənginləşdirilməsinə öz müsbət təsirini göstərir.
Sonda məktəbin həyətyanı sahəsində ağac və kol bitkilərinə aqrotexniki qulluq göstərilib.