Ulu öndərin göstərişi ilə tikilən Arpaçay dəryaçası həm də nur çeşməsidir

A- A A+

Şərur rayonunun iqtisadi həyatında, insanların sosial həyat şəraitinin yaxşılaşmasında müstəsna əhəmiyyətə malik obyektlərdən biri də Arpaçay Su Anbarıdır. Dağların qoynunda qərar tutan dəryaça ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində həyata vəsiqə alıb. Şərurlular dağlar qoynunda qərar tutan və bir vaxtlar aşıb-daşan Arpaçay üzərindəki su anbarını, Su Elektrik stansiyalarını bolluq-bərəkət təknəsi, iqtisadi dirçəliş, işıq və nur çeşməsi, bir sözlə, yeni həyat simvolu kimi dəyərləndirirlər.

Arpaçay dəryaçası dodaqları cadar-cadar olmuş torpaqlara həyat bəxş edən Tanrı payıdır. Bu payı şərurlulara Ulu Tanrının elçisi, dünənimizə, bu günümüzə, sabahımıza işıq saçan ümummilli liderimiz Heydər Əliyev bəxş edib. Ulu öndərin göstərişi ilə dəryaçanın sularını Şərur və Kəngərli düzlərinin dörd-bir yanına çatdırmaq üçün iki kanal çəkildi. Şərurun tarlalarından bol məhsul toplandı, taxılı, üzümü, tərəvəzi rekord həddə çatdı, heyvandarlıq, quşçuluq inkişaf etdirildi, adamlar torpağa daha çox bağlandılar, özləri üçün yeni evlər tikdilər, xoş güzəran qurdular.

O zaman çoxlarına xəyal kimi görünən nəhəng Arpaçay dəryaçasının tikintisi öz işgüzarlığı və siyasi uzaqgörənliyi ilə seçilən Heydər Əliyevin dəstəyi ilə reallaşdı və nəhayət, 1977-ci ildə 150 milyon kubmetr tutumu olan Arpaçay Su Anbarı istismara verildi. İndi bu dər­yaçaya baxdıqca ulu öndər        Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər yada düşür - fərəhli, ümidli, ilhamlı illər.

Su anbarı istismara veriləndən sonra 40 min hektardan artıq torpaq sahəsinin suvarılması yaxşılaşdırıldı, yeni torpaq sahələri əkin dövriyyəsinə daxil edildi. Bu gün Şərur ilə bərabər, Sədərək və Kəngərli rayonlarının məhsuldar tarlalarına can verən sağ və sol sahil kanalları vasitəsi ilə on minlərlə hektar əkin sahəsi, bağ-bağat suvarılır, məhsul bolluğu evlərə ruzi-bərəkət gətirir.

Müasir dövrümüzü elektrik enerjisiz təsəvvür etmək çox çətindir: şəbəkədə gərginlik kəsildimi, sanki həyat donur, harada olursa-olsun, adam özünə yer tapmır, əllər telefonda, gözlər lampada qalır. Sevindirici haldır ki, artıq muxtar respublikamızda bu problemlər tamamilə aradan qaldırılıb, texniki və ya təbii   səbəblərdən kiçik fasilələri nəzərə almasaq, xətlərə gərginlik fasiləsiz verilir. Bu gün muxtar respublikamız qonşu ölkələrə elektrik enerjisi ixrac edirsə, müqayisə etdiyimiz dövrdə əsasən bu enerji növünün idxalından asılı idik. Bu cür təzadların sayını artırmaq da olar. Lakin bunlar kifayətdir ki, qısa müddət ərzində Naxçıvanın “qaranlıq dünya”dan işıqlı məmləkətə çevrilməsini iddia edək.

Bir cümlə ilə ifadə etdiyimiz bu “çevrilmə”nin arxasında görülən məqsədyönlü işlər, gerçəkləşən qlobal layihələr durur. O işlər, o layihələr ki, hər birimiz hazırda onların işıqlı nəticələrinə şahidlik edirik. Yaxın keçmişdə qaranlığa şahidlik etdiyimiz kimi…

Göründüyü kimi, muxtar respublikamızda Ulu öndərin işıqlı siyasəti, quruculuq ənənələri uğurla davam edir. Sabitliyin və tərəqqinin qarantı olan Ali Məclisin Sədri energetika sisteminin inkişafına da müntəzəm diqqət və qayğı göstərir. Bölgədə enerji təchizatının dayanıqlığını, səmərəliliyini və təhlükəsizliyini təmin edən olduqca əhəmiyyətli işlər görülüb və bu tədbirlər davam edir. Arpaçay üzərində 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyalarının işə salınması bu qəbildən olan tədbirlərin ardıcıl xarakter aldığını nümayiş etdirir. 

“Arpaçay-2” Su Elektrik Stansiyasının qidalandığı paylayıcı qurğunun ümumi su tutumu 3 milyon kubmetrdir. Əsasən, supaylayıcı funksiyanı yerinə yetirən qurğuda görülən işlər daha geniş ərazidə əkin sahələrinin suvarılmasına əlverişli imkanlar yaradır, həmçinin böl­gənin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına xidmət edir.

Gücü 20,5 meqavat olan “Arpaçay-1” Su Elektrik Stansiyası qəbuledici qurğu, stansiya binası, tunel və transformator yarımstansiyasından ibarətdir. Qəbuledici qurğu saniyədə 37 kubmetr su buraxmaq gücünə malikdir. Tuneldən suyu turbinlərə ötürmək üçün yüksək təzyiqli boru xətti çəkilib. Stansiya binasında müasir idarəetmə və nəzarət-mühafizə sistemləri quraşdırılıb. Bu da stansiyanın iş rejimini daim nəzarətdə saxlamağa imkan verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü il aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının işə salınması mərasimində iştirak edib, ictimaiy­yətin nümayəndələri ilə görüşündə deyib: “Bu gün Naxçıvanda əlamətdar bir gündür. Biz “Arpaçay-1 və “Arpaçay-2” Su Elektrik  stansiyalarının açılışını qeyd edirik. Bu hadisə bir daha onu göstərir ki, bu gün Naxçıvan inamla, uğurla inkişaf edir. Nax­çıvanda böyük infrastruktur layihələri icra edilir. Respublika çox dinamik inkişaf dövrünü yaşayır”.

Muxtar respublikamızda hər il yeni istilik, günəş, yaxud su elektrik stansiyaları qurulur, modul tipli elektrik stansiyası energetika sisteminə qoşulur. Bu, müstəqil dövlətimizin sürətli tərəqqisindən xəbər verir. Bu günlərdə mətbuatdan əldə etdiyim sevindirici bir xəbər məni daha çox qürurlandırdı: “Nax­çıvan Muxtar Respublikası Dövlət Ener­getika Xidmətindən aldığımız bir xəbərdə qeyd olunur ki, aprel ayının 15-dən sonra muxtar respublikanın elektrik enerjisinə olan tələbatı 100 faiz bərpa olunan enerji mənbələri - su və günəş elektrik stansiyaları hesabına ödənilir”.

Bir faktı da qeyd edim ki, sovetlər birliyi dövründə belə bir yanlış fikir formalaşmışdı ki, güya bizim mütəxəssislər belə mürəkkəb sahələrdə çalışmağa qadir deyillər. Hər hansı bir stansiyada adi nasazlıq olanda digər respublikaların mütəxəssislərinə müraciət edirdilər. Lakin indi fərəhlə deyə bilərik ki, nəinki xırda qüsurlar, hətta hidroturbinlərin əsaslı təmiri də öz mütəxəssislərimizin əli ilə aparılır.

...Dəryaçanı seyr edirəm. Gölün mavi suları sakit olsa da, maşınların səsi pozur bu sükutu, hər tərəfdə əks-səda yaradır. Bir az aşağıdakı paylayıcı göldən qidalanan sağ və sol sahil kanalları ilə axan su isə bol məhsuldan xəbər verən tarlalara üz tutur. Beləcə, Arpaçaydan yeni bir səs gəlir qulağıma. Bu səs daha işıqlı, daha xoş günlərimizdən soraq verir.

İbrahim Yusifoğlu

“Şərurun səsi” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: