Könüllü qanvermə aksiyası keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Naxçıvan Muxtar Respublika Xəstəxanasında “14 İyun- Beynəlxalq Donor Günü”nə həsr olunmuş  qanvermə aksiyası keçirilib. Aksiyada Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu üzrə Komissiyasının  işçilərindən “Çoxlarının həyatının xilası sənin qanının təhlükəsizliyindədir” devizi altında qan götürülüb.

Bir neçə saat davam edən könüllü qanvermə aksiyasında 13 donordan götürülən 6,5 litr qanın qrupları müəyyənləşdirilərək Qan bankına təhvil verilib.

Hazırda qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında    saxlanılması nəzərdə tutulur.

Qeyd edək ki, Ümumdünya Qan Donoru Günü bütün dünyada qeyd olunaraq, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyəti, bir sıra digər təşkilat və qurumlar tərəfindən dəstəklənir.

Hazır­da Naxçıvan Muxtar Respublika Xəstəxanasının Hematoloji şöbəsində Qan bankının, Hematransfuzioloji briqadanın fəaliyyətə başlaması qan köçürülməsinə ehtyacı olan xəstələrin- o cümlədən hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsinə göstərilən tibbi xidmətin səmərəliliyini xeyli yüksəldib.  Muxtar respublikada son dövrlərdə qan donorlarının sayı iki dəfədən çox artıb. Qan komponentlərinin də miqdarı, keyfiyyəti və təhlükəsizliyi xeyli yüksəlib. Əhalinin bu işə  aktiv cəlb edilməsi pullu donorluqdan tam imtina edilməsinə imkan yaradıb. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait mərkəzi qan bankının fəaliyyətinə geniş imkanlar açıb. Qan Bankında qan komponentlərinin uzun müddət saxlanılması üçün dondurucu və soyuducu avadanlıqlar mövcuddur. Bu isə qanı 42 günə qədər, plazmanı isə 1 ilə qədər saxlamağa imkan verir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: