Lələtəpəyə sancılan bayraq, Cocuq Mərcanlıda qaynar həyat, qələbəyə gedən yol - FOTOLAR
Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun birliyinin, vətənpərvərliyinin göstəricisi kimi düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Əks-hücum əməliyyatı aparan hissələrimiz mühüm mövqelərə sahib oldu. Lələtəpə kimi yüksəklik alındı. Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Hər kəs bu qalibiyyətin sevincini yaşayır.
Aprel qələbəsinin ikinci il dönümü ərəfəsində şəhid mayor Rasim Məmmədovun şərəfli döyüş yolunun izi ilə yolum Lələtəpəyədi. O torpaqlara ayaq basmağa tələsirəm. Yol uzaq, mənzil başına tez çatmaq istəyi isə sonsuz. Cocuq Mərcanlı kəndinin sakinlərinin torpaq həsrətini, doğma od-ocağa qovuşmaq istəyini indi daha yaxşı anlayıram.
Mənzil başına yetişirik. Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovla görüşüb söhbətləşirik:
- 2016-cı il aprelin 1-i ön xətdə döyüş növbətçiliyi aparan bölmələrimizə düşmən qəfil hücum etdi. Şəxsi heyətimiz düşmənin müqavimətini qırdı. Düşmən müqavimət göstərməyə çalışsa da, döyüşçülərimizin gücünü gördükdən sonra əlindəki silahını atıb pərakəndə şəkildə qaçmağa başladı. Ermənilər təşviş içində idi. Bölmələrimiz əks-hücum ilə düşməni geri otuzdurdu, Lələtəpə yüksəkliyi və ətraf bölgələr düşməndən tamamilə azad edildi. Çox gözəl bir tarixi an yaşandı. Ordumuzun gücü, şəxsi heyətin döyüş ruhu ortaya çıxdı. Düşmənə və havadarlarına sübut olundu ki, Azərbaycan Ordusu 90-cı illərdəki ordu deyil və ordumuzun vahid komandanlığı, orduda xidmət edə biləcək peşəkar zabitlər var. Əsgərlərimiz, döyüşçülərimiz böyük rəşadət göstərdilər. Lələtəpə yüksəkliyinə üçrəngli bayrağımızı sancdılar.
“Vətən sərhəddən başlayır” deyirlər. Bu fikir ön xətdə əsgərlərimizin sırasında olarkən mənə daha yaxşı aydın oldu. Yayın istisindən, qışın soyuğundan çəkinməyən vətənpərvər oğullarımız ucalıq, əzəmət simvolu olan dağlarda döyüş növbətçiliyi aparır, sinəsini düşmənə sipər edirlər. Azərbaycan əsgərinin son dayanacağı olmayan Lələtəpə yüksəkliyindən işğal altında olan torpaqlarımızı seyr etdikcə düşünürəm ki, Şuşa, Xankəndi, Cəbrayıl, Laçın, Kəlbəcər, Qubadlı, Ağdam, Zəngilan bizim yolumuzu gözləyir. Biz bu yolun başlanğıcı olan Lələtəpə zirvəsində olduğumuz üçün qürur duyurduq. Aprel qələbəsinin əldə olunmasında xidmətləri olan zabitlərlə görüşüb həmsöhbət oluruq.
Ordumuzun qurucusu, ulu öndər Heydər Əliyev hələ 70-ci illərdə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi məktəbi yaradanda bəlkə də çoxları bunun əsl mahiyyətini dərk etmirdi. Həmin məktəbin məzunları bu gün ordumuzun sıralarında peşəkar zabit kimi xidmət edirlər. Müstəqillik illərində hərbi təhsilin inkişafı ilə bağlı Ulu Öndərimizin gələcəyə hesablanmış ən böyük qərarlarından biri də Naxçıvanda hərbi məktəbin əsasının qoyulması oldu. Kapitan Elmar Babayev Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyinin məzunlarındandır. Aprel döyüşlərinin iştirakçısı olan Elmar Babayev öz fikirlərini bizimlə bölüşür: "Aprel döyüşləri Azərbaycan Ordusunun yazdığı zəfər tarixidir. Azərbaycan Ordusu öz şücaət və məharətini həmin tarixdə düşmənə bir daha göstərdi. Düşmən xeyli sayda itki verdi. Bir zabit kimi Ali Baş Komandanı və bütün komandir heyətini əmin etmək istəyirəm ki, mən və mənim rəhbərlik etdiyim bölmə hər an döyüşə hazırdır. Hər an torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Düşmən o torpaqlarda çox qala bilməz".
Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyinin digər bir məzunu Zülfü Rzayev də ön xətdə xidmət edən peşəkar bir zabitdir. Zülfü Rzayev aprel hadisələrini belə xatırlayır: "Ermənilər bizim ön xətdə olan kəndləri çox vaxt atəşə tuturdu. Atəşkəsi mütəmadi olaraq pozurdu. Düşmən aprelin 1-də hücuma keçdi. Yuxarı komandanlığın əmrinə əsasən, əks-hücumla düşmən hücumunun qarşısı alındı. Şəxsi heyətimiz ön xətti yararaq düşmən mövqelərinə tərəf irəlilədi və ermənilərin canlı qüvvəsini, texnikasını məhv edərək, hazırda bizim nəzarətimizdə olan Lələtəpə yüksəkliyində qərar tutdu. Həmin yüksəkliyə qalxmağımızla qürur duyurduq. Çünki illər boyu həsrətində olduğumuz torpaqlarda idik. Bu böyük bir zəfər idi. Aprel döyüşləri bir daha sübut etdi ki, bizim ordumuz nəyə qadirdir".
Mayor Sədi Musayev söhbət zamanı bildirdi: “Lələtəpə mühüm əhəmiyyətə malik bir yüksəklikdir. Əvvəllər ermənilər bizim yaşayış məntəqələrini atəşə tuturdular. Gördüyünüz sahələri əkməyə imkan vermirdilər. Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyi və onun ətrafındakı ərazilər azad edildi. Uğurlu bir əməliyyat oldu. Aprel şəhidləri bizim gənc nəsil üçün qəhrəmanlıq simvoludur. Onların hər biri Azərbaycanın qəhrəmanlarıdır".
"Biz Lələtəpə yüksəkliyini almaqla, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini düşmənin atəşi altında qalmaqdan xilas etdik", - deyə Naib İsmayılov söhbətə qoşulur. “Kənddə abadlıq işləri görülüb, evlər tikilib. Kənd sakinlərinin doğma yurd-yuvalarına qayıtması təmin olunub. Bu o deməkdir ki, növbəti ayaq basacağımız torpaqlar Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan... olacaq, belə evlər orada da tikiləcək. İnsanlar öz el-obalarına qayıdacaqlar.”
Lələtəpədən Cocuq Mərcanlı çox gözəl görünür. Elə bu gözəlliyi görmək sorağı ilə yola düşürük. Cocuq Mərcanlıya gedən yolun üzərində yerləşən Horadizin bugünkü görkəmi göz oxşayır. Burada aprel şəhidlərinin xatirəsinə ucaldılan abidəni ziyarət edirik. Bu abidə gələcək nəsillər üçün daş üzərində əbədiləşdirilən hərbi vətənpərvərlik salnaməsidir.
Cocuq Mərcanlıya çatırıq. Burada həyat bərpa edilib. Cocuq Mərcanlı illərlə öz sakinlərinin yolunu gözləyib. Bu illər ərzində kənd tamamilə xarabazarlığa çevrilmişdi. Yol infrastrukturu sıradan çıxmışdı. Məhz Ulu Öndərin qətiyyəti ilə uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun bir qəsəbəsi, 20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Düşmənin tez-tez bu kəndi atəşə tutmasına görə məskunlaşma mümkün olmayıb. Yalnız Oqtay Həziyev öz ailəsi ilə birlikdə təhlükəli olsa da, kənddə yaşayışını davam etdirib. İlk həmsöhbətimiz də Oqtay Həziyev oldu.
Oqtay Həziyev bildirdi ki, bu ərazilərdə yaşamaq mümkün deyildi, çünki kəndin üst tərəfində yerləşən Lələtəpə yüksəkliyi mənfur düşmənlərin əlində idi. "Uğurlu aprel döyüşlərində Lələtəpə yüksəkliyi işğaldan azad edildi. Ölkə başçısının sərəncamı ilə Cocuq Mərcanlının bərpasına başlanıldı. İndi görürsünüz, həyat necə qaynayır. Bu cür gözəl şərait qurulub. Məktəb, bağça, inzibati binalar, gözəl evlər tikilib. Dağıdılıb sıradan çıxmış yollar bərpa olunub. İlk mərhələdə yaşayış evi, Şuşa məscidinin bənzəri olan gözəl bir məscid və məktəb binası inşa olunub. Cənab Prezident bu kəndin açılışında oldu. Ölkə başçısının diqqət və qayğısı ilə mənə torpaq sahəsi verildi. Biz burada düşmənlə üz-üzə yaşayan sakinlərik. Heç birimizin qorxusu yoxdur. Biz Azərbaycan dövlətinin, ordusunun gücünə arxalanırıq. İnsanlarımız da tam arxayındırlar ki, artıq güclü, vahid komandanlığa tabe olan ordumuz var. Bu kənddə yaşayırıq, yaşayacağıq da".
Növbəti həmsöhbətimiz Üzeyir Nəcəfovdur. Onunla Füzuli rayonunun Kərimbəyli kəndində görüşürük. Aprel döyüşlərində güllə yarası alıb, II qrup əlildir. Hadisələrin canlı şahidi olan Üzeyir söhbət zamanı bildirdi ki, aprel döyüşləri qürurla xatırlayacağımız bir gündür. “Düşmən mart ayından etibarən dəfələrlə təxribat törədirdi. Təxribatın qarşısı alınırdı. Bu dəfə fərqli oldu. Biz həm öz əlimizdə olan mövqelərimizin təhlükəsizliyini təmin etdik, həm də çoxdandı həsrətində olduğumuz torpaqlara ayaq basmaq üçün irəli atıldıq. Düşməni geri otuzdurduq. Lələtəpə yüksəkliyini azad etdik. Geri çəkilmədik. Aprel döyüşləri Ermənistan ordusunun gücü ilə bağlı yaranmış mifi darmadağın etdi. Onlar hələ də bu məğlubiyyəti həzm edə bilmirlər. Bizim torpaqlarımız tezliklə işğaldan azad olunacaq. Aprel qələbəsi davamlı olacaq".
Üzeyir Nəcəfov bizi 4 yaşlı oğlu Hacı Nəcəfovla tanış edir. Atası onun üçün hərbi forma tikdirib. "Böyüyəndə kim olacaqsan?", - sualımızı belə cavablandırır: - Əsgər olacam.
Bəli, hər birimiz bu Vətənin əsgəriyik. Kimimiz səngərdə, kimimiz seçdiyimiz peşə ilə bu Vətənə xidmətdə. Amalımız birdir: əzəli ata-baba yurdlarımıza qayıtmaq. Ermənistan ordusu aprel döyüşlərində bir daha anladı ki, bu dəfə könlümüzün keçdiyi Qarabağdan ordumuz keçəcək!
Ruhiyyə RƏSULOVA
Naxçıvan Televiziyasının baş redaktoru
"Azərbaycan Ordusu" qəzeti
18.04.2018