Gurbulaq şəlaləsi

Sahil Tahirlinin eyniadlı film üçün yazdığı ssenari

A- A A+

Elə ki, qış öz köçünü yığıb arandan dağlara doğru çəkilir, o zaman Naxçıvan təbiəti də al-əlvan donuna bürünür, min-bir rəngə boyanır.  Fəsillərin növbələşməsi pozulur, təbiətin nizamı dəyişilir, bu torpaqda eyni anda dörd fəsil yaşanır. Arazın kənarında - Babək, Şərur, Culfa, Kəngərli və Sədərək düzlərində havanın tempraturu 35-40 dərəcəyə çatanda Şahbuz, Ordubad dağlarında torpaq qış yuxusundan yenicə oyanmağa başlayır. Dağların bərəkət təknəsi olan qar aram-aram quzeylərə doğru tələsir, təbiət ağ örpəyini çıxararaq yaşıl dona bürnür, çaylar, dərələr, bulaqlar coşub-daşır...

Yenə dağ döşündə dənərləndi qar,

Yenə zirvələrin həsrətində qal,

Sel qopdu, dərəyə düşdü qalmaqal,

Bir ocaq başında bir isinməsək,

Sən kimə gərəksən, mən kimə gərək...

Gəzib görənlər bilir ki, Naxçıvan dağlarının min rəngi var. Tanrı bu dağlara öz möhürünü elə vurub ki, nə onların rəngini, nə də nizamını pozmaq mümkün deyil. Təsadüfi deyil ki, Naxçıvan ərazisinin üçdə iki hissəsi hündürlüyü min metrdən yuxarı olan dağlıq sahələrdir. Ona görə də burda hər bir bölgənin öz iqlim tipi var: isti yarımsəhra və quru çöl iqlimindən tutmuş, yüksək dağ zirvələri üçün xarakterik olan dağlıq tundura iqliminə qədər. Bu iqlim tiplərinin də özünəməxsus bitki  örtüyü, təbiəti, heyvanlar aləmi və əkin-torpaq xüsusiyyətləri var. Belə əsrarəngizliyinə, təbiət möhtəşəmliyinə və unikallığına görədir ki, min illər ərzində Naxçıvan yüzlərlə dəfə yadelli hücümlarına məruz qalıb, işğal və məhv olmaq təhlükəsi yaşayıb. Amma ulu əcdadlarımız bu torpağı qoruyub, əkib, ana torpaqla öz dilində danışıblar...

Salam, a gədiklər, salam, a dağlar!

Yenə boynunuzu qucmaq istərəm.

Alıb küləyini qoluma, dağlar,

Zirvədən zirvəyə uçmaq istərəm.

Ürəkdən-ürəyə atlana–atlana illərdir bizimlə yol gələn bu şeirin müəllifi Xalq şairi Məmməd Arazdır. Naxçıvanın ən dilbər güşəsi olan Şahbuzun füsünkar təbiətini “söz fırçası” ilə ruhumuza çəkən, onun ən incə çalarlarını böyük ustalıqla duyan və yazan Məmməd Arazın da ilham qaynağı, yaradıcılıq mayağı və cövhəri elə ana təbiət idi. Məhz bizim də bugünkü yazımızın qəhrəmanı Kükü dağının “Gurbulaq” şəlaləsidir...

...Dərələyəz silsiləsinin cənub-qərb yamacında yerləşən Kükünü Naxçıvan şəhərindən 50 kilometrlik məsafə ayırır. Dağların ağuşunda, çayların qovuşağında yerləşən bu kənd sanki gözqamaşdıran təbiət lövhəsidir. “Gurbulaq”dan, “Qırx bulaq”dan, “Söyüdlü dərə”dən qol-qanad alan Küküçay, “Pünhan”, “Südlü”, “Soyuq” və “Xam” bulaqlardan qidalanan Qanlıgöl çayı min illər boyu bu torpaqlara can verib, ruzi-bərəkət rəmzinə, Kükünün həyat ritminə çevrilib. “Təndirli yer”, “Qaladibi”, “Qaradaş”, “Kələkli”, “Qoşa arxac”, “Meşə yeri”, “Qoruq”, “Çuxur yurd”, “Almalıq”, “Şırran”, “Təhnəli” kimi qədim yaşayış və yaylaq yerləri də bu çayların kənarında qərar tutub.

Kim deyirsəki təbiət laldı, kardı, deməli, əslində  o özü öz  təbiiliyini itirib, həyatdan uzaqlaşıb... İnsan Dərəboğazında gəzdikcə cənnəti başqa yerdə axtarmır. Özünü, ruhunu, hüzurunu burda tapır.

