Sirabda yeni mərasim evi istifadəyə verilib - FOTOLAR
Azərbaycan etnoqrafiyasında tarixi yeri olan, xalqımızın birliyini təcəssüm etdirən hərəkətlərdən biri də qarşılıqlı yardım formaları olub. Bu cür qarşılıqlı yardım formalarından biri də “əvrəz”dir. Əvrəz qədimdə müəyyən ictimai-iqtisadi səbəblərlə əlaqədar məsələn, işçi qüvvəsinin çatışmaması və yaxud, hər hansı təsərrüfat işinin tez, təcili görülməsi lazım gəldikdə təşkil edilərdi. Əkin-biçin, şumlama o cümlədən, ictimai xarakter daşıyan işlər-arx və kanalların çəkilməsi, təmizlənməsi, evtikmə, körpüsalma, təsərrüfatda icrası kollektiv əmək, habelə, az vaxt tələb edən bu cür işlər əvrəz yolu ilə görülərdi.
Çox sevindirici haldır ki, ata-babalarımızın vaxtı ilə qoyduğu iqtisadi-ictimai işlərin inkişafına təkan verən, xalq birliyini yaradan əvrəz bu gün də yaşadılır.
Bu cür xoşa gələn işlərdən biri də son illər Naxçıvanın kəndlərində tikilən mərasim evləridir. Mərasim evlərinin tikilməsi yas mərasimlərimizin rahat təşkil olunması ilə bərabər heç bir inzibatçılıq olmadan kənd ağsaqqallarının, sözü keçən, cəmiyyət arasında nüfuzu olan adamların seçilməsinə, əhalinin ümumi iş üçün daha sıx birləşməsinə səbəb olur. Belə mərasim evlərindən biri də Sirab kəndində tikilən yeni binadır.
Bina beş ay ərzində kənd sakinləri tərəfindən inşa edilib. Açılış mərasimi müqəddəs Ramazan ayında baş tutub. Qadın və kişilər üçün nəzərdə tutulan iki salonda 600-ə qədər adam üçün iftar süfrəsi təşkil olunub. Burada isə ölkəmizin əmin-amanlığı, xalqımızın birliyi, şəhidlərimizin ruhuna dua oxunub.
Zaleh Novruzov