“Sabahın sorağında” romanında Azərbaycan müəlliminin obrazı

A- A A+

Xalq yazıçısı Hüseyn İbrahimov yarım əsrdən artıq davam edən zəngin yaradıcılığı ilə ədbəbiyyatımızın və ictimai fikrimizin inkişafında mühüm xidmətləri ilə seçilən məhsuldar yazıçı kimi xüsusi hörmət və nüfuz qazanıb. Maraqlı hekayələri, povestləri, pyesləri və romanları ilə Azərbaycan ədəbiyyatına sanballı töhfələr verib.

Ədəbi fəaliyyətinə 1944-cü ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunan şeir ilə başlayıb, sonralar yaradıcılıq taleyini həmişəlik olaraq epik ədəbiyyata bağlayıb. Müxtəlif nəsr janrlarında yazıb-yaratsa da, hekayə janrına bütün yaradıcılığı boyu müraciət edib. Yazıçının qələmə aldığı çoxcəhətli əhvalat və obrazların mərkəzində əsasən ləyaqət meyarı dayanır.

Hələ 50-ci illərdə yazdığı “Sabahın sorağında” romanı Hüseyn İbrahimovun bu janrda qələmə aldığı ilk əsəridir. Yazıçı əsərdə kənddəki yeniliyi göstərmək, müəllimlərin işini, yaşayış tərzini, yenilik uğrunda mübarizəsini təsvir etmək istəyirdi.

“Sabahın sorağında” romanı kənd ziyalılarının keşməkeşli taleyini geniş miqyasda ədəbiyyatımıza gətirən ilk əsərlərdəndir. Romandakı qocaman, nümunəvi kənd ziyalısı, əsl xalq müəllimi Mirzə Mahmud saf əqidə sahibi olan Zeynal Günəşli, Firəngül müəllimə kimi insanlar kənddə sinfi qəhrəmanları, yaxud “sosializm yarışı” qaliblərini təqdim etməyə köklənmiş həmin dövr nəsrimiz üçün yeni insanlar idilər.

Yazıçı yeni simanı müəyyən edərkən ictimai münasibətləri deyil, şəxsiyyət amilini ön mövqeyə çəkib öz qəhrəmianlarının daxilindəki böyük sabahları yaratmaq imkanlarını məharətlə açıb gös­tərə bilirdi. Ədəbi tənqidin “Sabahın sorağında” romanına yüksək qiymət verməsi həm də bu səbəblə bağlıdır.

Akademik Məmməd Arif hələ 1967-ci ildə “Sabahın sorağında” romanını nəzərdə tutaraq yazırdı: “Müəllifin müsbət qəhrəman uğrunda axtarışları, mənəvi intellektual keyfiyyətlərə malik surətlər yaratmaq dəyərli təcrübədir. Yazıçı səmimiyyətlə təsvir etdiyi təmiz insanları oxucusuna sevdirə bilir. Əsərdə əsasən kənd məktəbi və burada çalışan müəllimlərin həyatı təsvir olunur. Romandakı qəhrəmanların demək olar   əksəriyyəti müəllimlər, məktəb xidmətçiləri, şagirdlər və valideynlərdir. Hüseyn İbrahimov kolxoz kəndində şagirdlərə dərin bilik vermək uğrunda öz rahatlığından keçən müəllimin, məktəbin şərəfli adını yüksəklərə qaldıran, bunu özünün şanı, şöhrəti, idealı hesab edən nəcib və xeyirxah adamlarla yanaşı, müəllim, tərbiyəçi adını ləkələyən, şəxsi mənafeyini hər şeydən üstün tutan əxlaqca pozğun, mədəniy­yətsiz, təlim-tərbiyə işinə barmaqarası baxan, el malını dağıdan, vicdanı ləkəli əliəyriləri göstərib, onların çirkin əməllərini ustalıqla ifşa edib”.

Kolxoz sədri Şükür, hesabdar Qəşəm, kitabxanaçı Nardanə, məktəb direktoru Qulam, bədən tərbiyəsi müəllimi Qafar belələrindəndir. Vəzipərəstlik, qohumbazlıq, ikiüzlülük, heç bir əxlaq normasını gözləməmək bu adamların əsas xüsusiyyətidir.

Əvvəlcə Mirzə obrazından başlayaq: Mirzə Mahmud həyatını xalq maarifinə həsr etmiş, Ceyranlıda ilk məktəb açan, ilk zəngi çalan qocaman maarif xadimidir. O, pensiyaya çıxsa da, bir ayağı məktəbdədir. Məktəbin keçirdiyi elə bir tədbir olmaz ki, Mirzə orada iştirak etməsin. Raykom katibi məktəbə təzə direktor göndərəndə də onunla məsləhətləşir, maarif şöbəsinin müdiri kəndə gələndə onun məsləhətlərini eşitməmiş geri dönmür.

Romanda diqqəti cəlb edən surətlərdən biri də Zeynal Günəşlidir. Zeynalın Ceyranlıya gəlməsi, müəllimlik fəaliy­yətinə başlaması ilə kənddə  gərgin münaqişələr, narahatçılıqlar başlayır. İxtisası ədəbiyyat müəllimi olan Zeynal oxucunun gözləri önündə mahir tarçalan, yeri gələndə traktoru idarə etməyi bacaran, təmiz məhəbbətə sahib, kolxozdakı əliəyriləri ifşa edən, prinsipial, ciddi bir adam kimi canlanır. Zeynal surəti öz hərəkəti və davranışı ilə fərqlənən dərs hissə müdirinin ümumiləşdirilmiş obrazıdır. Müsbət obrazlar sırasında Firəngül də xüsusi yer tutur. O, təmiz məhəbbətlə sevən bir qadın, qayğıkeş müəllim, alicənab insan kimi təsvir edilib. Firəngülün məktəblə bağlı ictimai fəaliyyəti və kənddəki bir qrup tufeyli ilə mübarizəsi də göstərilir. Firəngülü Zeynal da sevir, Qafar da. İdman müəllimi, həmişə kənddə sərxoş görünən, hörmətini itirən Qafar Firəngülün eşqinə düşəndən sonra uşaqlarından və arvadından üz döndərib. Müəllif onun yüngül əxlaqını maraqlı və inandırıcı epizodlarla göstərə bilir. Raykom katibi Nəsirzadə, maarif müdiri Tovuz bacı əsərdə az görünsələr də xeyirxah işləri, qayğıkeşlikləri ilə oxucuların yadında qalırlar. Məktəb direktoru Qulam da öz xarakteri ilə fərqlənir. Romanda Qulamın vəzifə hərisliyi, mədəniyyətsizliyi, məktəbə yad baxması öz təbii əksini tapıb.

Hüseyn İbrahimovun yaradıcılığı həm də sadə insanların sorağında olan müasir ruha malik bir yazıçının zəngin ədəbi irsindən ibarətdir. Sərt sovet ideologiyası dövründə gerçək həyat hadisələrini və sadə insanların həyatını realist şəkildə təqdim etmək vəzifəsini uğurla həyata keçirmiş Hüseyn İbrahimovun əsərləri bu gün də nəcibliyin keşiyində dayanan, böyük ədəbiyyatın mükəmməl nümunəsi kimi oxucunu həyata, müasirliyə, mənəviyyata çsəsləyir.

 

Türkanə Abdullayeva,

Şərur Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: