Tikanlı kəvər sarılıq xəstəliyinin müalicəsində əvəzsiz vasitədir

A- A A+

Tikanlı kəvər əsasən qarışqa və həşəratlar vasitəsilə çoxalır. Onun toxumları böyük həşəratlar tərəfindən qaya və daş yarıqlarının arasına daşınaraq yayılmasına səbəb olur. Yarımkol bitkisi hesab olunan tikanlı kəvər dərin kök sisteminə malikdir, hətta bir ildən sonra yerüstü hissəsi quruyur, növbəti il yenidən cücərir. İri və ağ rəngli çiçəklərinin heç yerdə müşahidə olunmayan spesifik xoş ətri var. May-iyun aylarında çiçəkləyir, meyvələri isə avqustda yetişir.

NUHÇIXAN xəbər verir ki, bitkinin adına ilk dəfə “Gilqamıs dastanı”nda rast gəlinir. XIX əsrin axırlarında Rusiyada yaşayan fransız əsilli kulinar Lüsyen Olivyenin kəşf etdiyi və indi də ”paytaxt salatı” adı ilə bayram süfrələrini bəzəyən “Olivye” salatının orijinal reseptində tikanlı kəvər meyvələri də var idi.

Tünd və spesifik dada malik kəvərin kiçik meyvələri daha tamlı və qiymətli olur. Bitkinin çiçəkləri, meyvəsi, toxum və kökləri dərman kimi istifadə olunur. Bəlğəmi durulaşdırır və xaric edir, diş ağrılarını aradan qaldırır. Qanazlığı zamanı tikanlı kəvərin meyvələrindən hazırlanan mürəbbə və marmeladdan istifadə edilir. Onun kökündən hazırlanan spirtli tinktura qanda trombositlərin sayını artırdığına və laxtalanmanı sürətləndirdiyinə görə xroniki qanaxmalar zamanı faydalıdır. Yetişməmiş meyvə və tumurcuqlarından sirkə və yaxud duzla hazırlanan turşu onkoloji xəstəliklərin profilaktikası və müalicəsində istifadə olunur.

Tikanlı kəvərin yeni qönçələyən çiçəkləri saplaq və çiçək ayası üstündə olmaq şərtilə dərilir, 6-7 ədədinin 5 stəkan suda dəmlənilərək çay kimi qəbul edilməsi sarılıq xəstəliyinin müalicəsində əvəzolunmaz vasitədir. Meyvələri toplanır, saplağı kəsilərək şirəsi sıxılır, böyrək daşlarını əritmək üçün gecə yatmazdan əvvəl 1 stəkan şirə qəbul edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: