İyunun 17-si Tibb İşçiləri Günüdür

A- A A+

NUHÇIXAN xəbər verir ki, hər il iyunun 17-si xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Həmin gün öz mənbəyini Azərbaycan Xalq Cümhuriyyətindən götürür. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan edəndən az sonra Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçüb. Səhəri gün hökumətin kabinəsində ilk Səhiyyə və Sosial Təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırılıb.

Əsrdən artıq müddətdə Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Ölkəmizdə 640-dan artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Ötən ilin statistikasına görə, hazırda ölkəmizdə 31,9 min həkim, 52,9 min tibb işçisi əhalinin sağlamlığı keşiyində dayanır. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır.

Ömürlərə ömür calamaq, ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Elə bu nəcib peşələrinə görə tibb işçiləri hər cür hörmət və ehtirama layiqdirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: