İnsanın həyata və ayrı-ayrı predmentlərə baxışında iki cəhət özünü göstərir: Birincisi utilitarlıq, yəni gərəklilik və faydalılıq, ikincisi estetiklik və gözəllik. Tarix boyu insanlar geyimdən bilavasitə öz ehtiyaclarını ödəmək, yəni xarici mühitin təsirindən, yağışdan, qardan, soyuqdan, küləkdən, qızmar günəşdən qorumaq vasitəsi kimi istifadə etməyə çalışıb, yalnız bundan sonra onun səliqəli, gözəxoş olmasına fikir veriblər. Paltarın gözəl və yaraşıqlı olması, dəbə müvafiqliyi ilə iş bitmir, gərək bu və ya digər geyimdən nə vaxt, harada istifadə edilməsi qaydası unudulmasın. İnsan gözəl olmağa çalışır, öz ətrafındakı adamların da yaraşıqlı olmasını arzulayır. İnsan hər şeydə gözəllik və səliqə axtarır. İnsan gözəlliyi bir-biri ilə sıx bağlı olan zahiri, fiziki gözəllik və daxili, mənəvi gözəlliyin vəhdətində görür. Zövqlə geyinməyi bacarmaq insanın mədəniyyətini göstərən cəhətlərdən biridir. Geyimin başlıca estetik əhəmiyyəti ondan ibarətdir ki, o, insanın sürətini, simasını tamamlayır, onu mühitlə əlaqələndirir. Mühitlə əlaqələndirilməsi dedikdə cəmiyyət tərəfindən geyimin necə qəbul edilməsi nəzərdə tutulur. Belə ki, xüsusilə gənclər geyim seçimində öz zövqlərinə görə deyil də ətrafdakı insanların fikri ilə geyinməyə üstünlük verirlər. Bu da ilk növbədə özünəinamsızlıq, özünəgüvənsizlik kimi xarakterin formalaşmasına gətirib çıxarır ki, öz fikrini həyata keçirmə bacarığını itirir. Bu vəziyyət həmin gəncin kənardan idarə olunması mənasını ifadə edir.
Əxlaqın birinci göstəricisi geyimdir. Eyni zamanda paltar insanı tərbiyə edir, desək yanılmarıq. Təmiz, yaraşıqlı paltar geymiş adam çalışır ki, hərəkəti də, sözü-söhbəti də gözəl olsun. Gözəl, səliqəli geyinmiş adam ətrafdakılara zövq verir. Özü də başqa birisinin yaraşıqlı geyimindən, təravətli görkəmindən və simasından zövq alır. Deməli, dəblə, səliqə ilə geyinmiş adamlar ətrafdakıların da zövqünü oxşayır, bir-birilərinə sevinc verirlər. Gözəllik, xoş duyğu, sağlam zövq, sevinc hissi isə insanı cavanlaşdırır. Onu sağlam, üzügülər, alnıaçıq, nikbin və əzmkar edir...
Ayxan Hüseynli