Naxçıvanın tarixi abidələri, iqtisadiyyatı və turizm obyektləri Ukraynanın “Kanal-5” televiziyasında - VİDEO
Ukraynanın “Kanal-5” televiziyası Naxçıvanla bağlı çəkilmiş verilişin ikinci hissəsini də efirdə yayımlayıb. Ukrayna dilində təqdim edilən videomaterialda Naxçıvan şəhərinin yaxınlığından keçən Araz çayı, müalicəvi xüsusiyyəti ilə seçilən Duzdağ Fizioterapeya Mərkəzi, orta əsrlərə məxsus Qarabağlar türbəsi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və Naxçıvan Biznes Mərkəzindəki istehsal məhsulları haqqında geniş məlumat verilir.
Qeyd edilir ki, Duzdağ Fizioterapiya Mərkəzində təkcə yerli sakinlər çün deyil, həmçinin əcnəbi ölkələrdən gələn insanlar da müalicə alır. Burada yaradılan infrastruktur haqqında ukraynalı tamaşaçılar geniş informasiya əldə edirlər. Qarabağlar türbəsinin memarlıq üslubu, burada saxlanılan əşyalardan necə istifadə edilməsi əyani şəkildə aparıcı tərəfindən göstərilir. Xalqımızın zəngin mədəni irsi haqında söhbət açılır.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində 5 min illik şəhərsalma mədəniyyəti, Naxçıvanın tarixi haqqında tarixçi alim Vəli Baxşəliyevlə müsahibə təqdim edilir. Naxçıvan Biznes Mərkəzində isə muxtar respublikada istehsal edilən keyfiyyətli, ekoloji cəhətdən təmiz məhsullar, sənaye və kənd təsərrüfatı sahəsində qazanılan uğurlar diqqətə çatdırılır.
Aparıcı Nadya Baziv müğənni Vəli Səfərovla birlikdə “Naxçıvan” mahnısını da ifa edir.
Sonda isə verilişin aparıcısının Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində qonaq olduğu “Gün aydın” verilişindən bir hissə təqdim edilir. Müəllif televiziyanın texniki imkanları və əməkdaşların peşəkarlığını xüsusi olaraq vurğulayır.
NUHÇIXAN həmin videomaterialı təqdim edir :