Gənclərin Naxçıvandan Konyaya uzanan körpüsü - FOTOLAR
Təəssüratlar, düşüncələr, duyğular
IV yazı
23 may 2019-cu il. Konyada sərin bir may səhəridir. İki gün əvvəl Naxçıvandan başlanan səfərin ən məsuliyyətli mərhələsindəyik. Konya Səlcuq Universitetinin Süleyman Dəmirəl adına Mədəniyyət Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Gənc Alim və Mütəxəssislər Şurası, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi, Səlcuq Universiteti Turizm Fakültəsi və Sahib Ata Dərnəyinin qarşılıqlı əməkdaşlığı olaraq “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” beynəlxalq konfransı öz işinə başladı.
Əvvəlcə Türkiyə və Azərbaycanın Dövlət Himnləri səsləndi. Ardınca Səlcuq Universiteti Turizm Fakültəsinin dekanı professor Nəcmi Uyanıq,Nemətullah Naxçıvaninin bir zamanlar yaşayıb fəaliyyət göstərdiyi Ağşəhər bələdiyyəsinin sədri, fəlsəfə doktoru Salih Akkaya, Səlcuq Universitetinin prorektoru, professor Özdəmir Qoçaq, həmçinin Azərbaycanın Türkiyədəki təhsil müşaviri, dosent Nəcibə Nəsibova çıxış edərək beynəlxalq konfransın mahiyyətindən, Nemətullah Naxçıvaninin nəinki Naxçıvanın, həmçinin Türkiyənin – Konyanın, Ağşəhərin mənəvi bir dəyəri olduğundan bəhs etdilər.
Naxçıvandan gəlmiş nümayəndə heyətinə rəhbərlik edən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev Səlcuq Universitetinə Naxçıvandan gətirilmiş hədiyyələri, həmçinin Naxçıvanla bağlı nəşr olunmuş kitab və jurnalları, qarşı tərəf də öz hədiyyə və plaketlərini Azərbaycan nümayəndə heyətinə təqdim etdilər.
Naxçıvan Dövlət Televiziyası tərəfindən hazırlanmış “Nemətullah Naxçıvaninin vətəni Naxçıvan” filmi göstərildikdən sonra isə konfransın plenar iclası öz işinə başladı.Səlcuq Universiteti İslami Elmlər fakultəsinin dosenti İbrahim İşıtanın sədrlik etdiyi plenarda ilk olaraq yarım ildir bu layihə üzərində işləyən və demək olar ki, layihənin gerçəkləşməsində ideya rəhbəri olan və həmçinin layihəyə birbaşa rəhbərlik edən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova “Nemətullah Naxçıvani və Türkiyə” mövzusunda məruzə ilə çıxış etdi. Daha sonra N.Naxçıvaninin təfsirini ərəbcədən türkcəyə tərcümə edən, ilahiyyatçı alim, Əli İhsanTürcan "Nemətullah Naxçıvani və təsəvvuf" mövzusuna toxunaraq bu görkəmli şəxsiyyətin ilahi bir dərya olduğunu bildirdi. Üçüncü çıxış mənim idi. Mən də özlüyümdə “Hidayətül-İxvan (Qardaşların hidayəti) əsərində elm və alim” mövzusunda məruzə etdim. Məruzəmin sonunda fürsətdənistifadə edib səfər boyu yolda Nemətullah Naxçıvaniyə həsr etdiyim, sadəcə yanımda əyləşmiş həmkarım Mahirə xanıma oxuduğum şeirimi konfrans iştirakçılarının diqqətinə çatdırdım. Son olaraq dosent İbrahimİşıtan “Osmanlıda 15-16-cı əsrlərdə təsəvvüf anlayışı”ndan bəhs etdi.
Salonda əyləşən tələbə və müəllimləri maraqlandıran suallar cavablandırıldıqdan sonra hər bir məruzəçiyə təşəkkür sertifikatları təqdim olundu.
Konfrans nahar fasiləsindən sonra da öz işinə davam etdi. Bu dəfə Səlçuq Universitetinin Ədəbiyyat fakultəsinin professoru, həmyerlimiz Nailə Hacızadənin sədrliyi ilə üç məruzə də dinlənildi.
İlk olaraq Türkiyənin Əskişəhər Anadolu Universitetinin müəllimi, fəlsəfə doktoru Rza Məmmədov “Nemətullah Naxçıvan ivə insanca varolma”, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov “Nemətullah Naxçıvaninin mirası: tərcümə problemləri” və Səlçuq Universitetinin professoru Doğan Yörük “Nemətullah Naxçıvaninin yaşadığı dövrdə Ağşəhərdə əhali və iqtisadi həyat” mövzularında məruzə etdilər. Tədbir iştirakçılarının maraqlı sualları konfransın mahiyyəti və dəyəri haqqında da müsbət fikirlərin meydana çıxmasına səbəb oldu. Xatirə şəkilləri, qarşılıqlı elmi əməkdaşlıq və tanışlıqlarla nəticələnən konfrans bununla da öz işini yekunlaşdırdı. Tələbələrin bizlərə yaxınlaşıb minnətdarlıq etmələri, bu cür ilahi elmlərə malik bir insanın ətraflı təbliği və tanıdılması üçün konfransın böyük rol oynadığını bildirmələri hər birimiz üçün sevincə səbəb olurdu. Xüsusilə həmin universitetdə təhsil alan azərbaycanlı tələbələrin sözlərindən, gözlərindən, üzlərindən fərqli bir qüruru yaşadıqlarını görmək izaholunmaz sevinc bəxş edirdi hər birimizə. Hətta bu tələbələr arasında sabahısı gün Ağşəhərə Nemətullah Naxçıvaninin məzarını ziyarətə gedəcəyimizi bildikləri üçün, mütləq bizə qoşulmaq istədiklərini söyləmələri də, onların necə vətən sevdalı gənclər olduğunu deməyə əsas verirdi.
Konfrans bitsə də uğurla yekunlaşan tədbirin yüksək təəssüratı üzərimizdə idi. Kayseridən Konyaya gələn və Nemətullah Naxçıvani ilə bağlı ürək dolusu söz açan Əli İhsan Türcan bəyin məhz bu görkəmli şəxsiyyətə görə Azərbaycana, Naxçıvana, həmçinin Naxçıvandan gələn heyətə xüsusi sevgi nümayiş etdirməsini heç vaxt unutmayacağıq. Bu sevginin nəticəsində bəzilərimiz özümüzlə götürdüyümüz üçrəngli bayrağımızı Səlcuq Universitetinin həyətində dalğalandırıb xatirə şəkilləri çəkdirirdik. Naxçıvan Dövlət Televiziyasının əməkdaşları isə həm konfransda məruzə ilə çıxış edənlərdən, həm də dinləycilərdən, Naxçıvandan gedən heyət üzvlərindən konfransla bağlı təəssüratlarını öyrənir, lentə alır, vətənə qayıtdıqdan sonra hazırlayacaqları xəbər sujeti, səfər təəssüratları, həmçinin Nemətullah Naxçıvaniyə həsr olunacaq film üçün material toplayırdılar. Bu baxımdan Ruhiyyə xanımın özünü işinə kökləməsi ayrıca qeyd olunmalıdır. Rejissorumuz Fərhad müəllim və operatorumuz Elşadın konfransın hər bir anını iki fərqli kamera ilə yaddaşlara köçürməsi də gələcək üçün lazım olacaq efir materialı kimi əvəzolunmazdır.
Hamı yavaş-yavaş dağılışırdı. Kimi qaldığımız otelə üz tutur, kimi təzə tanış olduğu elmi heyətlə müzakirələrinə davam edir, kimi çay içməyə gedirdi. Naxçıvan Dövlət Televiziyasının əməkdaşları isə dünən axşam ziyarət etdiyimiz Əkmələddin Naxçıvani haqqında xəbər hazırlığı üçün Konyanın mərkəzinə üz tutmuşdular. Memarlarımız Ziya müəllimlə Şəfəq xanım da həmçinin. Onlar isə Bəy həkim məscidinin fasadındakı ölçüləri götürmək üçün ora yollanmışdılar.
...Axşam Konyanın maraqlı birməkanında qonaqlar üçün ziyafət təşkil olunmuşdu. Bütün şəhərin ovuc içi kimi gözümüzün önündə olduğu Ağyoxuş təpəsindəki “Konya mətbəxi” restoranında buranın özünəməxsus təamlarının dadına baxmaq şansımız da oldu. Zəngin mətbəxi ilə seçilən Türkiyənin tarix və mədəniyyət qoxan Konya vilayəti də bu baxımdan xüsusi qeyd olunmalıdır. Buradakı ziyafətdə Konya Səlcuq Universitetinin dekan və müəllimləri, şəhər bələdiyyəsinin rəsmiləri, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, həmçinin azərbaycanlı tələbələr və Naxçıvandan gəlmiş nümayəndə heyəti masa ətrafında da məhsuldar və maraqlı söhbətlərlə Naxçıvandan Konyaya uzanan körpünü daha da möhkəmləndirmə əzmindəydilər.
...Axşam Konyada həyat daha da qaynar idi. Xüsusilə şəhərdən 10-15 kilometr uzaqlıqda salınmış minlərlə hektarlıq ərazidəki Səlcuq Universiteti bir zamanlar boz çöllər olan bu ərazilərdə yeni şəhərciklərin salınmasına da gətirib çıxarmışdı. Xüsusilə Universitetin bir neçə kilometrliyində salınmış Bosna-Hersek adlanan böyük bir ərazidə böyük şəhərlər üçün lazım olacaq bütün infrastruktur yaradılmışdı.Böyük ticarət mərkəzləri, məşhur və brend firmaların nümayəndəlikləri, əyləncə və istirahət məkanları, yüzlərlə hündür binaların böyük əksəriyyətindəki mənzilləri isə tələbələr kirayələmişdilər. Əskişəhərdən gəlmiş naxçıvanlı həmkarımız Rza müəllimin təklifi ilə həmin bölgəyə yollandıq. Adı ilə məşhur olan “Qəhvə dünyası”nda işləyən naxçıvanlı tələbəni yoluxmağa getdik. Onun gəlişimizdən məmnunluğunu gözlərindəki sevincdən də anlamaq olurdu. Öz iş yoldaşlarına bizim üçün xüsusi qəhvələr gətirməsini söyləyərək özü də bizimlə eyni masada əyləşir. Burdakı şəraitdən, yaşayışdan, dərslərindən, Naxçıvandan söhbət düşür. Nə qədər darıxdığını hiss edirik. Konya Səlcuq Universitetinin ikinci kurs magistri olan Kamal adlı bu gənc təhsilini başa vuran kimi Naxçıvana qayıdıb xalqına, millətinə xidmət etmək istədiyini bildirir. Sabah elə bu vaxtlar Naxçıvandan gələn bütün heyəti qəhvə qonaqlığına dəvət edir.
...Saat gecə üçdür. Bir neçə kilometrlik yolu Rza müəllimlə piyada qayıdırıq. Bugünkü konfransın mahiyyəti söhbətimizin əsas mövzusudur. Türkiyədə yaşayan biri kimi bu cür tədbirlərin Türkiyədə Azərbaycan, Naxçıvan haqqında müsbət mənada nə qədər böyük səs-küyə səbəb olduğundan danışır. Sabah bütün yerli, həmçinin ölkə əhəmiyyətli media orqanlarında bu tədbirin işıqlandırılması ilə böyük bir missiyanın yerinə yetirildiyini bütün Türkiyənin oxuyacağını deyir. Havada ulduzlar sayrışır, sərin bir axşam mehi ağacların əlindən tutub yallı gedir, magistral yolla şütüyən maşınların səsi 3 milyondan çox əhalisi olan Konyada həyatın hələ də davam etdiyinə işarə vurur, universitetin tələbələri isə gecə işıqlarının altında dəstə-dəstə gəzişirlər. Mən isə bütün heyət üzvləri kimi sabah Konyanın Ağşəhər bölgəsinə gedərək orada uyuyan Nemətullah Naxçıvanini ziyarət etməyin həyəcanı içərisindəyəm. Rza müəllimin istəyi ilə bu gün konfransda dediyim “Nemətullah Naxçıvani” şeirimi gecənin özünəməxsus fonunda söyləməyə başlayıram:
Naxçıvandan Konyaya bir məhəbbət körpüsüsən,
O körpüylə gəlirik, Nemətullah Naxçıvani.
Qardaşlar arasında bir hidayət körpüsüsən,
Hikmətindən bilirik, Nemətullah Naxçıvani.
Yollar yorub gəlirik, aç təkkəni, pirim, oyan,
Sirlər səndə gizlidir, dur sirləri eylə əyan.
Naxçıvandan Konyaya qoy eyləyim bunu bəyan
Bir körpü də biz salırıq, Nemətullah Naxçıvani.
Məzarın da vətəndir– baş daşın dikəlirsə,
Sözünlə könüllərə nur toxumu əkilirsə.
Sən qürur yerimizsən– harda adın çəkilirsə,
Səninlə ucalırıq, Nemətullah Naxçıvani.
Dur bağrına bas şeyxim, torpağından torpaq gəlib,
Türbənə üz tutaraq dərgahına qonaq gəlib.
Səni soraqlayaraq, səni axtararaq gəlib
Feyzindən feyz alırıq, Nemətullah Naxçıvani.
Təfsir elminlə Quran könlümüzə doldu nurtək,
Qeyblərə açar oldu, o qapıdan keçək gərək.
Hər sözünü oxuyub, hər şərhini düşünərək,
Bir az da sən oluruq, Nemətullah Naxçıvani!
(ardı var)
Elxan Məmmədov
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru