Gənclərin Naxçıvandan Konyaya uzanan körpüsü - FOTOLAR

Təəssüratlar, düşüncələr, duyğular

A- A A+

V yazı

Uğurla keçən bir günün sonunda heç kimin gözünə yuxu getmirdi. Yol yoldaşlarımızın hamısı qaldığımız qonaq evinin həyətindəki skamyalarda iki-bir üç-bir əyləşib ayrı-ayrı mövzularda söhbət edərək gecənin sərin havasında səhəri dirigözlü açmaq həvəsindəydilər. Beynəlxalq konfransın sevincli nəticələri hər birimizin əhval-ruhiyyəsinə təsir eləmişdi. Hər kəsin üzündə xoş bir ifadə var idi. Sabah, günün ikinci yarısı Konyanın Ağşəhər bölgəsinə, bizim üçün Nemətullah Naxçıvani ilə doğmalaşan yerə yollanacaqdıq.

Konyaya gəlib dünyaca məşhur olan Mövlanə Cəlaləddin Rumini ziyarət etmədən qayıtmaq da Kərəmin Lələsinə dediyi “ar gəlir” ifadəsini dilə gətirirdi. Buna görə də gecənin alatoranında heyətimizə rəhbərlik edən Cəbi müəllimə hamılıqla fikrimizi deyəndə o da məmnuniyyətlə razılaşdı. Hətta səhər hava işıqlanan kimi universitet rəhbərliyinə fikrimizi çatdırdı. Beləliklə də həm bizə Mövlanə Muzeyini ətraflı anladacaq turizm rəhbəri ayrıldı, həm də bizimlə birlikdə getmək üçün burada təhsil alan Azərbaycanlı tələbələr səfərbər edildi.

Səhər yeməyindən dərhal sonra hazırlaşıb yola düşdük. Mövlanə Muzeyini ziyarət edəcək, Konya ilə bağlı xatirə suvenirləri, kitab və hədiyyəliklər almaq üçün 1 saat şəhərdə sərbəst gəzəcək, daha sonra isə Ağşəhərə yola düşəcəkdik.

30 sentyabr 1207-ci ildə Əfqanıstanda, o dövrdə Xarəzmşahların paytaxtdı Bəlxdə  anadan olan Mövlanənin ailəsi 1212-ci ildə Bəlxdən ayrılaraq əvvəlcə Nişapura, daha sonra Bağdad, Kufə, Kəbəyə gedərək həcc ziyarətini yerinə yetirirlər. Oradan isə Şam, Malatya, Ərzincan, Sivas, Kayseri, Niğdə, Karamana gələrək 7 il burada qaldıqdan sonra Konyaya üz tuturlar. Bu yerdə qeyd edim ki, 2011-ci ildə Karamanda Beynəlxalq “Dünya türkcə danışan öyrəncilərsimpoziumu”u günlərində bu şəhərdəki “Mader-i Mevlana” (Mövlanənin anası) kimi də məşhur olan Ağ Təkkə Camesində Mövlananın anası Möminə Xatının və qardaşı Ələddin Çələbinin məzarlarını da ziyarət etmişdik.

Beləliklə Konyada öz ətrafında müridlər toplayan Mövlanə 1244-cü ildə Şəms Təbrizi ilə tanış olur. Bir-birindən ilahi eşq mənasından feyz alırlar. Şəmsin Konyadan getməsindən sonra təkliyə çəkilən Mövlanə uzun müddət insanlardan uzaq qalar. Dünya həyatını, qısa şəkildə “Xamdım, pişdim, yandım” sözləriylə ifadə edən Mövlanə 17 dekabr 1273-cü ildə vəfat etdikdən sonra Konyanın simvollarından birinə çevrilir.  Bu böyük şəxsiyyətin ölümündən sonra oğlu Sultan Vələd və nəvələri tərəfindən sistemli bir mənəvi yol halına gətirilən Mövləvi düşüncəsi (Mövləvilik) bu gün dünyanın bir çox yerində islam irfan düşüncəsi kimi yayılmışdır. Quran və hədislərdən ilham alaraq yola çıxan Mövləviliyin ən böyük ayinlərindən biri Səma rəqsidir. Dəfninə hər dindən insanların qatıldığı Mövlanə ölüm gününü“yenidən doğuluş günü” kimi qəbul edirdi. Ona görə də Mövlanənin vəfat günü “Şəbi ərus” toy gecəsi kimi qəbul edilir. Və bu gün də Konyada hər il 7-17 dekabr tarixlərində beynəlxalq tədbirlər keçirilir. Bu gün Konyanın mərkəzində yerləşən Mövlanə muzeyi, Mövləviliyin dərgahı həm də “Aşiqlərin Kəbəsi” olaraq da məşhurlaşmışdır. Biz də bu məkanda eşq təvafımızı yerinə yetirib könül dünyamızı irfan sevdasıyla feyzləndirib Mövlanə ruhuna dualar oxuyaraq dərgahın ayrı-ayrı məkanlarını gəzdik.

Qeyd edim ki, Mövlanə Muzeyi Türkiyənin ən çox turist cəlb edən məkanlarından biridir. Bu ərazi bir vaxtlar Anadolu Səlcuqlu Dövlət sarayının gül baxçası olub. Səlcuqlusultanı Əlaəddin Keykubad bu bölgəniöz dövründə Sultanül-Üləma kimi məşhur olan Mövlanənin atası Bahəddin Vələdə hədiyyə edib. Buradakı otaqlarda Mövlanəyə aid olan əşyalardan başqa diqqətimizi çəkən ən maraqlı eksponat isə Şəms Təbrizinin Sərpuş (baş geyimi), ələm və Mövlanənin də bəzi xüsusiyyətlərindən bəhs edilən “Məqalət” əlyazması oldu. Mövlanənin dəfn olunduğu məscidin həyətində isə Osmanlı hökmdarı Yavuz Sultan Səlim tərəfindən inşa etdirilən şadırvan (dəstəmaz alınan yer) burdakı turistlərin ən çox maraq göstərdiyi hissə idi. Turist rəhbərimiz onu da bildirdi ki, Mövlanənin dəfnindən bir il sonra – 1274-cü ildə məzarı üzərində Təbrizli memar Bədrəddin tərəfindən inşa edilən türbə tikdirilib. Türbənin 16 dilimli gövdəsi vəkülahı, fasadı firuzəyi kaşılarla əhatələndiyi üçün bu türbə “Qübbəyi-Hadra”, yəni Yaşıl Qübbə kimi məşhurlaşıb. Onu da öyrənirik ki, bu qübbə və sərdabə 1396-cı ildə tikilib. 1925-ci ilə kimi Mövləviliyin mərkəzi kimi fəaliyyət göstərən Mövlanə dərgahı yenidən təmir edilib və 1927-ci ildən Konya Əsari-Ətiqə Muzeyi (Əski Tarixi əsərlər Muzeyi) kimi ziyarətə açılıb. Hazırda bu muzeydə Səlcuqlu, Qaramanoğulları, Osmanlı dövrünə aid 4 mindən çox əlyazma mətnləri mühafizə olunur. Mövlanə Muzeyinin lap yaxınlığında isə II Sultan Səlim tərəfindən 1558-1567-ci illərdə tikilmiş Sultan Səlim Camesi möhtəşəmliyi ilə diqqəti cəlb edir.

Mövlanə dərgahından ayrılıb 1 saatlıq sərbəst alış-veriş zamanını doldurub Ağşəhərə yola düşürük. Konya-Ağşəhər arası təxminən 2 saatlıq yoldur. Yol boyu bir-birindən maraqlı mənzərələr bizi öz ağuşuna alır. Buraların özünəməxsus təbiəti insanı valeh edir. Yaşıllıqlar, əkin sahələri, hər bölgənin özünə aid olan cəhətlərini simvolizə edən dekorativ sənətkarlıq abidələri görməyə dəyər. Ağşəhər ilk növbədə öz yaşıllığı ilə diqqətimizi çəkir. Dağlarla meşənin vəhdəti, çaylar Naxçıvanın Ordubad rayonunu xatırladır bizə. Burada şəhər bələdiyyəsinin rəsmiləri bizi qarşılayırlar. Yollar sıx ağaclıqların arasıyla ilan kimi qıvrılıb üzüyuxarı qalxır. Yüksək bir təpədəki “Xıdırlıq sofrası”n da bir süfrə ətrafında əyləşirik. Azərbaycanın Türkiyədəki təhsil müşaviri Nəcibə xanım, həmçinin səfirliyin katibi Elçin müəllim də bizimlədir. Ağşəhər bələdiyyəsinin sədri Salih Akkaya da həmçinin. Saleh bəy təklif edir ki, “yeməkdən sonra Ağşəhərin simvolu olan Nəsrəddin hocanı (Molla Nəsrəddini) ziyarət edək. Daha sonra Nemət babanın məzarına üz tutaq. Ağşəhərə gəlib Nəsrəddin hocanı ziyarət etməmək Ağşəhəri görməmək kimidir”,– deyir. Hamı bir-birinin üzünə baxır. Folklorçu tərəfim özünü göstərir. İlk mən reaksiya verirəm. Hələ günün sonuna 6 saat var. Yarım saatımızı da Nəsrəddin hocaya ayırmaq pis olmazdı. Beləcə “Xıdırlıq sofrası”n dan Molla Nəsrəddini ziyarətə gedirik. Nəinki Türkiyədə, eləcə də orta Asiyada, Şərq aləmində, xüsusilə Azərbaycanda məşhur olan Molla Nəsrəddin lətifələrinin qəhrəmanını ziyarət da səfərimizin yaddaqalan məqamlarından birinə çevrilir.

Qeyd edim ki, Ağşəhərdə hər addımda Molla Nəsrəddini görmək mümkündür. Belə ki, şəhər bələdiyyəsinin rəsmi sənədlərində, hətta bayrağında belə Molla Nəsrəddinin uzunqulağa tərs mindiyi simvolik rəsmi yer almaqdadır. Şəhərin hər tərəfindən Molla Nəsərddin lətifələrindən bildiyimiz hadisələri özündə ehtiva edən heykəllər qarşımıza çıxır. Xüsusilə şəhərin ən böyük mərkəzi parkında Molla Nəsrəddinin 50-yə yaxın heykəlini lətifə qəhrəmanı timsalında görmək mümkündür. Onu da öyrənirik ki, hər ilin 5-10 iyul günlərində Ağşəhərdə Beynəlxalq Nəsrəddin hoca festivalları keçirilir. Şəhərdəki mağazaların, marketlərin, dükanların, restoranların, iaşə xidməti məkanlarının böyük əksəriyyətinin adında Molla Nəsrəddin lətifələrində dodaq qaçıran ifadələrdən doğan adları görmək bizim üçün maraqlı idi. Etiraf edək ki, bu adların hər biri ovqatımızı lətifə havasına kökləyirdi.Yaddaşımızı təzələyib lətifələri dilimizə belə gətirirdi. Elə bu təbəssüm dolu şən ovqatla Ağşəhərdə, Konyada, ümumiyyətlə Türkiyə və Şərq dünyasında yumor ustası və filosof kimi məşhur olan Molla Nəsrəddinin uyuduğu məzarlığa üz tutduq. Qeyd edim ki, qəbiristanlığın girişində belə Molla Nəsrəddinin bir neçə lətifəsi böyüdülərək asılıb. Lətifələrindəki incə yumorlu eyhamı biz bu qəbiristanlığa girəndə də hiss etdik. Dünyasını dəyişənlərin ziyarətinə gələnləri daha çox göz yaşı, qəhər öz ağuşuna aldığı halda, bu qəbiristanlıqdan içəriyə dodağında gülüşlə qədəm qoyursan.

Birinci Anadolu bəylikləri zamanında vəfat edən və məzarı üzərində türbəsi tikilən Molla Nəsrəddinin 1208-1284-cü illərdə yaşadığı qeyd olunur. Türbənin giriş qapısının düz önündə yenə Molla Nəsrəddin lətifələrindən bizə tanış olan bir dairəvi medalyon qoyulub. Həmin medalyonda isə bu sözlər yazılıb:“Nasreddin hoca: Dünyanın ortası burasıdır”. Yenə türbənin ətrafında qoyulmuş bir yazıda da bu məqam öz əksini tapıb: “Gülümsəyin, dünyanın ortasındasınız”. Biz də fürsətdən istifadə edib dünyanın ortasında xatirə şəkilləri çəkdiririk.

Dünya yumor tarixində, folklorun lətifə janrında yaşayan ən məşhur qəhrəmanlardan biri olan Molla Nəsrəddinin – Nəsrəddin hocanın ruhuna fatihə oxuyub türbədən ayrılırıq.

Yolumuz irfan dünyasınadır.

Maşınımız Ağşəhərin Köyəgiz məhəlləsinə doğru irəlilədikcə yol kənarlarındakı məlumat lövhələrində sadəcə “Nemətullah Naxçıvani türbəsi” yazılarını görürük. Hamımız həyəcanlıyıq. Yol boyu əks istiqamətdə axan çayın üzərindəki körpülər də bizim üçün bir simvolik mənaya çevrilir. Naxçıvandan Konyaya bir körpü olan Nemətullah Naxçıvaniyə qovuşmağımıza çox az qalıb. Ətrafda isə təpəciklərdəki meşəliklər, yaşıllıqlar, dərəboyu axan çay, Ağşəhərin köhnə evləri və gözümüzün yaddaşına hakim olan lövhələr: Nemətullah Nahçıvani türbəsi...

(ardı var)

Elxan Məmmədov AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: