Diyarımız müxtəlif meyvə çeşidləri ilə zəngindir. Becərilən ərik sortlarının əksəriyyətinin (alça-ərik, ağ növrəstə, qırmızı növrəstə, haqverdi əriyi, ağcanabat, ağ təbərzə və ya balyarım, toxum şəmsi, qara və sarı təbərzə, əbutalıbi, xosrov şahi) vətəni məhz Naxçıvandır. Min illər boyu Naxçıvan əhalisinin öz məişətini qurmasında, ailə təsərrüfatının təşkilində ərik meyvəsi müstəsna yer tutub. İstər ailənin meyvə ilə təminatında, istərsə də əmtəəlik məhsul istehsalında təzə, qurudulmuş, qax formada ərikdən istifadəyə edilib.
Tarixi qaynaqlarda Naxçıvan ərazisində əriyin üç min il əvvəl becərilməsi öz əksini tapıb. Bu diyarın qədim ərik sortları tarixən qonşu ölkələrə ixrac olunub. Ata-babalarımız isə ərik bağlarını salarkən hansı sortlardan istifadə edilməsinə və nə qədər əkilməsinə, yerin iqlim şəraitinə, ən əsası isə bazarın təşkilinə ciddi riayət ediblər. Şübhəsiz, o zaman istər Naxçıvan, istərsə də Ordubad şəhərlərində yaşayan əhalinin həyətyanı sahələrində ərik olduğu üçün bazarın təzə məhsula tələbatı aşağı idi. Əsas bazar Qərbi Azərbaycanın şəhər və kəndləri, İrəvan və digərləri hesab edilsə də, məhsulu bu bölgələrə çatdırmaq çox çətin başa gəlirdi. Ona görə də əhali əsasən, qurutmaq üçün yararlı olan haqverdi, ağcanabat, ağ təbərzə (balyarım), əbutalıbi, badamı ərik, hampa ərik, ağ ərik sortlarına üstünlük verirdi. Naxçıvanın hər yerində ərik becərilsə də, Ordubad üstünlük təşkil edir, bu meyvəsinin qurudulması, saxlanılma qaydası nəsildən-nəslə ötürülürdü. XX əsrin əvvəllərində Məmməd Həsən Baharlı Naxçıvan əriyinin dadına, zərifliyinə, iyinə və böyüklüyünə görə məşhur olduğunu qeyd edirdi.
Əlbəttə, hər zamanın öz hökmü, öz tələbi var. İstehsalçı çevik hərəkət etməli, işini zamanın tələblərinə uyğun qurmalıdır. Bu gün Naxçıvanda əhalinin sayının artması, məskunlaşma bazarda təzə meyvəyə olan tələbatı da artırır. Ona görə də bağlarda tez yetişən ərik sortlarının sayını artıran təsərrüfat rəhbərləri əhalini təzə meyvə ilə təmin etməklə yanaşı, ailə təsərrüfatlarını da inkişaf etdirir, gəlirlərini artırırlar. Naxçıvanda ən tez yetişən ərik növü isə el arasında “mayovka” kimi tanınan növrəstə əriyidir. Naxçıvanın qədim ərik sortlarından olan növrəstənin – nübar əriyin iki növü var. Ağ növrəstə əsl Ordubad sortudur. Adından da göründüyü kimi may ayının axırı, iyunun əvvəllərində yetişir. Yetişdikdən sonra bir neçə gün ərzində yeyilməlidir. Qurutmaq üçün yararlı deyil. Həm ağ, həm qırmızı növrəstə daşınan zaman tez əzilir, ona görə də meyvələr tam yetişməmiş toplanır. Qırmızı növrəstə Naxçıvanın qədim və məşhur sortlarındandır. May ayının axırı, iyun ayının əvvəllərində yetişir. Toxum şəmsi isə “Mayovka”dan az sonra yetişən, daha çox Ordubad rayonunda tanınan ərik sortudur. Toxum şəmsi sortu da iki yerə, qırmızı toxum şəmsi və ağ toxum şəmsinə ayrılır. Hər ikisi iyunun əvvəllərində yetişir. Yetişdikdən sonra növrəstə sortundan fərqli olaraq ağacın üstündə uzun müddət qalır, daşınma və qurutma üçün əlverişlidir.
Bu gün Naxçıvanın bazar-dükanlarında növrəstə əriyini asanlıqla tapmaq olar. Amma bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, bəzən alıcılar növrəstəni xaricdən gətirilən başqa ərik növləri ilə qarışdırırlar. Təcrübəli alıcılar ilk yetişən və nübar meyvə olan yerli növrəstə əriyini asanlıqla tanıyırlar. Bir də bazarda “mayovka çıxdı, göycə alıcısı azaldı, toxum şəmsi çıxdı, göycə satışı dayandı”, – deyirlər. Növrəstə ərik daha çox Ordubad rayonunun Dəstə və Şərurun Araz sahili kəndlərində becərilir. Çünki burada məhsul digər yerlərə nisbətən 10-15 gün, bəzən isə bir ay tez yetişir.
Naxçıvanda, el dilində deyildiyi kimi “uşağın gözü özündə olsun” deyə hər həyətdə heç olmasa bir ağac “növrəstə ərik” əkilir.
Zaleh Novruzov