Təbiətimizin daha bir ərməğanı – tut

A- A A+

Muxtar respublikamız Ulu Tanrının bu torpaqlara bəxş etdiyi zənginliklərlə doludur. Bu zənginliklər içərisində bitki aləmi isə xüsusi bir yer tutur. Olduqca zəngin elementlərə malik olan və bir çox xəstəliklərin müalicəsində istifadə edilən bu bitkilər içərisində ana təbiətin ərməğanı kimi qiymətləndirilə biləcək tut da var.

Qeyd edək ki, şanına mahnılar bəstələnən, şeirlər qoşulan tut xalqımız üçün ən dəyərli, ən əziz təbiət növrağıdır. Elimizdə-obamızda yazın gəlişindən sonra bizim ilk barlı-bəhərli qonağımız da məhz tut ağacı hesab olunur. Bəlkə də, elə bu səbəbdən tut xalqımızın sevimli və eyni zamanda müqəddəs bildiyi bitkilər sırasında yer alır.

Görkəmli yazıçı Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsərində ehsanlıq ağac kimi qiymətləndirdiyi tut ağacı bu gün Kəngərli rayonunda da ən çox yetişdirilən ağaclar sırasındadır. Demək olar ki, hər həyətdə ən azı bir tut ağacına rast gəlinən bölgəmizdə daha çox bu bitkinin üç növü yetişdirilir: ağ, qara və qırmızı tut. Qeyd edək ki, hər üç növ tut müalicəvi əhəmiyyəti ilə seçilir və bir çox faydaları özündə ehtiva edir. Belə ki, rəngindən asılı olmayaraq, tut zəngin vitamin-mineral tərkibinə malikdir. Göz zəifliyindən tutmuş, immunitet sistemlərinin zəifliyinə, hətta erkən qocalmaya qarşı bu bitkinin böyük faydaları var. Tərkibi bir çox mineral maddələrlə zəngin olan tut, həmçinin zəngin dəmir elementlərinə də malikdir.

Təbii halda qəbul edilən tutdan həmçinin böyük faydalara malik doşab (bəkməz) da hazırlanır. Qeyd edək ki, tut doşabının tərkibi olduqca zəngin zülallara malikdir. Mütəxəssislər tut doşabını bəzi hallarda hətta balla müqayisə edirlər və iddia edilir ki, bu doşab növünün tərkibində dəmir balla müqayisədə 8 dəfə çoxdur, bu da insan orqanizminə daha böyük fayda verir. Elə bu səbəbdən də tut doşabından qanazlığı zamanı geniş şəkildə istifadə edilir. Tut doşabı həmçinin güclü iltihab əleyhinə təsirə də malikdir və soyuqdəymə xəstəlikləri zamanı qəbul edilir. Bu zaman xəstənin ümumi vəziyyəti yaxşılaşır, onda tərləməni artırır, hərarəti salır. Öskürək zamanı da tut doşabından istifadə etmək faydalıdır. Belə ki 1 xörək qaşığı doşab (uşaqlar üçün 1 çay qaşığı) qəbul etmək bəlğəmi duruldur və bəlğəmin çıxmasını asanlaşdırır.

Qeyd edək ki, tutun özü kimi onun yarpağı da orqanizm üçün faydalıdır. Çay kimi dəmlənib içilən tut yarpağı şəkərli diabetdən əziyyət çəkən xəstələr, ürək ağrıları olan insanlar üçün böyük müalicəvi əhəmiyyət daşıyır.

Bəli, göründüyü kimi tut bir çox xəstəliklərə qarşı mübarizədə olduqca geniş şəkildə istifadə olur. Məhz bütün bunlara görə tut təbiətin bizə bəxş etdiyi ən böyük ərməğan kimi qiymətləndirilir.

 

“Yeni həyat” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: