NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Rayon Mədəniyyət Sarayında, “15 İyun–Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov vurğulayıb ki, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ölkəmizin çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olub. Məhz bu qayıdış sayəsində Azərbaycan üçün çoxdan hazırlanan məkrli planların qarşısına möhkəm sipər çəkildi, siyasi varlığımıza doğru uzanan xain əllər kəsildi, dövlətimizin müstəqilliyi əbədilik, dönməzlik, sarsılmazlıq qazandı. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində bütün çətinliklər aradan qaldırıldı, müstəqil Azərbaycan inkişaf etdi, möhkəmləndi və demokratik, dünyəvi bir dövlətə çevrildi. Təşkilatın sədri ümummilli liderin siyasi kursunun bu gün dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirildiyini, xalqımıza parlaq, firavan gələcək bəxş etdiyini bildirib.
Tədbirdə çıxış edən, Təşkilatın Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva, Gənclər Birliyinin sədri Polad Rzazadə, Partiyanın fəal üzvləri Asya İmamverdiyeva və Elçin Nadirli ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, Ulu öndərin böyük siyasi iradəsi, qətiyyəti, müdrikliyi sayəsində ölkəmizin gələcək tərəqqisi üçün yaradılmış etibarlı bünövrə respublikamızın sağlam təməl üzərində sürətlə inkişafına şərait yaradıb.
Sonda 11 gənc vətəndaşa Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub, rayon məktəbliləri Milli Qurtuluş Gününə həsr edilən şerlər səsləndiriblər.
Sərxan İsmayılov