Muxtar respublikada taxıl biçininə başlanılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın Ordubad, Culfa və Kəngərli rayonlarında taxıl biçininə start verilib. Bununla əlaqədar olaraq “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində səyyar müşavirə keçirilib.
Müşavirədə Cəmiyyətin texniki şöbəsinin rəisi Həzi Həsənov bildirib ki, bu ilki taxıl biçinində 94 kombayn iştirak edəcək. Kombaynlar saz vəziyyətə gətirilib, kifayət qədər ehtiyat hissəsi alınıb.
Biçin zamanı kombaynlara yerlərdə servis xidmətləri də göstəriləcək. Hər bir kombaynçı və sahibkar hər hansı bir problemlə üzləşsə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə və onun rayon bazalarına müraciət edə bilərlər. Onların hər bir müraciəti yerindəcə həll olunacaq.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov qeyd edib ki, torpaq mülkiyyətçiləri yaradılan şəraitdən səmərəli istifadə etməklə zəmiləri yaxşı becəriblər. Bu il taxılın alış qiymətləri növlərinə görə artırılıb. Belə ki, arpanın alış qiyməti bir kiloqramı 30 qəpik, buğdanın 1 kiloqramı 35 qəpik, qarğıdalının 1 kiloqramı 40 qəpik olub. Verdikləri taxılın dəyəri nağd şəkildə təsərrüfat sahiblərinə yerindəcə ödəniləcək.
Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi Ehtiram Məmmədov və Fövqəladə Hallar Nazirliyinin bölmə rəisi Mirtaleh Seyidov ot-taxıl biçinində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məsələlərindən danışıblar. Bununla yanaşı bildirilib ki, biçindən sonra taxıl sahələrini yandırmaq olmaz. Hər bir kombayn isə yanğın təhlükəsizliyi ilə bağlı mövcud avadanlıqlarla təmin edilməlidir.
Sonra kombanyçılara və sahibkarlara yanğın balonlarından istifadə qaydaları izah olunub, kombaynda baş verə biləcək müxtəlif nasazlıqların aradan qaldırılması ilə bağlı məsləhətlər verilib.
Əbülfəz Dünyamalıyev