Nəcib insanlar sorağında

A- A A+

Naxçıvan ədəbi mühitinin görkəmli yetirməsi olan Xalq yazıçısı Hüseyn İbrahimovun (1919-2008) çoxəsrlik Azərbaycan ədəbiyyatının zənginləşməsində mühüm xidmətləri olub. Onun xüsusilə Azərbaycan bədii nəsrinin inkişafındakı xidmətləri danılmazdır. Geniş və əhatəli yaradıcılığını təşkil edən çoxsaylı qiymətli əsərləri vətənə, xalqa, el-obaya bağlılıq və məhəbbət ruhu əxz etmək baxımından qiymətlidir. Onun irili-xırdalı hər bir əsəri torpağa və insana hörmət və sədaqət ruhu əxz edir.

Xalq yazıçısı Hüseyn İbrahimovun əsərləri vətənə məhəbbət ruhu əxz etməsilə bərabər, həm də milli ədəbiyyatımızın ideya-estetik və məzmunca zənginləşməsində mühüm xidmətlər göstərib. O, 1919-cu il  mayın 23-də “sahib-mənsəb ziyalılar yurdu” kimi tanınan qədim Şahtaxtı kəndində dünyaya göz açıb. Görkəmli Xalq yazıçısı geniş və əhatəli bir yaradıcılığa malikdir. Yaradıcılığa şeirlə başlasa da, iki pyesi teatr səhnəsində tamaşaya qoyulsa da, Xalq yazıçısı özünü ədəbiyyat sahəsində görkəmli nasir kimi təsdiq edib. Ümumiyyətlə isə, onun irsində 100-ə yaxın hekayə, 20-dən çox novella, 8 povest, 3 pyes, 5 roman yer almaqla yazıçının bədii yaradıcılıq sahəsindəki uğurlarını nümayiş etdirir. Mövzu və problem cəhətdən çoxşaxəli olan Hüseyn İbrahimov yaradıcılığında “Bahar yağışı”, “Sabahın sorağında”, “Əsrin onda biri”, “Böhtan”, “Nəciblik”, “Kənd həsrəti” və başqa əsərləri ciddi əhəmiyyətə malikdir. Xalq yazıçısının peşəkar ədəbi yaradıcılıq sahəsində tanınması və nüfuz qazanmasında yaradıcılığının ilk illərində yazdığı “Bahar yağışı” və “Sabahın sorağında” əsərlərinin rolu böyükdür. Əbəs deyil ki, yazıçını ədəbi tənqiddə hətta “Bahar yağışı”ndan çıxan sənətkar“ kimi də təqdim edirlər (akad. İ.Həbibbəyli).

Xalq yazıçısını müharibə dövrünün yazıçısı adlandırmaq da olar. 1944-cü ildən, yəni Birinci Dünya Müharibəsi dövründə ədəbiyyata şeirlə gələn Hüseyn İbarhimov “O qoymadı düşməndə anasının qanını” şeiri, “Məzar daşına yazılan yazı”, “Senanın göz yaşları”, “Qorxmaz kapitan” və s. kimi əsərləri ilə müharibənin gətirdiyi və yaşatdığı problemləri əks etdirib. O, bir yazıçı olaraq təkcə müharibə kimi dəhşətli bir hadisənin savaş və qırğın səhnələrini əks etdirməyib, o daha çox insanların qəlb dünyası və ruhunda yaşanan hissi-psixoloji “savaşı” təqdim etməyə çalışıb. Onun üçün insan əbədi və əzəli bədii məqsəddir. Buna görə də o, məharətlə müharibə dövrünün dəhşətlərindən insan talelərinə, insan həyatlarına enib, məhz bu ömür dünyalarında baş verən prosesləri diqqət mərkəzinə gətirib.

Hüseyn İbrahimovun əsərlərinin bir özünəməxsusluğu da var: doğulub, boya-başa çatdığı Naxçıvanı bütün varlığı ilə əks etdirmək və bu vəsilə ilə də bütöv vətənini tərənnüm və təsvir etmək.  Onun ucaltdığı qəhrəmanı da, tənqidə məruz qoyduğu nanəcib insanı da, məhəbbətini, sədaqəti və vəfasını öydüyü aşiq-məşuqu da, əməksevərliyini, vətənpərvərliyini, qayğıkeşliyini təqdim etdiyi insanlar da, gözəlliyini, təravətini, tarixini, mədəniyyətini tərənnüm və vəsf etdiyi yeri, yurdu, daşı da məhz canına hopdurduğu Naxçıvandır, Azərbaycanın dilbər guşəsi və ayrılmaz hissəsi olan Naxçıvan. Naxçıvanın şanlı tarixini və bu tarixin görkəmli qəhrəmanı Əcəmi Əbubəkr oğlunun taleyi və sənətindən bəhs edən “Əsrin onda biri” romanı tarixi mövzuda yazılan qiymətli əsər kimi xüsusi bir yer tutmaqdadır. Böyük Azərbaycan şairi Hüseyn Cavidin ağrı-acılı ömür yoluna həsr olunan “Böhtan” əsərində həm də çalxalanan və mürəkkəb, ziddiyyətli, psixoloji gərgin bir dönəmin vəziyyəti əks olunur, müdrik və uzaqgörən fikirləri, vətəndaş qeyrəti ilə xalqına böyük inkişaf və inam bəxş edən dahi şair Hüseyn Cavidin əzəmətli fəaliyyətindən fəxarətlə bəhs edilir. Ümumiyyətlə, görkəmli yazıçının “Əsrin onda biri”, “Böhtan”, “Ölməz mahnılar” roman və povestləri Azərbaycan ictimai fikri və mədəni inkişafında əhəmiyyətli yer tutan dövrlərdən və Əcəmi Naxçıvani, Hüseyn Cavid, Üzeyirbəy Hacıbəyov kimi əvəzsiz tarixi şəxsiyyətlərin taleyi və sənətindən bəhs etməklə Azərbaycan tarixi nəsrində mühüm yerə malikdirlər. 

Yazıçının məhəbbət ruhlu əsərləri içərisində xüsusi yeri ilə seçilən “Qızlar bulağı” hekayəsi Naxçıvanı əfsanələr yurdu kimi təmsil edən Qızlar bulağı haqqındakı əfsanəvi hekayətidir. Çox zaman Naxçıvanı təmsil edən, ulu Mömünə xatının ayaq tərəfindən çıxan bu bulaq özü haqqında rəvayətlərlə adını əfsanələşdirmiş, yazıçı Hüseyn İbrahimovun məharətli qələmi və zəngin intuisiyası ilə sanki yenidən qələmə alınmışdır. Onun məhəbbət mövzulu əsərlərində əzəmətli bir eşq, qabil və qadir bir məhəbbət öz yerini tapır. “Göyərçinin məhəbbəti”, “Şirin xatirə”, “Qadın nəfəsi”, “Qu quşları öləndən sonra oxuyur”, “Baharın hekayəsi”, “Qızlar bulağı” və b.  əsərlərdə məhz təmiz, saf məhəbbətin tərənnümü, sədaqət və vəfa dolu sevginin qələbəsi insana təmiz duyğular bəxş edir. Onun əsərlərində vəsf və tərənnüm olunan məhəbbət mövzusu sadəliyi, saflığı, təmizliyi ilə sevilir. Çox zaman da kənd həyatında yaşanan məhəbbət macəraları bu ülvi, təmiz hisslərilə insan qəlbini zənginləşdirir. Məhəbbətin insanı xilas edəcəyinə inamı qətiyyətlə yer alır. Tamamilə doğru deyilib ki, “nəcib hisslər, xeyirxahlıq, başqalarının səadəti üçün çalışmaq yazıçının qəhrəmanlarının səciyyəvi cəhətidir” (“Ömrün və sənətin müdriklik çağı”).

Xalq yazıçısı H. İbrahimov böyük ustadı Cəlil Məmmədquluzadədən də təsirlənərək bir sıra satirik-yumoristik əsərlər yazıb. “Yeddinci meyid”, “Nəciblik”, “Zırrama”, “Eyvazovun salamı”, “Day lazım olmadı” və b. əsərlər yeni həyatdakı köhnəlikləri, gerilikləri tənqd və ifşa baxımından çox əhəmiyyətlidir. O, insanların nəcabətinə kölgə salan keyfiyyətləri qırmanclayaraq mənəvi zənginlik və ali keyfiyyətlər əxz etdirir. Tənqidçi Qulu Xəlilovun təsdiq etdiyi kimi: “Təmizliyə çağırış, insanlarda saflıq və gözəllik hisslərini istiqamətləndirmək, dövrümüzün mühüm əxlaqi problemləri, insan ləyaqətinə kölgə salan hər cür əyriliyə xəlqi mövqedən atəş açmaq Hüseyn İbrahimovun yaradıcılığının əsas pafosunu təşkil edir”.

Ümumiyyətlə, Xalq yazıçısı Hüseyn İbrahimovun yaradıcılığı nəcib hisslər, ülvi duyğular, təmiz, saf məhəbbət əxz edir. Doğru deyilib ki, “Hüseyn İbrahimov düşünən və düşündürən yazıçıdır” (Ş.Səfərov). Yaradıcılığında doğma Naxçıvan aləmindən dünyaya boylansa da, Xalq yazıçısı, Süleyman Rəhimovun dediyi kimi, “Hüseyn İbrahimovun yaradıcılığı məhəlli ölçü istəmir... O, bütöv Azərbaycan yazıçısıdır”. Bəli, əlli ildən artıq qos-qoca bir müddəti bədii yaradıcılıq işinə həsr edən Xalq yazıçısı Hüseyn İbrahimovun yaradıcılığı gənc nəsillərin əxlaqi-mənəvi tərbiyəsi üçün çox əhəmiyyətlidir. Onun bu zəngin yaradııcılığını çox yüksək dəyərləndirən ulu öndər Heydər Əliyev demişdir: “...yaradıcılığınızın bəhrəsi olan ədəbi əsərləriniz oxucularınızın ideya-mənəvi tərbiyəsində böyük əhəmiyyət kəsb etmiş, gənclərə saf duyğular, bəşəri hisslər aşılamış, müdrik ziyalı mövqeyiniz Sizə hörmət gətirmişdir”. “Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamında da deyildiyi kimi: “Xalq yazıçısının tarixi keçmişimizdən bəhs edən əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanmış, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynamışdır”. Vətəninə, torpağına bağlı, xalqa dərin məhəbbət bəsləyən Xalq yazıçısı Hüseyn İbrahimovun gələcəyə  səslənərək dediyi: “Ey insanlar, bu yurd da, onun üstündəki abidələr də sizə bir ata-baba amanatı...” kimi dəyərli, müdrik sözlər neçə illər gənc nəsillərin qulağında əks-səda verərək onlara el, oba, yer-yurd cavabdehliyi və vətənpərvərlik ruhu, tərbiyəsi əxz edəcəkdir. Eləcə də qos-qoca bir çinar ömrünü xatırladan Xalq yazıçısının zəngin söz sərvəti, müdriklik əxz edən qiymətli əsərləri illərcə insani dəyərlərin və nəcibliyin əhatəsində qol-qanad açaraq onun keşiyində dayanacaqdır.

Ramiz Qasımov

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: