Elimizin dərman bitkiləri - FOTOLAR
Ordubad rayonunun faunası çox zəngindir. Müasir tibb elmində istifadə olunan dərman bitkilərinin əksəriyyəti muxtar respublikamızda, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Ordubad rayonunda bitir. Rayonumuzun ərazisində geniş yayılmış bu bitkilərin inkişafı üçün lazımi iqlim şəraiti vardır. Məhz buna görə də Ordubadda bitən dərman bitkilərinin kimyəvi tərkibi zəngin və müxtəlifdir.
Qeyd etmək lazımdır ki, müalicəvi əhəmiyyətə malik olan bir sıra dərman bitkisinin tərkibində xüsusi təsiredici maddələr vardır ki, bunlar-alkalloidlər, qlyukozidlər, saponinlər, aşı maddələri, efirli yağlar, acı maddələr, selik, vitaminlər, qətranlar, fitonsidlər adlanırlar. Məlum məsələdir ki, hər bir dərman bitkisinin insan orqanizminə müəyyən təsiri onun tərkibində olan təsiredici maddələrin az və ya çox olması ilə qiymətləndirilir.
Dərman bitkilərinin tərkibində olan təsiredici maddələrin miqdarı həmin bitkilərin inkişaf dövrü ilə əlaqədardır. Təsiredici maddələr adətən dərman bitkilərinin müəyyən hissələrində-köklərində, gövdələrində, yarpaqlarında, çiçəklərində müxtəlif vaxtlarda, müxtəlif miqdarda olur. Buna görə də bitkilərdə olan dərman xammalının ancaq lazımi hissələri toplanaraq tədarük edilir.
Dərman xammalının keyfiyyətli olması onun vaxtında və münasib şəraitdə yığılaraq qurudulması ilə ölçülür. Rayonumuzda bitən ayrı-ayrı dərman bitkilərindən bir neçəsinin xüsusiyyəti, zahiri görünüşü, müalicəvi əhəmiyyəti haqqında məlumat vermək istəyirik.
Dəvədabanı: Xırda ot bitkisi olub böyük və uzun saplaqlı yarpaqları, sarı çiçəkləri vardır. Bu bitki yazın ilk aylarında çiçək açır. Bitkinin yarpaqlarını yazın orta aylarında toplayaraq quru havada kölgə yerdə qurudurlar. Bitkinin tərkibində 2,63 faiz acı qlyukozid vardır. Xalq təbabətində bu bitkinin yarpaqlarından bişirmə və dəmləmə şəklində bəlğəmgətirici və ösgürəyi sakitləşdirici dərman kimi işlədilir.
Gülxətmi: Çoxillik ot bitkisidir. 1-1,5 metr hündürlükdə olur. Qol-budaqlı gövdəyə malikdir. Bitki iyun ayında çiçək açmağa başlayır. Kökünün tərkibində zəif qoxulu, şirintəhər selik maddəsi vardır. Gülxətmi bitkisinin kökündən tənəffüs yollarının iltihabında dəmləmə şəklində bəlğəmgətirici dərman kimi geniş istifadə edilir. Bitki adətən çəmənliklərdə, çay kənarlarında, kolluqlarda, çox rütubətli yerlərdə yabanı halda geniş yayılıb.
Acı qovuq: Düyümlü kökləri olan çoxillik ot bitkisidir. Yerüstü gövdəsi yoxdur. Lakin çoxlu uzunsov lanset şəkilli kökyanı yarpaqları vardır. Bitkinin çiçək oxunun başında səbətəoxşar sarı rəngli iri çiçəkləri yerləşir. May, iyun, aylarında bitki çiçək açır. Kökündən başlayaraq çiçəyinə kimi bütün bitki acı dadlıdır. Yabanı halda rayonumuzun çəmənlik, kolluq və əkin yerlərində bitir. Bitkinin köklərində yerləşən borucuqlarında acı süd şirəsi vardır. Həmin süd şirəsindən müasir təbabətdə ekstrat hazırlayırlar ki, bundan həb dərmanlarının tərkibində iştahagətirən və həzm prosesini yaxşılaşdırmaq üçün istifadə edilir.
Bağayarpağı: Uzun saplağı, dairəvi forması, kənarından bütöv iri yarpaqları vardır. Qonur rəngli çiçəkləri sünbül formasında yerləşmişdir. Bitkinin çiçəklənmə dövrü may, iyun aylarından başlayaraq avqust, sentyabr aylarına kimi davam edir. Xalq təbabətində bitkinin yarpaqlarından yarasağaldıcı məlhəm kimi istifadə edilir. Bunun üçün bitkinin yarpaqlarını çiçək açan vaxt toplayıb açıq havada qurutmaq lazımdır. Bağayarpağının toxumlarında zülal, selik, aşı maddələri, piyli yağlar vardır. Son zamanlar bitkinin toxumlarından bişmiş halda zəif işlədici dərman kimi istifadə edilir. Bitkiyə çəmənliklərdə, su kənarlarında rast gəlmək olar.
Kəklik otu: Yerlə sürünən gövdəyə malik kol bitkisidir. Yarpaqları oval şəkillidir. Xırda çiçəkləri qırmızı-bənövşəyi şəkildə olub, gövdə və qol-budaqlarının axırında dəstə-dəstə yerləşib. Bitkinin tünd, xoş ətri vardır. Kəklik otu bütün yay fəsli boyu çiçək açır. Bitkinin əsas təsiredici maddəsi efirli yağdır. Kəklikotundan tibbi preparatlar şəklində öskürəkkəsici, spirtli çıxarışından isə ağrılarda xaricə sürtmə dərmanı kimi istifadə edilir.
Kəklikotu bitkisinə rayonumuzun dağ və dağətəyi yerlərində yabanı halda rast gəlmək olar.
Nanə: Çoxillik ot bitkisi olub, 0,5 metrə qədər hündürlükdə budağı və dördkünc gövdəsi vardır. Dərman məqsədi ilə ən çox iki cür nanə bitkisindən istifadə edilir:
1. Gövdəsi qırmızı-bənövşəyi olan qara nanə;
2. Gövdəsi açıq yaşıl rəngdə olan ağ nanə və ya ingilis nanəsi.
Bitkinin çiçək açan vaxt yarpaqlarını toplayıb qurudaraq su buxarı vasitəsilə nanə yağı alırlar. Alınmış nanə yağı bir sıra dərmanların tərkibində işlədilir. Əkilən nanənin yarpaqlarından dəmləmə şəklində mədə-bağırsaq xəstəliklərində, spazmanın qarşısını almaq, həzm prosesini yaxşılaşdırmaq və qusmanın qarşısını almaq məqsədilə geniş istifadə edilir.
Cəfər Nəsirli,
əczaçı
“El həyatı” qəzeti