 (Hüseyn Arif-nəğmə)

Sevirəm çəməndə gülü-çiçəyi,
Gələndə ilk bahar xatırla məni!
Öpsün alınları dağlar küləyi,
Güləndə rüzigar xatırla məni!

Torpağı bəzəsin bənövşə, nərgiz
Ruhuma doğmadır hər cığır, hər iz
Geniş sinəsini açanda dəniz,
Dinəndə dalğalar xatırla məni!..

Öz alması ilə məşhur olan Kükünün təbiəti ilin bütün fəsillərində dil açıb danışır. Burda təbiət insandan da duyumlu, insandan da mülayim və safdır. Kəndin cənnəti isə Qanlıgöl yaylaqları və Dərəboğazdı. Burda suyu diş göynədən minlərlə şirinsulu bulaqlar var.  Nəinki, Naxçıvanda, heç Azərbaycanın da hansısa bir kəndində Küküdə olan qədər can dərmanı bulaqlar yoxdur. Havası isə tər-təmzidir. Sanki, dünyanın bütün azot və oksigenini yığıb bu kəndin yaylaq və massivlərinə buraxmısan.

... May ayının sonlarıdır.  Burda təbiət təzəcə cana gəlib. Naxçıvan şəhərində təbiətin oyanmağı burdan 35-40  gün tez olur. Ona görədir ki, Şahbuzun dağlıq kəndlərindəki evlərin heç birində yayın qızmar günlərində belə kondisoner istifadə edilmir. Çünki burda hər şeyi təbiət özü nizamlayır.  Burda təsərrüfatlar da yenicə canlanıb, kartof, soğan, kələm əkinləri təzəcə başlayıb. 

Yol kənarındakı sal qaya parçaları, sıldırımlı dağ yamacları yemişan, həmərsin, zirinc, çöl armudu və alça ağacları ətrafda  gözəl təbiət lövhələri yaradır. Gah yağış yağır, gah gün çıxır, gah da dolu – kükülülərin dili ilə desək “çoban yarması” düşür. Dərəboğazını gəzdikcə səhlabın, lalərin, nanənin, kəklikotunun, baldırğanın, cacığın, çirişin, dazıotunun, böyrəkotunun laləzarı, sarı çiçəklərinin ətri adamı bihuş edir. Sakinlər bu fəsildə üz tuturlar ana təbiətə, qış tədarükü edirlər. Cacıq qovurması, çiriş kətəsi, göbələk qızartması min illər boyu bu yerlərin mətbəxində özünəməxsus yer tutaraq, Naxçıvan mətbəxinin əvəzolunmaz təamına çevriliblər.

Bu yerlər arıçılıq üçün də ideal məkanlardır. Burdakı dərman otlarından arı bal yox, can dərmanı hazırlayır.

Yazın ilkin çağlarında Dərəboğazını həzin və ruha hakim kəsilən bir səs bürüyür. Bu səs filmimizin qəhrəmanı  “Gurbulaq” şəlaləsinin səsidir.

Gurbulaq Dərələyəz silsiləsindəki qar sularından qidalanır. Suyu bol olduğuna görə adına Gurbulaq deyirlər. O qədər təmiz və sərindir ki, insan içdikcə doymur. Su bulaqdan bir az aralıdakı sıldırım qayalardan üzüaşağı axaraq öz incilərini torpağa düzür. Qayalar suyu böldüyündən şəlalə üç tərəfdən axıb gedir. Təxminən 40 metr hündürlükdən tökülən Gurbulaq şəlaləsinin səsi ruhun ən gözəl qidasıdır.

(interşum 20-25 saniyə)

Əmin  olun ki,  nə Bax, nə də Bethoven belə musiqi bəstələyə bilməyib. Bu, Tanrının səsidir, Yaradılışın təbiətdə təcəssümüdür. Gurbulaq guruldadıqca bu yerlərdə təbiət cuşa və cana gəlir. Baldırğan  kollarının ətri aləmi götürür.

Bu səs bu torpağın himnidir. Nə qədər ki “oxunur”, deməli Vətən yaşayır, deməli torpağımız qorunub əkilir, deməli ruhumuz dinclik tapır, deməli biz varıq və yaşayırıq.

Bu yerləri gəzib-gördükcə bir daha düşünürsən ki, Allah cənnəti Azərbaycanımızda yaradıb. Dədə Qorqud boylarında ululaşan, ülviləşən Azərbaycanımızda, doğma Naxçıvanımızda:

Qoy ağaclarımız kəsilməsin, qoy çaylarımız qurumasın, qoy çırağımız sönməsin...

                                                                     Sahil Tahirli

Jurnalist

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: