Batabat, jurnalistlər və sosial şəbəkədə yayılan fotolar - FOTOLAR

A- A A+

Etiraf edək ki, bu il Naxçıvanın  iyun ayının əvvəli  ötən illərə nisbətən bir qədər isti keçir. Amma ömrü boyu burada yaşayan insanlar üçün bu adi haldır. Hətta bəzən Naxçıvanın qışda sərt şaxtası, yayda yandırıcı istisi belə yerli sakinlərin qürurla bəhs etdiyi hadisəyə çevrilir. Niyə də olmasın? Gərək yaşadığın torpağı, Vətəni  hər neməti ilə, olduğu kimi  sevəsən.  Amma necə deyərlər, Tanrı dərd verəndə, dərmanı da verir. İsti havaların ən yaxşı təsəllisi bir qədər hündür dağlara tərəf üz tutmaqdır. Xüsusilə də Batabat yaylağı bu zamandan başlayaraq ta ki qar yerə düşənə qədər hər kəsin qəlbinə sərinlik səpən bir  guşəyə çevrilir.

Elə biz də bir qrup “media əhli”  olaraq bu dəfə Ramazan bayramı münasibətilə verilən istirahətin bir gününü Batabatda keçirməyi qərara aldıq. 20-yə qədər adamın iştirak etdiyi qrupda muxtar respublikada və ölkədə qəzet, radio və televiziya sahəsində yetərincə imzası olan, hətta digər sahələrdə işləsə belə jurnalist kimi  tanınan həmkarlarımız  yer almışdı. Əslində “Şərq qapısı” qəzetinin təcrübəli əməkdaşı 60 yaşlı Muxtar Məmmədov da, Naxçıvan Televiziyasının və “Naxçıvanın səsi” radiosunun gənc əməkdaşları  Şükufə Həsənova və Səriyyə Alməmmədova  da etiraf edirlər ki, ilk dəfədir ki, bu qədər jurnalisti bir arada görürlər. Nə edək, gündəlik peşə fəaliyyəti ilə məşğul olaraq tamaşaçılara, izləyicilərə və oxuculara maraqlı xəbərlər, verilişlər təqdim edən “qələm əhli”nin istirahəti də elə onların işlə bağlı getdikləri yerlər olur. Yəni yazı, çəkiliş, müsahibə üçün hansısa kəndə, şəhərə yollananda orada işləyə-işləyə, adamlarla söhbətləşə-söhbətləşə  keçən günün içərisinə sığır  jurnalistin istirahəti. Çünki 19 saat izlənən televiziya, 24 saat oxunan sayt, səhər erkəndən gecə yarıya  qədər 19 saat  yayımlanan radiodakı, həftədə bir neçə gün davamalı olaraq çıxan qəzetdəki hər bir material zamanında öz auditoroiyasına çatdırılmalıdır. Nə isə.. Məqsədim gileylənmək deyil, əksinə seçdiyimiz peşənin maraqlı məqamlarını, bəlkə də hər bir peşəkar jurnalist üçün romantikası sayılan, necə deyərlər “kadrarxası  məqamları”nı izləyicilərlə bölüşməkdir. Buna görə də bir qədər təşəbbüs göstərib həmkarlarımızla biz də istirahət üçün Batabata üz tutduq. Amma bu dəfə peşəkar jurnalist kimi deyil, sadə vətəndaş, qeyri-peşə sahibi kimi baxırıq Batabata. Yəni indi Batabat bizim üçün “geniş iş masası”, “çəkiliş meydanı” və “xəbər mənbəyi” deyil, sadəcə hamının istirahət etdiyi bir yerdir. Belə olanda deyəsən elə bu “Mərcan gözlü gözəl” də adamda başqa təəssürat yaradır.

Naxçıvançayın sahili ilə salınan rahat yolla, çay axının əksinə  Batabata tərəf irəlilədikcə düşünürsən ki bu dağlar və çay da nəfəs alır. Onlar Naxçıvanın aran zonasındakı istisini sanki udaraq onu sərin nəfəslə əvəz edir. Getdikcə sərin bir hava axını avtobusun pəncərəsindən içəri dolur. Zirvədəki qar isə bu axını sanki bir qədər də soyudur. Yolboyu hələ ki istinin yandıra bilmədiyi yaşıllıq dağlara tərəf bir qədər də tündləşir və rəngarəngləşirdi. Bura hər birimiz bəlkədə 100 dəfə gəlmişik. Amma hər dəfə gələndə elə bil Batabat yeni bir sürprizlə adamı qarşılayır. Olmasa belə özün özlüyündə nə isə bir yenilik axtarırsan. Bəlkə də buranı insanlara sevdirən də elə budur?! Batabatın təbiətində maraqlı bir məqam diqqəti çəkir. Buradakı dağ yamacları, alp çəmənlikləri sanki saysız-hesabsız naxışla süslənən yaşıl bir xalını xatırladır. Zəngin flora öz-özü ilə bir rəqabət aparır- sanki çiçəklər, şəfalı bitkilər özlərini insana daha çox göstərməyə və gözəlliyini sərgiləməyə can atır. Yəqin ki, hər kəs  burada olarkən hansı rəngli çiçəyin daha gözəl olduğunu seçə bilmir. Çünki ağ, sarı, çəhrayı, qırmızı, hətta yaşıl rəngdə olan  çiçəklərdən təbiət özü Batabata gözəl bir çələng hörüb. Əslində elə o çələng  bura gələn insanlara təqdim edilən ən yaxşı hədiyyədir! Dağların çılpaqlığını itirmək üçün “əyninə geydiyi”  yaşıl meşə, zirvəsində “xəstə üçün” il boyu qalan və bir əlçim buluddan seçilməyən  tala qar, nəinki diş, hətta əli belə göynədən buz bulaqlar,  gursulu dağ çayı, möcüzəli Üzən adaları ilə dumduru, ayna kimi  göllər ancaq Sevgi və Gözəllik pıçıldayır.  Təbiət burada hər şeyi sanki qəsdən, kompleks şəkildə birləşdirib. “Zor bulağ”ın üstündəki qayalıq- “Nəbi eyvanı” nə qədər kələ-kötür daşlardan olsa da yaşıl Batabat “xalısı”nın gözəlliyinə kobudluq gətirmir, əksinə bu ucsuz-bucaqsız xalının yaşıllıq içində itən bir naxışına dönür. Qrupda bizimlə birlikdə iştirak edən Türkiyədən gələn qonaq-jurnalist Məhəmməd Akkuş dağ turizmi ilə də məşğul olur.  İlk dəfə buranı görən türkiyəli həmkarımız özünü saxlaya bilməyib yalın əllə dağa dırmanır və bir söz deyir- Dağçılar bu qayalara sözsüz etibar edə bilərlər. Onların üzərinə çıxarkən özünü güvəndə hiss edirsən.

Əməllicə istirahət edirik. Təbii ki, peşə vərdişi burada da instinktiv olaraq işə düşür. Ən yaxşı məqamlardan çəkilən şəkillər, fotolar anındaca sosial şəbəkələrdə paylaşılır. Maraqlı məqamlarla bağlı  rəylər, fikirlər, yazılar  bu dəfə izləyicilərdən gəlir. Görünür, auditoriya bir qədər rəsmi görünən yerli jurnalistləri bu dəfə başqa xüsusiyyəti ilə tanıyır. Əslində jurnalistika elə budur, öz auditoriyanı həmişə, yaxşı mənada təəccübləndirə biləcəksən.  

Günün sonunda bir fikir dolanır başımda - bu Batabatdır. Bütün gözəlliyini hamının qarşısında çəkinmədən, təmənnasız olaraq sərgiləyən Mərcangözlü  Batabat. O, həm yaraşıqlı, həm gözəl,  həm də hər kəs üçün etibarlı bir dostdur!

Səməd Canbaxşiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: