Mətbəximizdə bişirilən zəngin yeməkləri yeyəndə çox vaxt turşulardan, şorabalardan istifadə edirik. Təbiətimiz o qədər zəngindir ki, yazın ilk aylarından növbəti qışa hazırlıqlara başlayırıq. Çöllərimizdə bitən təbii dağ pencərlərindən gözəl turşular, şorabalar hazırlanır. Soyuq qış günlərində kalorili yeməklərlə yeyilən bu turşular adama xüsusi ləzzət verir.
May-iyun ayları yurdumuzun təbii pencərlərlə ən zəngin olan dövrüdür. Dağlarımızda çaşır, acıqabıq, kəvər, çaylarımızda, bulaq axarlarında baldırğan, dərələrimizdə əvəlik, sippir, ələyəz göz oxşayır. Hərəsinin öz dadı, öz tamı var.
Yazda turşu üçün erkən yığılan yaz pencəri acıqabıqdır. Üst qabığı təmizlənən acıqabıq qaynar suda pörtələdilir. Pörtədilmiş acıqabıq soyuq suya salınır. Suyu tez-tez dəyişdirilib süzülür. Acıqabıq turşusuna alça, gilənar yarpağı, lavaşa, arpa əlavə edəndə rəngi tez saralır. Pendir suyuna salınan acıqabıqdan pendir dadı gəlir.
Çaşır müalicəvi əhəmiyyətli bitkidir. Mədə xəstəliklərinə, onkoloji şişlərə yaxşı təsir edir. Çaşır ölçülərinə görə seçilir, körpələri ayrı, böyükləri ayrı pörtlədilib. Bir müddət soyuq suda saxlanılır. Çaşırın azacıq qaynadılmışı yeməklə, pendir-çörəklə də yeyilir.
Son vaxtlar çöl pencərlərindən hazırlanan turşuları da bankaya yığıb qazanda qaynadırlar. Litrə bir xörək qaşığı duz vurub bir çay qaşığı sirkə əlavə edərək ağzını bağlayırlır. Çaşır, acıqabıqın pörtlədilmişi polietilen torbalarda soyuducuda da saxlanıla bilər.
Çöl kəvəri təmizlənir, kök və gövdə hissəsi ayrı-ayrılıqda qaynar su ilə pörtlədilir. Qaynar su tökülmüş kəvər suyu süzüləndən sonra bankalara yığılır. Duz vurulur, üzərinə alça yarpağı və ya turşəng qoyulur.
Baldırğandan da turşu qoyulur. Həm baldırğanın yarpağının gövdəsindən, həm də soyulmuş özək baldırğandan turşu qoyulur. Baldırğanın özəyi və budaqları ayrı-ayrı pörtlədilir, sonra soyuq suya salınır. Baldırğan turşusu da qış yeməkləri ilə yeyilir. Doğrama, qızardılmış yeməklərin yanında verilən bu turşular xörəyin dadını birə min artırır.
Hər mövsümün özünəməxsus hazırlıqları var. Xalqımızın yazdan qışa hazırlıq görmək adətinin kökləri də ta qədim dövrlərə gedib çıxır. Babalarımız əbəs yerə deməyiblər: -Xumunda olan küpələr həmişə dolu olsun.
“Arazən səsi” qəzeti