Culfada mualicə turizmi üçün geniş potensial var

A- A A+

Muxtar respublikamızda müxtəlif kimyəvi tərkibə və temperatura malik 250-dək mineral su mənbəyi vardır. Bu bulaqlardan gün ərzində milərlə litr su axır. Naxçıvanın mineral sularının müalicə əhəmiyyəti hələ qədim zamanlardan məlumdur. Əhali bu sulardan keçmişdə də müalicə olunmaq üçün istifadə edib. Culfa rayonunun ərazisindəki Darıdağ suyundan sümük-oynaq, əzələ sistemi xəstəliklərində, o cümlədən “duzlaşma” adlanan xəstəliklərin müalicəsində geniş istifadə olunub. 1978-ci ildən fəaliyyətə başlayan Darıdağ Arsenli Su Müalicəxanası 2005-ci ildə yenidən qurularaq istifadəyə verilib. Burada xəstələrin müayinəsi və istirahəti üçün hərtərəfli şərait yaradılıb.

Naxçıvan-Ordubad magistralından bu şəfa qaynağınadək olan avtomobil yolu asfaltlanaraq yenidən qurulub. 2017-ci ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Darıdağ Arsenli Su Müalicəxanasının yenidən təşkil edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən müalicəxanaya publik hüquqi şəxs statusu verilib. Bu da şübhəsiz, əhalinin belə bir vacib, kurort-sağlamlıq müəssisəsinin xidmətlərindən daha yaxşı istifadə etməsi üçün geniş imkanlar açır. Onu da qeyd edək ki, bu il mart ayının 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Darıdağ arsenli su müalicə və istirahət kompleksinin yaradılması məqsədilə tikinti aparılacaq əraziyə gəlib, kompleksin layihəsinə baxıb. Hazırda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin dörd mərtəbədən ibarət əsas korpusunun tikintisi aparılır. Burada otel və xidmət sahələri fəaliyyət göstərəcək. Bu il Darıdağ Arsenli Su Müalicəxanasında müalicə alan turistlərin sayı 2000-i ötüb ki, onların da 150-dən çoxu xarici ölkələrin vətəndaşıdır.

Göründüyü kimi, hər il bura nəinki ölkəmizin ayrı-ayrı rayonlarından, həmçinin əcnəbi turistlər də gəlir. Təbiətin gözəlliklərini seyr etməklə yaranan estetik zövq də güclü bir şəfa dəyərinə malikdir və insanın psixoloji vəziyyətində toplanmış neqativ enerjinin aradan qalxmasına kömək edir. Bu mənada rayonumuzun Ərəfsə və Boyəhməd kəndlərindəki Xəzinədərə, Gəvik meşəsi və Koladərə yaşıllıqlarından da bəhs etmək yerinə düşər. Müdriklər demişkən: - “Təbiət nə qədər zəngin olarsa, insanın zövqünü də bir o qədər oxşayar, sağlamlığına da bir o qədər müsbət təsir göstərər”. Hər kəsə qucağını səxavətlə açan bu yaşıllıqlarımız bizim müalicə ocaqlarımızdır.

Heç də təsadüfi deyil ki, bu yerlər hər ilin isti yay günlərində istirahət yerinə çevrilir. Bu yerlərə gələn əcnəbi turistlər də buradan xoş təəssüratla ayrılar. Gözəl mənzərələri, iqlim xüsusiyyətləri ilə tanınan rayonumuzda müalicə turizmi üçün geniş potensial vardır. Ümidvarıq ki, rayonumuzun ən ucqar yaşayış məntəqələrinə səyahət edənlər bu yaşayış məntəqələrinin müasirliyə qovuşduğunu görməklə yanaşı, müalicə turizmi kimi də nə qədər əhəmiyyətli olduğu barədə təəccüblərini gizlətməyəcəklər.

 

                                                                           Hüseyn Şəkərəliyev

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: