Ağartı məhsullarımız can sağlamlığıdır

A- A A+

Süd ağartı məhsullarının birincisidir. Tezdən və axşam süd içmək orqanizmin dəmirə olan ehtiyacını ödəyir. İsti südə bal qatıb içmək orqanizmdə olan soyuqlamanı aradan qaldırır. Südün içərisinə yumurta çalıb içmək bədənin müqavimətini artırır. Süd dərinin normal və yumşaq qalmasında ən əvəzsiz qidadır. Soyuq havada isti süd aşı içmək adama xüsusi ləzzət verir. Düyü, yarma, vermişil, əriştə ilə bişirilən südlü aşlar çox ləzzətli olur.

Südü bişirəndə çalışmaq lazımdır ki, çox qaynasın. Onda süd yaxşı üz tutur. Ən bol və dadlı süd qaymağı otlar çiçək açan vaxt olur. Payız südünün qaymağı isə qalın olur.

Süddən qatıq, pendir hazırlanır. Milli mətbəximizdə qatıq ən çox yeməkdən sonra yeyilir. Yeməkdən sonra yeyilən qatıq həzmi asanlaşdırır. Çox vaxt yatmazdan əvvəl qatıq yemək rahat yuxuya şərait yaradır.

Ayrandan dədə-babadan milli mətbəximizdə sərinləşdirici içki kimi istifadə olunur. Qatıqdan həmçinin qurut da hazırlanır. Süzülmüş bərk hissəsinə azacıq duz qarışdırılır. Ovucun içərisində kiçik kündələr kimi  sığallanaraq qurut qoyulur. Qurut qış yeməklərinin şahı sayılır.

Qatıqdan şor-kərə hazırlanır. Nehrədə və ya qatıq çalxayan maşında çalxanmış qatığın yağı götürüldükdən sonra ayran vam odda qaynamağa qoyulur. Qaynara düşən vaxt içərisinə azca duz əlavə olunur. Cürüyəndən sonra soyumaq üçün yerə qoyulur. Sonra torabaya tökülür. Suyu süzüləndən sonra dənər-dənər olan şor ayrı qaba yığılır. Şor iki cür olur: duzlu, duzsuz. Duzlu şor hazırlamaq üçün təzə süzülmüş şorun içərisinə üzlü pendir ovulmuşu qatılır. Duzlu şordan şəhər yeməyi vaxtı istifadə olunur. Duzsuz şorun müalicəvi əhəmiyyəti var. Qan azlığında duzsuz şordan istifadə olunur.

Şor-kərə, bal-kərə, yumurta-kərə qüvvəli səhər yeməkləridir. Dədə-babadan bal-kərə dürməyi qola qüvvət, dizə taqət gətirir.

Pendir qaramal və davar südündən, ayrı ayrılıqda bəzən də onların qarışığından hazırlanır. Pendir dörd cür olur: üzlü, üzsüz, sərmə, basdırma.

İnək pendiri süd sağılan vaxt azacıq isidilərək içərisinə maya vurmaqla hazırlanır. İnək pendirinin dadı özünəməxsus olur.

Sərmə pendir hazırlamaq üçün süd bişirilib sərilir. Üzü yığılıb qaymaq hazırlanır, qalan süddən pendir vurulur. Sərmə pendirin dadı-tamı başqa cür olur. Bu pendirdən qaymaq ətri gəlir.

Basdırma pendir ən çox isti yerlərdə hazırlanır. Hərarətin yüksək olduğu yerlərdə vurulan pendiri saxlamaq üçün yeri qazıb hazırlanmış pendiri torpağın dərin qatında sərin yerə qoyurlar.

Keçi pendiri bazarın ən yaxşı satılan məhsuludur. Dədə-babadan keçi südü ana südünə bərabər tutulduğundan bu süddən hazırlanan məhsullar yüksək qiymətləndirilir.

Üzsüz pendir üzü çıxarılmış süddən hazırlanır. Pendir vurulanda əvvəl öz suyunda salanılır. Sonra süzülür, qaynadılıb soyumuş suya duz qatılaraq “şərov” hazırlanır və pendirin üzərinə tökülür. Pendir vurulandan 40 gün sonra yeyilir. Pendirin yumşaq və yağlı olması üçün üzərinə bəzən bişmiş süd, bəzən də azacıq kərə əlavə olunur. Pendir duzda saxlanılır. Duza yatan pendir uzun müddət qalır, keyfiyyətli və tamlı olur.

Pendirin süzülməmiş dələmə adlanan hissəsi də çox faydalıdır. Dələmə uşaqlarda qurd xəstəliyinin qarşısını alır. Dələmə ilə süzülüb ovulmuş pendirin qarışığından kəsmik hazırlanır. Kəsmik səhər yeməyində  yeyilir. Həmçinin pendirin süzülmüş suyundan lor hazırlanır. Pendirin suyu qaynadılır, süzülür. Alınan bərk yağlı hissə lor adlanır. Lor dadlı olur. Ən çox dürməklə yeyilir.

Qatıqdan hazırlanan ayrandan ovduq düzəldilir. Ovduğun içərisinə pencər, xiyar doğranılır, duz vurulur. Doğrama şəklində sərinlədici yemək kimi yeyilir.

Ayrandan həmçinin ayran aşı bişirilir. Təbii pencərlərdən hazırlanan ayran aşı dadlı olur. Yarpız, əvəlik, dağ keşnişi, nanə ayran aşına xüsusi dad verir.

Süd sağımının qızğın vaxtında xamanın ayranından da aş bişirilir. İldə bir-iki dəfə bişirilən bu yeməkdən qonşulara da pay ayrılır. Kərədən şit yağ hazırlanır. Kalorisi və dadına görə başqa yağlardan fərqlənir.

Milli mətbəximizdə istifadə etdiyimiz ağartı məhsullarının hər biri dadlı və faydalıdır. Bu məhsullardan istifadə edək ki, canınız sağlam, ruhumuz şən olsun.

 

Tərlan Məhəmmədqızı

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: