Xalq təqvimində “ülkər ulduzları”, görülən işlər , təsərrüfat qayğıları - FOTOLAR

A- A A+

Azərbaycan xalq təqvimində iyun ayı məxsusi yerə malikdir. Belə ki, bu dövrdə xalq arasında deyilənə görə “ülkər ulduzları” görünür və bu proses yay fəslinin başlandığına bir işarə kimi qəbul edilir. Eyni zamanda bu ulduzların görünməsi ilə təsərrüfat sahələrində bir çox işlər görülür. Naxçıvanda iyun ayında bir çox meyvələrin mövsümü olduğu üçün onlar toplanılır, qış tədarükü görülür.

Ümumiyyətlə, xalq təqvimində dəqiq və qeyri-dəqiq vaxt bölgüsü mövcuddur. Vaxt bölgüsünün bəziləri astronomik dəyişikliklərlə ölçülür və həmin dəyişikliklər hər il eyni vaxtda və ya sutka ərzində eyni saatda baş verir. Astronomik müşahidələrə əsaslanan vaxt bölgüsündə müxtəlif ulduzların, bürclərin ilk dəfə görünməsi əsas götürülür. Bunlardan biri də ülkər ulduzlarının görünməsi (doğması) vaxtıdır. Maraqlıdır ki, tədqiqatçıların bəziləri ülkər ulduzlarının doğmasını, yayın yarı olması dövründə, yəni, “quyruqdoğdu” ilə eyniləşdirirlər. “Azərbaycan etnoqrafiyası” (üç cilddə) kitabında yazılıb: Alimlər araşdırmalar nəticəsində göstəriblər ki,“quyruqdoğdu” ifadəsi buğa bürcündəki ülkər ulduz topası ilə bağlı yaranmışdır. Həsən bəy Zərdabinin yazdığı “quyruğa oxşayan ulduz dəstəsi” buğa bürcündəki ülkər ulduzlarıdır.

Elat camaatı arasında olan inama görə ülkər ulduzu doğan vaxt üç gün səhər tezdən mal-qaranı, xüsusən qoyunları arxacda, yaxud, təpənin arxasında yatırdırlar ki, həmin ulduzun işığı onlara düşməsin. Əks halda heyvanın tükü tökülür, işıq düşən  tala yer batıq kimi qalır. Burada mühüm bir məqam ondan ibarətdir ki, ülkər ulduzlarının (quyruğa oxşar ulduz dəstəsi də ülkər ulduzlarıdır) quyruq doğduya aidiyyəti yoxdur. Ülkər ulduzlarının doğması, yaxud görünməsi sırf yay fəslinin gəlməsinə bir işarədir. Dahi şairlərimiz Nizami Gəncəvi, Füzuli, Xəqani ulduzşünaslıq elmini gözəl bilmiş, lazım gəldikcə öz əsərlərində təşbeh kimi istifadə etmişlər. N. Gəncəvi “Xosrov və Şirin” poemasında yazır:

  Şirinə üz tutdu kənizlər yeyin,

  Bənatinnəş ikən oldular Pərvin.

Ülkər ulduzları buğa bürcündəki ulduz topası olmaqla yanaşı, həm də ümumi ulduz mənasında işlədilir. Görkəmli şair Səməd Vurğunun qeyd etdiyi kimi:

 Göydən karvan-karvan ulduzlar

keçir,

 Hər kəs öz bəxtinə bir ülkər

seçir.

misralarından da görünür ki, ülkər, həm də ulduz mənasında işlədilir.

Etnoqraf Asəf Orucovun Naxçıvanda topladığı çöl materiallarında isə ülkər ulduzlarının ilk dəfə iyunun 2-də göründüyü qeyd edilir. Xalq arasında heyvanları “ülkər vurması” inamına gəldikdə isə deyə bilərik ki, belə bir inam olsa da, bunun konkret hansı zamanda baş verdiyini çöl tədqiqatları nəticəsində də dəqiqləşdirə bilmədik.

Xalq təqvimində ülkər ulduzunun görünməsi yayın girməsinə işarədir. Çünki astronomik görüşlərdən fərqli olaraq xalq təqvimində iyun, iyul, avqust yay ayları kimi hesablanılır. Təbii ki, bu dövrün də özünə uyğun qayğıları vardır. Belə ki, bu dövrdə heyvandarlıqda artıq yaylağa köçmənin vaxtı yetişir. Birdən-birə düşən istilər aran zonasında otları saraldır. Kəskin istilər xüsusən, oyunların “kürnəş” bağlayaraq otlamamasına, müxtəlif dəri xəstəliklərinin yayılmasına səbəb olur.

Əkinçilikdə isə taxıllara son su-“dənov suyu” verilir. Güney yamaclarda isə dəmyə üsulu ilə  əkilən arpalar ağarır. Əvvəllər bu vaxtı “heşan” salınar, xırman döyüləcək sahələr kol-kosdan təmizlənər, sulanıb, bərkidilərdi. Öküz arabaları, carcarlar, gəmlər (vəllər) təmir edilib hazır vəziyyətə gətirilər, iş öküzləri seçilərdi.

Qış hazırlığının bir hissəsi də bu dövrdə həyata keçirilirdi. Qızılgülün ləçəkləri toplanar, qızılgül mürəbbəsi (gülqənd),eləcə də həmərsin, qoyungözü çiçəyinin ləçəklərindən mürəbbə bişirilər, məclislərdə istifadə etmək üçün qızılgüldən  gülab çəkilərdi.

Eyni zamanda bu müddətdə bəzi mürəbbələr – çiyələk, qarağat, tut, gilas mürəbbəsi də bişirilirdi. Tarlalarda isə aran yerlərində otun birinci çalımı həyata keçirilirdi. Havaların tez-tez şıltaqlıq etməsinə görə, hər kəs çalışır ki, yağışa salmadan otu tez qurudub yığışdıra bilsin. Bundan başqa, üzümçülükdə bu müddətdə salxımlar çiçəklədiyi üçün bir müddət üzüm bağına yaxın getməzdilər.

Bu gün bir qədər laqeyd yanaşılsa da, xalqımızın həyatında mühüm rol oynayan, yaşlıların dediyinə görə, İkinci Dünya müharibəsi illərində bir çox ailəni aclıqdan (ölümdən) qurtaran tut  da məhz bu dövrdə yetişir. Naxçıvanda bir çox tut növləri olsa da şirinliyi, əvəzsiz qurusunun olmasına görə “bidana” (bedana) tutlar üstünlük təşkil edir. Hər həyətdə gövdəsinə qol dolanmayan bir neçə bidana tut ağacı olardı və bu, ailənin bir növ sərvəti hesab edilirdi. Pendir dürməyini tutan ağaca dırmaşar, tutla pendir çörəyi şirin-şirin, böyük iştaha ilə yeyilərdi. Tutun çırpılması bayrama çevrilərdi. Yaş halda yeyildiyi kimi, qurudulub qış çərəzi kimi istifadə edilər, hətta satışa da göndərilərdi. Tut çox məhsuldar bitki olub, məhsulu təxminən otuz-qırx gün ağacda qalır. Beş-on dəfə çırpılır. Toplanmış tutlar günəş altında sərilib-qurudulur, sonra yuyularaq toz-torpağı, çör-çöpü təmizlənir, yenidən qurudularaq kisələrə yığılır. Bu gün bazarda kifayət qədər baha qiymətə satılmasına baxmayaraq, yalnız Ordubad bölgəsində tutun qurudulması ilə məşğul olanlar var. Tonlarla tut isə tökülərək ağacların altında zay olur. Təəssüf ki, bir çox həyətlərdə ata-babaların nə ümidlə əkdiyi tut ağacları baltalanıb kəsilib. Halbuki, tutun qurusu, ondan hazırlanan doşab (bəhməz) həm də müalicəvi xüsusiyyətə malikdir.

Etiraf edək ki, bu meyvənin  vaxtında yığılması və qurudulması işinə çoxumuz etinasız yanaşırıq. Dövlət tərəfindən sahibkarlar üçün lazımi kreditlər ayrılır, xammal da ki, yetəri qədərdir. Geriyə qalır tutun, eləcə də çox vaxt sahib çıxmadığımız müxtəlif meyvə qurularının istehsalı ilə məşğul olan ailə təsərrüfatları yaratmaq. Kiçik və orta sahibkarlığın inkişafı üçün münasib olan belə layihələr kənd yerləri üçün daha uyğundur. Bu isə yeni iş yerləri deməkdir.

Sevindirici haldır ki, vaxtilə ata-babalarımız tərəfindən xalq təqvimində icra olunan işlərin böyük əksəriyyəti bu gün də yerinə yetirilir. Bu işlərin başında isə elin sərvəti olan taxıl biçini dayanır. Müasir dövrdə ot-taxıl biçinini mütəşəkkil şəkildə aparmaq üçün kombaynlar, maşın-mexanizmlər hazır vəziyyətə gətirilir, bu sahəyə məsul olan adamlar maarifləndirilir. Üstəgəl, zəhmətkeş insanlar torpaqları boş qoymur, əkir-biçir, məhsul bolluğu yaradırlar. Yay aylarında yetişən min bir nemətin toplanıb qurudulması məsələsinə gəldikdə isə bu yerdə ataların yaxşı bir deyimi yada düşür: yayın artığı qışın yavanlığıdır. Gəlin, artığımızdan yox, elə olanımızdan qış yavanlığı hazırlayaq. Uca Yaradan bu torpaqdan heç nəyi əsirgəməyib. Naxçıvanın saf suyunda, havasında, torpağında ərsəyə gələn hər cür nazü-nemət dəyərlidir, qiymətlidir, ekoloji cəhətdən təmizdir. Necə deyərlər, “dilini bilsən” hələ, yaxşı qazanc da götürə bilərsən.

Zaleh Novruzov

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: