Gənclərin Naxçıvandan Konyaya uzanan körpüsü - FOTOLAR
Təəssüratlar, düşüncələr, duyğular
III yazı
...Sivasda səhər açılır. Hamı maşında yerini alır. Şöferlərimiz 7-8 saatlıq yolumuzun qaldığını bildirir. Kayserini, Nevşehiri, Aksarayı ötüb keçirik. Yol kənarında Konya yazılı nişanı görəndə hamımızın dilindən “axır ki gəlib çatdıq” sözləri çıxır. Bir gündən artıqdır çıxdığımız yol bizi əməlli-başlı yorub. Yol boyu özünəməxsus gözəlliyi və ətri ilə seçilən bənövşəyi rəngli lavanda zəmilərini görüb dayanırıq. Şəkil çəkdirən kim, çiçək yığan kim...
...Şəhərə daxil olanda, - Bu da Konya, - deyir Fərhad müəllim.
Xatırladım ki, Konyada bir neçə böyük universitet var. Onların ən böyüyü konfransa ev sahibliyi edəcək olan Konya Səlçuk Universitetidir. Böyük bir şəhərciyi xatırladan universitetin Qonaq evində bizim üçün yerlər ayrılıb. Universitetin Turizm fakultəsinin dekanı professor Necmi Uyanık bizimlə xüsusilə maraqlanır. Otaqlara yerləşib dincimizi aldıqdan sonra nahar yeməyinə çıxırıq.
Mən yenə təklif edirəm ki, Konyanın özündə daha bir naxçıvanlı məşhur uyuyur. Mövlanə Cəlaləddin Ruminin də həkimi olmuş Əkmələddin Naxçıvani. Onu da ziyarət edək. Hamı razılaşır. Axşam yeməyindən sonra maşına oturub Konyada həmyerlimizin axtarışına çıxırıq. Ünvan bəlli olsa da nədənsə darısqal və ara küçələr bizi xeyli əziyyətə salır. Axırda tapırıq.
Konyada “Bey hekim” kimi məşhur olan Əkmələddin Naxçıvani dövrünün məşhur həkimlərindən olub. Hazırda “Bəy həkim” məhəlləsində yerləşən məscidi bir zamanlar adını daşıyan həmyerlimizin özü tikdirib.
Məscidin önündə Mustafa dayı adlı 60-65 yaşlarında biriylə söhbətə başlayırıq. Bizə buralar haqqında məlumat verir. Biləndə ki, Naxçıvandan gəlmişik, Bey hekimin vətənindən, gözlərində bir sevinc parıldayır. Hamımızı evinə dəvət edir. Lap yaxındakı binanın üçüncü mərtəbəsini göstərib, - bax, ora bizim evimizdir, gedək, bir çayımı için,- deyir. Biz isə Naxçıvandan buralara kimi gəlmiş məşhur bir naxçıvanlını ziyarət etməyin eşqiylə minnətdarlığımızı bildiririk.
Memarlarımız ehtiyatlı davranıblar. Şəfəq xanım və Ziya müəllim metrələrini, kağız-qələmlərini götürüb məscidi öndən, arxadan, çöldən, içəridən, eninə-uzununa ölçməyə başlayırlar. Qismət bizi buralara kimi gətirmişkən buranın da ölçülərini götürək. Bəlkə gələcəkdə lazım oldu, - deyərək işə başlayırlar.
Televizya əməkdaşları da fürsəti fövtə vermək istəmirlər. Ruhiyyə xanım Mustafa dayıdan daha çox məlumatlar öyrənmək istəyir. Rejissorumuz Fərhad operator Elşadla binaların arasında kiçik bir həyəti olan məscid, həmçinin Bəy həkim barədə kadrları haradan necə götürə biləcəklərini götür-qoy edirlər. Köməyə yenə Mustafa dayı çatır. Sabah işıqlı vaxtı gəlin, bizim evin pəncərəsindən bura lap aydın və geniş görünür, ordan çəkilişlərinizi apararsız,- təklifini verir. Könüllü gəncimiz Hüseyn dayanmır, hamının bu tarixi anlarını fotoaparatın yaddaşına köçürür. Xüsusilə memarların istəyinə uyğun olaraq caminin iç hissəsindəki mehrab, həmçinin günbəz hissənin daxili konusvari tikilisini müxtəlif rakurslardan çəkir. Ramazan günləri olduğu üçün ətraf məhəllələrinin insanları – böyük, kiçik, kişi, qadın məscidə namaz qılmağa gəlirlər. Bir az sonra məscidin imamı, - İbrahim Öztürk gəlir və o bizə daha ətraflı məlumatlar verir. Hamımız onun başına yığışmışıq. Cəbi müəllim, Arzu müəllim, Rəşad müəllim, Aynar müəllim, Nərgiz xanım, Ruhiyyə xanım, mən, şoferlər, rejissorumuz, operatorumuz. Bircə memarlarımız içəridə ölçülər götürürlər. Hüseyn də onların yanında fotoqraf məsuliyyətini yerinə yetirir. İmam Əkmələddin Naxçıvani haqqında bizə daha ətrafl məlumat verir:
- Tarix kitablarında göstərilir ki, Anadolu Səlcuqlu Dövlətinin ən güclü dövrü I Əlaəddin Keykubadın zamanına təsadüf edir. Bu dövrdə yaxın ölkələrdən, həmçinin ölkə hüdudlarında ad çıxarmış məşhur şəxsiyyətlər, sənətkarlar, alimlər saraya dəvət ediliblər. Tarixi qaynaqlarda belə görkəmli şəxsiyyətlərdən biri kimi Əkmələddin Naxçıvaninin də adı çəkilir. Əkmələddin Naxçıvani Səlçuqlu hökmdarı Qiyasəddin Keyxosrovun hakimiyyəti dövründə Konyadakı sultan sarayında baş həkim kimi fəaliyyət göstərib. Həmçinin I Əlaəddin Keykubadın darul-şifasında (xəstəxanasında) tibbi kadrların yetişməsində böyük rol oynayıb. Həmin dövrdə Konyada yaşayan dövrün görkəmli filosof-şairi, sufi şeyxi Mövlanə ilə yaxın münasibətləri olan, dövrünün Hippokratı adlandırılan Əkmələddin Naxçıvanı yaşadığı dövrdən bugünədək Konyada “Bəy həkim” kimi məşhurdur.
Bu məscidin də Əkmələddin Naxçıvani tərəfindən tikildiyi, ilk zamanlarda mədrəsə kimi fəaliyyət göstərildiyi bildirilir. Belə ki, Bəy həkim Naxçıvani burada öz yetirmələrinə tibbin sirlərini öyrədirmiş. Burası həm bir kitabxana, həm şəfa ocağı, həm də mədrəsə kimi fəaliyyət göstərib. Tarixən müəyyən dağıntılar olmuş və kitabxana və şəfaxana dağılmış, sadəcə mədrəsə hissəsi, bugün məscid kimi fəaliyyət göstərən bu bina dövrümüzə qədər gəlib çıxmışdır.
İmam onu da bildirir ki, Mövlana Cəlaləddin Rumi dostu Əkmələddin Naxçıvanini “Həkimlərin böyüyü”, “həyat cövhərinin ən arınmışı”, “bəlaların və zəhərlərin dərmanı”, “ağıl ağaclarının meyvəsi”, “mərifət dəryasının cövhəri”, “hünərlər və gözəl iman sahibi”, “həkimlərin iftixarı”, “dinin və dövlətin əkməli” kimi sifətlərlə müraciət edərmiş. Sonralar Əkmələddin Naxçıvanı dünyasını dəyişəndə burada dəfn edilib. Bu gün isə məhəllə məscidi kimi buranın mömin müsəlmanlarının ixtiyarına verilib. Onu da öyrənirik ki, tarixi mənbələrdə, - Əhməd Əflaki özünün “Menâkibü'l Arifin” əsərində Əkmələddin Təbibin Həzrəti Mövlanəni yüz min İbn Sinadan daha dəyərli gördüyünü və Mövlanənin də qiyamət günü dünyanın bütün təbiblərinin Naxçıvaninin üzü suyu hörmətinə bağışlanacağını söylədiyini qeyd edir.
Feridun-i Sipehsalar Mövlanə və yaxın ətrafı ilə bağlı əsərində Mövlanənin ömrünün sonlarındakı xəstəliyi zamanı Əkmələddin Təbibin Qəzənfər adlı bir həkimlə birlikdə baş ucundan heç vaxt ayrılmadığını yazır.
İbn Sina şərhçisi də olaraq tanınan Əkmələddin Naxçıvaninin iki əsərinin bizə məlum olduğu da vurğulanır. Bunlardan birincisi İbn Sinanın “el-İşârât ve’t-Tenbîhât”ına yazdığı şərh, ikincisi də Fəxrəddin ər-Razinin İbn Sînânın “el-Kanûn fi’t-Tıb” adlı məşhur əsərinə yazdığı şərhdə İbn Sinaya qarşı irəli sürdüyü tənqidlərə cavab olaraq qələmə aldığı “el-Ecvibe” adlı əsəridir. Bu əsərin müəllifin özü tərəfindən Miladi təqvimlə 1302-ci ilin fevral ayında yazılmış əlyazma nüsxəsinin Türkiyənin “Köprülü Kitabxanasında”, hicri 19 Rəcəb 702, miladi 9 Mart 1303-cw ildə köçürülən digər bir nüsxəsi isə “Nuruosmaniye Kitabxanasında” olduğu qeyd edilir.
İmam İbrahim Öztürk danışdıqca bizim sinəmiz qürurdan qabarır. Məscidin içində ayrıca otaqda dəfn olunmuş Əkmələddin Naxçıvanini ziyarət edib, ruhuna fatihə oxuyub bir müddət gecənin xoş havasında bəy həkim məhəlləsində özümüzə rahatlıq axtarırıq. Memarlarımızın işi yekunlaşdıqdan sonra isə şəhərin insan qaynayan gecələrində Konyanın mərkəzi Əlaəddin təpəsi deyilən yaşıl və hündür dairəvi təpə ətrafındakı məkanların birində çay içirik. Tarixçi Rəna xanımla mən kitab mağazalarını gəzib əvvəlcədən müəyyən etdiyimiz kitabları almağa yollanırıq. Yerli sakinlərdən “Rampalı” adlı ticarət mərkəzinin tamamilə kitab mağazalarından ibarət olduğunu öyrənib tərif edilən istiqamətə üz tuturuq. Lap girişdəki kitab mağazasında Azərbaycandan olduğumuzu bilən ortayaşlı satıcı hər kitab haqqında təfsilatı ilə məlumat verir. Özünün də dediyi kimi təkcə kitab satmır, həm də kitabların hamısını oxumağa çalışır. Bu, onunla kitablar haqqındakı qısa fikir mübadiləsi zamanında da özünü açıq-aydın göstərirdi. Kitab mağazalarından ayrılmaq çətin olsa da yoldaşlarımızın yanına qayıtmalıyıq. Qayıdarkən Konyanın mərkəzində ucaldılmış Zəfər anıtı (Zəfər abidəsi) gözümə sataşır. Bu abidə haqqında əvvəlcədən hələ nəşr olunmamış bir məqalə hazırladığım üçün abidəni o dəqiqə tanıyıram. Mənim üçün bu abidənin maraqlı tərəfi odur ki, həmin abidənin üzərində Səlçuqlu dövrü memarlıq abidələri əks olunub və bunlardan biri də Möminə Xatın türbəsidir (Bu haqda qələmə aldığım yazını da oxuculara yaxın günlərdə təqdim edəcəyəm).
...Hamı toplaşandan sonra qaldığımız məkana qayıdırıq. Sabah isə böyük bir gündür bizim üçün. “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” beynəlxalq konfransı öz işinə başlayacaq. Yolda layihə rəhbəri Nərgiz xanım, qrup rəhbəri Cəbi müəllim son hazırlıqların nə yerdə olub olmadığını bir daha götür-qoy edirlər. Hamı bir-birinə uğurlar arzulayır. Səfərimizin ən önəmli mərhələsi məhz konfrans olduğu üçün məruzəçilərlə birlikdə digər heyət üzvləri də həyacanlıdır. Nemətullah Naxçıvaninin doğulduğu məmələkətdən dəfn olunduğu məmləkətə bu böyük islam alimini daha yaxından tanımağa və tanıtmağa gəlmişik.
Sabah, 23 may 2019-cu il Naxçıvan elmi-mədəni, həmçinin Naxçıvan gəncləri üçün tarixi bir gün olacaq. Biz bir neçə aydır məhz buna hazırlaşmışdıq. Konyaya yollanan heyətimiz isə hamılıqla buna hazır idi.
(ardı var)
Elxan Məmmədov
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru