NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ordubad rayonu ərazisində ekoloji monitorinq keçirib.
Monitorinq iştirakçıları Ordubad şəhərinin yaxınlığında mərkəzi poliqonda olub, burada bərk məişət tullantılarının idarə olunması vəziyyətinə nəzarəti həyata keçirib. Ərazidə tullantılar basdırılıb və zərərsizləşdirilib. Poliqona yeni daşınan tullantıların isə üç gün müddətində üzərinə torpaq örtük çəkilib, zərərsizləşdirilməsi üçün Ordubad rayon kommunal müəssisələri kombinatına tapşırıqlar verilib.
Nazirliyin əməkdaşları sonra monitorinqi Kotam, Gənzə, Nüsnüs, Aşağı və Yuxarı Əylis kəndlərinin ərazilərində davam etdiriblər. Yaşıllıqların və meyvə bağlarının qorunması, məişət tullantılarının zibil qutularına atılması qeydə alınıb.
Ekoloqlar dağ çaylarından su nümunələri götürüb, yerindəcə analiz ediblər.
Keçirilən monitorinqlərdə əsas məqsəd ətraf mühitə təsir hallarının öyrənilməsi, eləcə də qanunazidd halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsidir.
Məhəmməd Fərəcov