Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasına yeni sədr təyin edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının yığıncağı  keçirilib.  Yığıncağın gündəliyində Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının fəaliyyəti, görülən işlər, eləcə də federasiyanın yeni sədrinin seçilməsi olub.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov qeyd edib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclərin idmana marağı artıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilib. İdman sahəsinə göstərilən davamlı dövlət qayğısı nəticəsində muxtar respublikada futbolun inkişafı üçün də əlverişli şərait yaradılıb. Belə ki, muxtar respublikanın şəhər və rayonları ilə yanaşı, kəndlərində də müasir stadionlar tikilərək istifadəyə verilib, uşaq, yeniyetmə və gənclərin bu sahəyə cəlb edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

Yaradılan imkanlara baxmayaraq federasiya öz işini günün tələbləri səviyyəsində qura bilməyib. Uşaq futbolunun inkişafına, onlar arasında yarışların təşkilinə və hakimlərə lazimi diqqət yetirilməyib.

Sonra rayonlarda fəaliyyət göstərən futbol məşqçilərinin fikirləri dinlənilib. Çıxışlar zamanı məşqçilər uşaq, eləcə də yeniyetmə və gənclər arasında futbolun inkişafı üçün atılacaq adımları müzakirə ediblər.

Çıxışlardan sonra iclasın gündəliyində duran məsələyə əsasən Federasiyanın sədrinin seçilməsi məsələsinə baxılıb. Gənclər və İdman naziri Azad Cabbarovun Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədrliyinə namizədliyi irəli sürülüb. Təklif yekdilliklə qəbul olunub və Azad Cabbarov Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri seçilib.

Azad Cabbarov vurğulayıb ki, Futbol Federasiyasının bundan sonrakı fəaliyyəti günün tələbləri səviyyəsində qurulacaq, uşaq, yeniyetmə və gənclərin bu növə cəlbinə diqqətlə yanaşılacaq. Federasiya sədri yaradılan şəraitə görə Ali Məclis Sədrinə minnətdarlığını bildirib.

Sonda iclasın qərar layihəsi oxunub və təsdiq olunub.

       Elvin Quliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: