Bu il Babək rayonunda 2019-cu ilin məhsulu üçün 10 min 221 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Bunun da 7 min 884 hektarını buğda, 2 min 337 hektarını isə arpa təşkil edir. Taxıl əkinləri bir neçə dəfə suvarılıb, sahələrdə ziyanvericilərə qarşı kimyəvi mübarizə aparılıb, üzvü və mineral gübrələr verilib. Bundan başqa, rayonda taxıl biçinini vaxtında başa çatdırmaq məqsədilə bütün kombaynlar saz vəziyyətə gətirilib. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə fermerlər, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, kombayn sürücüləri və mexanizatorlarla görüşlər təşkil olunur, taxıl sahələrinin yanğından mühafizə olunması məqsədilə maarifləndirici söhbətlər aparılır.
Royal Həsənov
“Şərqin səhəri” qəzeti