Yay mövsümünün dadlı meyvəsi –Gilas

A- A A+

Bütün meyvələri mövsümündə yemək gözəldir. Çünki həm öz təbii dadında olur, həm də tərkibində olan vitaminlərin orqanizmə daha çox faydası toxunur. Elə yay mövsümündə də çoxumuzun sevdiyi  zəngin vitamin deposu olan dadlı-tamlı meyvələrdən sayılan gilas, əsl şəfa mənbəyi hesab edilir. Gilasın sulu və tumlu meyvələrinin tərkibində orqanizmdə qocalığı ləngidən və həzm sistemini yüksək səviyyəyə çatdıran antioksidantlar var. Orqanları hüceyrə zədələnməsinə qarşı qoruyan gilas, C, A, K vitaminləri ilə yanaşı  fosfor, dəmir və kalsium kimi minerallar baxımından da zəngin bir nemətdir.

Gilas adətən iki növdə ağ və qırmızı olur.  Həm qırmızı, həm də ağ gilasın kimyəvi tərkibi oxşardır. Lakin tərkibində olan bəzi maddələrə görə qırmızı gilas daha faydalı hesab edilir. Belə ki, qırmızı gilasın tərkibində “antosian” maddələri var ki, bu maddə kapillyarlar da daxil olmaqla damarların divarlarını möhkəmləndirir, ürək-damar sistemi xəstəliklərindən qoruyur, şəkərli diabet riskini, xərçəngin inkişafı riskini azaldır, orqanizmdə hüceyrələri yeniləyir və cildi cavanlaşdırır.

Qırmızı gilasın turş növləri daha faydalı sayılır. Çünki onların tərkibində  sağlamlıq üçün vacib olan orqanik turşular daha çoxdur. Qırmızı gilas dəmirlə zəngindir və  bu da onu ağ gilasla müqayisədə daha faydalı edir. Ağ gilasin yeganə üstünlüyü ondan ibarətdir ki, bu gilas növü qırmızı gilasla müqayisədə allergiyaya daha az hallarda səbəb olur. Allergiyaya meyli olan insanlar bunu nəzərdən qaçırmamalıdır.

Artıq çəkidən yaxa qurtarmaq istəyənlər də  çəkinmədən gilas yeyə bilərlər. Çünki 100 qram gilas orqanizmə cəmisi 50 kilokalori verir. Bir ovuc gilas yeyildikdə insan toxluq hiss edərək digər qidalardan imtina edir və bu da çəki azalmasına səbəb olur.

Gilasın meyvəsi ilə yanaşı onun saplağının da xüsusi şəfaverici özəlliyi vardır ki, bu da  həzm problemi olanlar üçün faydalıdır. Kölgədə yaxşıca qurudulan albalı saplaqlarıyla hazırlanan dərmanları və ya çayları içmək immun sistemini möhkəmləndirir. Bir gün öncədən isladılan bir kiçik ovuc içi qədər  gilas  saplaqlarını bir litr suyun içinə qoyaraq  qaynadır və əldə edilən çaydan gündə 3-4 fincan içilir. Gilas saplaqlarından hazırlanan çay damarlarda  sərtləşmənin, oynaqlarda kirəclənmənin, eyni zamanda artrit və revmatizm xəstəliklərinin sağalmasında mühüm rol oynayır.

Qış aylarında  süfrələrimizi bəzəyən gilas mürəbbəsinin də ayrı bir şəfavericiliyi vardır. Belə ki A, B, C vitaminləri ilə zəngin olan gilas mürəbbəsi qanı təmizləyir, qəbizliyi aradan qaldırır, həzm sistemini sürətləndirir, sidikqovucu təsir edir və yoğun bağırsaq xərçəngini müalicə edir.

Xatırladım ki, gilas meyvəsi xeyirli olsa da, onun çox qəbul edilməsi mədə-bağırsaq sistemində meteorizm, yəni köpmə yarada bilər. Qədərindən artıq gilas yeyilməsi spazmaya da səbəb olur. Ona görə də nəinki gilası elə bütün qidaları qədərində qəbul etmək lazımdır .

Əfruz Seyidova 

Naxçıvan televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: