Ordubad rayonunun məscidləri - FOTOLAR

A- A A+

Ordubad rayonu Naxçıvanın qədim yaşayış məskənlərindən biridir. Burada ibadət evləri  əsasən öz qədimliyi ilə seçilir. Ordubad rayonunda rayon mərkəzi və 43 kənd və 3 qəsəbə var. Demək olar ki, Ordubadın kəndlərinin hamısında irili-xırdalı kənd məscidləri mövcuddur. Ordubad şəhərində isə mövcud olan məscidlərin əksəriyyəti tarixi əhəmiyyətə malikdir. Şəhərin qədim abidələrindən olan Cümə məscidi orta əsrlərə aiddir.

Məscid Ordubad şəhərinin mərkəzi meydanında ən hündür yerdə ucaldılıb. Məscid möhtəşəmliyi ilə diqqəti cəlb edir. Memarlıq görkəmi XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə daşımaqdadır. Cümə məscidinin şərq qapısı üzərindəki daş lövhədə I Şah Abbasın nəsx xətti ilə beş sətirlik fərmanı həkk edilib. 1604-cü ilə aid olan bu fərmanda deyilir: "Ordubad qəsəbəsinin bütün əhalisinin ...Şah Abbas sülaləsinə etimadını, onların şiə məzhəbli olduqlarını nəzərə alaraq sənətkarlardan, əsnaflardan, bağlardan, əkin yerlərindən, dəyirmanlardan toplanan ixracat, itlaqat, nüzul, əvariz, qonalqa vergilərindən ibarət olan malcəhət və vücuhatı azaldıb (tədricən) ləğv etsinlər, onları Azərbaycan boniçesindən çıxsınlar və divan itlaqatından xaric etsinlər”.

Bu fərman da Cümə məscidinin son orta əsrlərdə formalaşdığını deməyə əsas verir. XVII əsrdə isə məscidin əsaslı şəkildə bərpa edildiyi güman olunur. Məscidin içəri divarlarındakı həndəsi formalı ornamentlər Naxçıvanın qədim abidələrindəki rəsmləri xatırladır. Bəzi mənbələrə görə, 1902-03-cü illərdə məsciddə təmir işləri aparılarkən tapılmış bir kərpicdəki yazıdan onun XI-XII əsrlərdə tikildiyi aydın olur.

Tədqiqatçılar Cümə məscidinin indiki görünüşünün sonradan edilən əlavələr nəticəsində yarandığını qeyd edirlər. Hazırda məscidin şimal-şərqində mədrəsə, qərbində isə Qeysəriyyə binaları yerləşir. Məscidin dam örtüyü və ətraf binalar 1987-ci ildə əsaslı surətdə bərpa olunub.

 

Ordubadda Türk imperatorunun  adını daşıyan məscid var

 

Ambaras məscidi adını daşıyan məscid XVII əsrdə dağın üstündə Türk imperatorunun adına tikilib. Tarixçilər bu məscidin əslində XVI əsrə aid olduğunu iddia edirlər. Məscid çinar ağacının nəhəng budağının sınması nəticəsində uçub dağılıb. Ordubad elmi bərpa işləri kollektivinin səyi nəticəsində yenidən bərpa olunub. Abidə "Mir Cəfər” və "Sultan Murad” adları ilə də tanınır. Bu Sultan Muradın adına tikilməsi və Mir Cəfər tərəfindən bərpa edilməsi ilə əlaqədardır.

 

Ordubadın məhəllə məscidləri

 

Əvvəllər hər məhəllənin özünün ibadət ocağı olub. Bu tarixi ənənə qədim Ordubadda məhəllə məscidlərinin indi də qalması ilə davam edir. Belə ki, şəhərin bəzi məhəllələrində məscidlər bu gün də  qalmaqdadır. Məsələn, Dilbər məscidi adı ilə tanınan məscid Naxçıvan memarlıq məktəbinə aid edilir. Məhəllə məscidi kimi fəaliyyət göstərən ibadət evi memarlıq kompozisiyası baxımından XVII əsrə xas olan üslub və tipoloji xüsusiyyətləri özündə əks etdirir. Məscidin mehrabı, şəbəkəli pəncərələri, fasadında giriş portalı var. Şəbəkə pəncərələrinin işlənməsi, baş tağın asimmetrik yerləşməsi və s. məscid binasının Ordubad xalq yaşayış evləri ilə uyğunluq təşkil etdiyini göstərir.

Sərşəhər məscidi Ordubad şəhərində yerləşən digər bir məhəllə məscididir. Memarlıq baxımından 18-ci əsrə xas üslubu və tipoloji xüsusiyyətləri əks etdirir. İkimərtəbəli məscidin mehrabı, ağac sütunları, şəbəkəli pəncərələri və meydanı var. 1986-cı ildə bərpa və təmir edilərək, meydan kompleksi şəklinə salınıb.

 

Ordubadın qədim kənd məscidləri

 

Vənənd məscidi Ordubad rayonundakı eyniadlı kəndin ərazisində yerləşir. Hesablamalara görə, 1324-1325–ci illərdə tikilib. Düzbucaqlı formada olan məscidin sahəsi təqribən 375 kvadratmetr, hündürlüyü 7 metrdir. Məscid bir neçə dəfə bərpa olunub. 17-ci əsrin əvvəllərində ona böyük bir bina əlavə edilib. Qapı yerinin çatmasında iri nəsx xətti ilə farsca kitabədə "Yeddi yüz iyirmi beşinci ildə (1324-25) yarandı” yazılıb. Digər kitabədə isə göstərilir ki, məscidi 1732-ci ildə vənəndli Məhəmməd Rza bərpa edib.

Burçunlu məscidi Оrdubad rayonunun Vənənd kəndinin Burçunlu məhəlləsindədir. Məscidin cənub tərəfdəki çatmatağlı qapısından kiçik оtağa, оradan şərq divardakı qapı ilə böyük salоna giriş qapısı vardır. Uzunluğu 9,5 metr, eni 9,6 metr, hündürlüyü 4,2 metr, divarın qalınlığı 1,2 metrdir. Tavan 2x2=4 sütun üstə оturub. Şimal divarın önündə qadınların оturması üçün 2 mərtəbə eyvan düzəldilib. Sütun başlıqları gözəl düzəldilib. Memarlıq abidəsini kоnstruktiv quruluşuna görə XVII əsrə aid etmək оlar.

Dırnıs məscidi Ordubad rayonunun Dırnıs kəndinin Yuxarı məhəlləsində, Mirzə küçəsində yerləşir. Kənddə ən iri məscid olduğundan el arasında "Böyük məscid” adlanır. Məscidin dirəklərindən birinin sütun başlığı üzərində qara rənglə yazılan kitabədən aydın olur ki, məscid hicri 1339-cu ildə (1920-21) təmir olunub, təmir işlərini Ordubadlı usta Həsən həyata keçirib. 1999-cu ildə əhalinin vəsaiti ilə yenidən təmir olunub, bu zaman məscidin qərbdən giriş qapısının qarşısında balkon düzəldilmiş və minarə hörülmüşdür. Memarlıq-konstruktiv quruluşuna görə XVII əsrə aid edilir.

Hacı Hüseynqulu məscidi Ordubad rayonunun Gənzə kəndində yerləşir. Məscidin üzərində kitabə olmasa da yerli camaatın dediyinə görə onu Hacı Hüseynqulu adlı nüfuzlu bir adam tikdirib. Öldükdən sonra özü də məscidin cənub divarının qarşısında dəfn olunub. Məsciddə olduğu kimi qəbirin üstündə də heç bir epiqrafik sənəd-kitabə yoxdur. Ancaq son zamanlar məscid bərpa edilərkən qəbirin üstü də götürülüb, mərmər başdaşı və sinədaşı qoyulub. Başdaşının üstündə ərəb əlifbası ilə "Mərhum Hacı Hüseynqulu, 16-cı əsr” sözləri həkk edilib. Naxçıvan bölgəsində ən qədim məscid nümunələrindən olan abidənin daxili böyük salondan ibarətdir. Məscidin yanında qonaq otağı vardır. Kənddə yas mərasimləri bu məsciddə keçirilir, həmçinin məhərrəmlikdə və orucluqda burada dini mərasimlər icra olunur. Məscidin cənubunda olan qəbiristanlıq da vaxtı ilə Hacı Hüseynqulunun torpaq sahəsi olub, onu qəbiristanlıq üçün bağışlayıb. Orada olan məzar kitabələrinə əsasən demək olar ki, Hacı Hüseynqulu XV əsrdə yaşayıb, məscidi də həmin vaxt inşa etdirib.

Əylis məscidi Ordubad rayonunun Əylis kəndində orta əsrlərə aid ibadət evidir. Tədqiqatçılara görə Əylis məscidi XVI əsrdə İran şahı I Şah Abbas tərəfindən inşa edilib (el arasında "Şah Abbas məscidi” də adlanır). Məscidin əvvəllər mövcud olmuş mədrəsəsi son zamanlara qədər qalıb. Sonralar dağılıb, daha sonralar isə bərpa edilib.

Ordubad rayonunda həmçinin Anabad məscidi, Azadkənd məscidi, Ağrı məscidi, Aşağı Əndəmic məscidi, Aşağı Əylis məscidi, Baş Dizə məscidi, Başkənd məscidi, Behrud məscidi, Biləv məscidi, Dizə məscidi, Düylün məscidi, Düylündizə məscidi, Dərkənd məscidi, Dəstə məscidi, Kotam məscidi, Kələki məscidi, Kələntər məscidi, Məzrə məscidi, Nürgüt məscidi, Nüsnüs məscidi, Nəsirvaz məscidi, Parağa məscidi, Parağaçay məscidi, Pəzməri məscidi, Qoşadizə məscidi, Sabirkənd məscidi, Xanağa məscidi, Xurs məscidi, Ələhi məscidi də mövcuddur.

Onu da qeyd edək ki, son illər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində rayonumuzun Yuxarı Əylis və Sabirkənd yaşayış məntəqələrində yeni məscid binaları tikilib istifadəyə verilib.

 

Bahar Əliyeva

“El həyatı” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: