Muxtar respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində müşahidə olunan uğurlu inkişaf digər sahələr kimi səhiyyəni də əhatə edir.
Ötən il muxtar respublikanın səhiyyə sistemində aparılan islahatlara uyğun olaraq publik hüquqi şəxs statusunda fəaliyyət göstərən 3 səhiyyə müəssisəsi təşkil edilib. Cari ilin əvvəlindən burada yeni qaydaların tətbiqinə başlanıb. Bu günlərdə həmin müəssisələrdən birində - Stomatoloji mərkəzdə olduq. Müəssisənin yeni təyin edilən baş həkimi Azər Həsənov 2012-ci ildən bu müəssisədə işləyir. Onunla mərkəzdə görülən işlər barədə söhbət etdik.
-Azər həkim, əvvəlcə müəssisədə aparılan islahatlar barədə məlumat vermənizi xahiş edirəm.
- Öncə onu bildirim ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 3 oktyabr tarixli Sərəncamı ilə Stomatoloji mərkəzə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu verilib. Mərkəz çevrilmə yolu ilə yenidən təşkil edilib. Müəssisənin fəaliyyəti üçün bütün işlər görülüb.
Mərkəzin fəaliyyətinin əsas məqsədi muxtar respublikada stomatoloji tibbi xidmətin göstərilməsi, eləcə də bu sahədə təcrübi biliklərə yiyələnməni təmin etməkdir.
- Yeni idarəetmə mexanizmi möhkəm maddi-texniki baza tələb edir.
- Elədir. Hazırda Naxçıvan Muxtar Respublikası “Stomatoloji Mərkəz” publik hüquqi şəxs akademik Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikası ilə eyni binada, 5-6-cı mərtəbələrdə yerləşir. Mərkəz müasir tibbi avadanlıqlarla təchiz olunub. 5-ci mərtəbədə cərrahiyyə, terapevtik və tədris, 6-cı mərtəbə isə rentgenoloji müayinə, ortopedik kabinə və texniki laborotoriya bölmələri fəaliyyət göstərir. Mərkəzdə həmçinin Mikroskop, Zoom aparatı, Elexsion Lazer aparatı və digər qurğular mövcuddur.
Mərkəzdə istifadə olunan tibbi alətlərin sterilizasiyası yüksək səviyyədə həyata keçirilir. Mərkəzimizdə həmçinin vizioqraf, apikal və panoram rentgen müayinələri aparılır.
Diş ətinin iltihabı, şəkərli diabet xəstələrində sağalmayan ağız yaraları, diş ətlərinin estetik bərpasında tam ağrısız və qansız funksiyalar məhz lazer aparatı ilə yerinə yetirilir. Zoom aparatı isə dişlərin tam ağrısız ağardılmasına xidmət edən müasir tipli aparatdır. Digər cihazlar da diş xəstəliklərini ən müasir şəkildə müayinə və müalicə etməyə imkan verir.
Mərkəzdə 8 həkim və 10 nəfər tibb işçisi fəaliyyət göstərir.
-Qarşınızda duran vəzifələr necə yerinə yetirilir?
- Fəaliyyət istiqamətimiz çoxşaxəlidir. Ağız boşluğunda və dişlərdə müayinə, terapevtik və cərrahi müalicələr aparırıq. Eyni zamanda elmi təbabətin və texnikanın nailiyyətlərini, eləcə də təbabətin qabaqcıl təcrübəsini də işimizdə tətbiq edirik. Stomatoloji xidmət əslində çox diqqət və xüsusi ustalıq tələb edən bir işdir . Burada həkimdən həm peşəkarlıq , həm də sanitar-gigiyenik qaydalara ciddi riayət tələb olunur. Biz də işimizdə maksimim səviyyədə bunu tətbiq edirik. Bundan başqa, Naxçıvan Dövlət Universitetinin tibb fakültəsi və Naxçıvan Tibb Kolleci tələbələri də bizdə təcrübələr keçirlər.
- Azər həkim, insan sağlamlığında dişlərin rolu nədir?
- Diş ətləri və çənələrin sağlamlığı, ümumiyyətlə ağız boşluğunun sağlamlığı insan orqanizminin sağlamlığı deməkdir. Sağlam qidalanma dişlərin və ağız boşluğunun digər orqanlarının sağlamlığı ilə sıx bağlıdır. Təəssüf ki, dişlərimizin nə qədər əhəmiyyətli olduğunu ancaq bu sahədə hansısa problemlər yaşadığımızda və ya onları itirməklə üz-üzə qaldığımızda anlayırıq. Bu danılmaz faktdır ki, həyatımızın müxtəlif vaxtlarında qarşılaşdığımız diş itkiləri bir çox fizioloji funksiyalarımızı ləngidir. Ümumi və ruhi sağlamlığımıza əhəmiyyətli dərəcədə mənfi təsir edərkən, estetik görünüşümüzü də pozan ciddi problemlərə gətirib çıxarır. ”Dişin ağrıyır çək qurtar” kimi tibbi məsləhət indi yalnız təbəssüm yaradır. Heç Əslinin bağrında Kərəmin dişlərinin “kariyes” diaqnozu ilə çəkilməsinə də ehtiyac yoxdur. Demək istəyirəm ki, dişlər yetkin adama bir dəfə verilir və onları mütləq qorumaq lazımdır. Bu baxımdan diş həkimliyi ən çətin , ağrılı məqamlarda bizim köməyimizə gəlir. Hazırda bizim mərkəzdə pasiyentlərə müasir stomatologiyanın mühüm sahələrini əhatə edən ixtisaslaşdırılmış və yüksək keyfiyyətli stomatoloji yardımlar göstərilir. Mütəxəssislərimiz diş əti xəstəliklərinin müayinə və müalicələrini aparır, müxtəlif üsullarla plomb, dişlərin estetik bərpası, diş daşlarının təmizlənməsi , əməliyyatla çəkiliş, keramik dişlərin qoyulması və ustalıqla digər tibbi xidmətlər icra edirlər. Həmçinin mərkəzimizdə hər ayın sonuncu həftəsi implant əməliyyatı aparılır.
Dişlər təkcə yaxşı qidalanma deyil, həm də gözəl təbəssüm deməkdir. Ona görə də son vaxtlar ən dəbdə olan və ən çox tələbat görülən estetik olaraq dişlərin kimyəvi ağardılması da mərkəzimizdə ən səmərəli, ən təhlükəsiz və ən asan üsulla həyata keçirilir. Xidmətləri göstərərkən xəstələrlə səmimi, gülərüz davranmaq iş prinsipimizdir. Xüsusən keyfiyyətli mualicə prosesinde pasiyentin həkimdən və onun işindən razı qalması çox vacibdir. Məhz bu cür yanaşma bizə müraciət edən hər kəsin sevgisini qazanmağımızın əsas səbəbidir. Biz hər kəsi qane edən qiymətlərlə yüksək və uzun müddətli keyfiyyət təklif edirik. Pasiyentlərə çatdırmaq istəyirəm ki, mərkəzin tibbi personalı sizi daim gülər üzlə qarşılamağa və hərtərəfli yardım göstərməyə hazırdır. Tibbi personalın məqsədi sizə sağlam dişlər, xoş gülüşlər bəxş etməkdir.
--Müsahibə üçün sağ olun!
Hüseyn Əsgərov
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi