Heydər Əliyevin quruculuq siyasəti bu gün Naxçıvanın hər yerində duyulur

A- A A+

İnsan Vətən sevgisinə köklənəndə dünyanın bütün gücü sanki onun qoluna toplanır. Qəlbi Vətən sevgisi ilə döyünən, ömrünü ancaq xalqına və Vətəninə xidmətə həsr edən belə insanlar öz talelərini deyil, xalqın və millətin taleyini yaşayırlar. Ulu öndər Heydər Əliyev də belə bir ömür yaşadı.  Bu ömür yolunda  yeni və müasir Naxçıvanın da əsası qoyuldu.  O Naxçıvanın ki, 1990-cı illərin təlatümündə ucsuz-bucaqsız adada tək-tənha qalmışdı.  İnsanlar  nə edəcəklərini, dərdlərini kimə danışacaqlarını bilmirdilər.  Qayğılı insanlar və  sual dolu baxışlar- o zamanın real mənzərəsi bu idi.  

Bunu o illərdə hər kəsin üzündə görmək olardı.  Məhz həmin dövrdə Tanrının bir xilaskar kimi Naxçıvana göndərdiyi böyük dahi-Heydər Əliyev bütün bu ümidsizliyə son qoydu. Onun gəlişi ilə gözlərdəki sual yoxa çıxdı, insanların qəlblərində sabaha inam yarandı. Xalq məmnuniyyətlə öz gələcək taleyini bu dahi insana etibar etdi. Artıq tənəzzülə gedən deyil, Heydər Əliyevon rəhbərliyi ilə  çətinlikdən çıxaraq sabaha doğru inamla irəliləyən bir muxtar respublika var idi. 

Bəli, Naxçıvan belə məşəqqətli yollarla bugünkü firavanlığına qovuşub. Bu firavanlığın və tərəqqinin təməli  ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və bu gün onun həyata keçirilən uğurlu siyasi kursunun davamı olaraq daha da inkişaf edir. Bu gün muxtar diyarın hansı tərəfinə baxsan “Bizim yolumuz Heydər Əliyev yoludur” aforizminin təsdiqini görərsən. 1995-ci ildən başlayaraq  muxtar respublikanda  hər bir kənd, qəsəbə və şəhəri yeniləşməyə doğru yol alıb. İqtisadiyyatın, kənd təsərrüfatının, elm, təhsil, mədəniyyət, səhiyyə və başqa sahələrin heç biri diqqətdən kənarda qalmayıb. Respublika  Prezidenti cənab İlham Əliyevin dediyi kimi“Naxçıvan uğurla, sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir.”

Müstəqillik illərində yaradılan “Naxçıvan möcüzəsi”  hər  addımda hər kəsi heyran qoyur. Biz hər gün bir yeniliklə, müasirliyə qovuşdurulan bina, yollar, küçə və parklarla qarşılaşmağa  alışmışıq. İnfrastruktur obyektlərinin  günbəgün yeniləşdirildiyini bilirik. Amma  əcnəbi turistlərin, qonaqların dilindən bunu eşitmək daha qürurvericidir. Elə bu günlərdə  Batabat yaylağında amerikalı bir vətəndaşın  dostuna  Naxçıvanın  heyranedici bir yer  olması haqqında dediklərini duymaq da   xoş idi. 

 Quruculuq coğrafiyasının içərisində isə əsas yeri  təhsil quruculuğu tutur.  Bunu  Naxçıvan şəhərindəki ali və orta məktəblərdən tutmuş, muxtar respublikanın rayonlarındakı ən ucqar kənd məktəblərində də görmək olar. Ən  fərəhlisi də odur ki, ən ucqar dağ kənd­lərində inşa olunan məktəb binaları nə memarlıq üslubundakı quruluşuna, nə də maddi-texniki təchizatına görə şəhər məktəblərindən fərqlənmir. Təhsil müəssisələrinin maddi-texniki və tədris bazası möhkəmləndirilib, təhsil sahəsində müxtəlif proqramların həyata keçirilməsi istiqamətində fəal iş aparılıb. Bu məktəblərdə isə  zəngin biliyə, hərtərəfli intellektual səviyyəyə malik, fiziki və mənəvi cəhətdən sağlam gənclər yetişir. 

Səhiyyə  quruculuğu da diqqətdə saxlanılan sahədir. Muxtar respublikanın şəhər və rayonlarında müasir  tibb ocaqları inşa olunub,  kəndlərində belə  xəstəxana, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri tikilib,  müasir avadanlıqlarla təchiz edilib. Bir vaxtlar “dərdini götürüb” xaricə qaçan insanlar  artıq elə muxtar respublikada yüksək səviyyəli tibb ocaqlarında müalicə olunmaq imkanı qazanıblar.

Uşaq və yeniyetmələr də yaddan çıxmayıb. Müasir  idman mərkəzləri,  mədəniyyət ocaqları onların asudə vaxtlarını təmin edir. İndi gənclərimizin idman arenalarında, müxtəlif  Beynəlxalq tədbirlərdə  Naxçıvanı təmsil etməsi də bu qayğının təntənəsidir.    

Bir sözlə, ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda müstəqil Azərbaycan naminə həyata keçirdiyi işlər və əsasını qoyduğu sosial-iqtisadi islahatlar bugünkü davamlı inkişafın təməl daşlarıdır.  O illərdən başlayaraq Naxçıvanın tikinti xəritəsi xeyli genişlənib, hər il qədim və müasir memarlıq məktəbinin elementlərini özündə yaşadan yüzlərlə yeni inzibati binalar, sosial obyektlər, xidmət sahələri tikilərək istifadəyə verilir. Təkcə son 5 ildə  tikinti-quruculuq işlərinə  4 milyard 900 milyon manata yaxın vəsait qoyuluşu həyata keçirilib.  Bu illərdə diyarımızda 82 yeni təhsil ocağı, 60 səhiyyə obyekti, 136 mədəniyyət ocağı, 12 idman obyekti, 91 inzibati bina, 907 istehsal, xidmət və digər infrastruktur  obyekti olmaqla, ümumilikdə, 1288 obyekt tikilərək və ya qurularaq istifadəyə verilib. Həmçinin  317,8 kilometr uzunluğunda asfalt yollar çəkilib.

Ən ucqar dağ kəndindən tutmuş paytaxt Naxçıvana qədər bütün yaşayış məntəqələrində yaradılan şərait, ilk növbədə, əhalinin rahatlığına xidmət edir. Muxtar respublikada quruculuq işləri yeni yaşayış binalarının və fərdi mənzillərin tikilməsi ilə də xarakterizə olunur. Bütün bunlar isə sosial sahənin inkişafına müsbət təsir edir.  İndi evində fasiləsiz mavi yanacaq şölələnən, işığı daim yanan, telefon, internet xidmətindən istifadə edən, rahat yoldan və səhiyyə xidmətindən yararlanan, uşağı müasir məktəbdə təhsil alan hər bir sakin doğma yurd-yuvasına daha sıx tellərlə bağlanır. Kənd təsərrüfatının inkişafına göstərilən qayğı, iş yerlərinin artırılması da  bu sahənin tərəqqisinə  xidmət edən amillərdir.

Ümumiyyətlə, 25 il  əvvələ  nəzər saldıqda hansı çətinliklərdən, hansı mürəkkəb dövrdən bu xoş günlərə gəlib çıxdığımızı görərkən hər birimiz qazanılan uğurlarla qürur duyuruq. Gözəlləşən, müasirləşən diyarımız  Heydər Əliyev yolunun təntənəsidir. 

 

Hafizə Əliyeva

Naxçıvan televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: